“İlham Əliyev qalibiyyət tarixi yazır” - Deputat
26 Okt 2020 20:01
681

“İlham Əliyev qalibiyyət tarixi yazır” - Deputat

İlham Əliyev kənar qüvvələrin himayəsi ilə yazılan məğlubiyyət tarixini silib, onun yerinə qalibiyyət tarixini yazır.

Azərbaycan Prezidentinin xalqa növbəti müraciəti, dövlət başçımızın ölkə vətəndaşlarına daha öncəki xitabları kimi tarixdə qalacaq və öz xalqının, dövlətinin maraqlarını cəsarətlə, qətiyyətlə, yüksək prinsipiallıqla müdaifə etməyin nümunəsi kimi daim xatırlanacaq.

Yenisabah.az xəbər verir ki, bunu millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

Millət vəkili Prezident İlham Əliyevin müraciətinin təkzibolunmaz tarixi faktlarla zəngin olduğunu bildirib: “Hansı ölkədə yaşamasından, hansı xalqı təmsil etməsindən asılı olmayaraq, ədalət hissini, vicdanını itirməyən, müstəqil düşünməyi və nəticə çıxarmağı bacaran istənilən insan, hesab edirəm ki, cənab Prezidentin müraciətini dinlədikdən sonra bu gün baş verənlərin gerçək mahiyyətini anlaya bilər."

Azər Kərimli İlham Əliyevin dövlət başçısı olduğu bir ölkənin vətəndaşı olmaqdan, bu tarixi zaman kəsiyində onun öz xalqı, Vətəni üçün göstərdiyi misilsiz xidmətlərə şahidlik etməkdən qürur duyduğunu bildirib: “Bu gün təkcə Azərbaycan Respublikasının vətəndaşları deyil, bütün dünya azərbaycanlıları, Azərbaycanı sevən hər kəs Ali Baş Komandanın nümayiş etdirdiyi sərkərdəlik bacarığından, siyasi liderlik qabiliyyətindən, diplomatik məharətindən qürur hissi keçirir, onun hər sözünü, hər cümləsini böyük fəxarətlə təkrarlayır. Şübhə etmirəm ki, böyükdən kiçiyə hər bir Azərbaycan vətəndaşı hər anı mərdlik, kişilik, vətənpərvərliklə yoğrulan tarixi günlər yaşadımızın fərqindədir”. 

Millət vəkili qeyd edib ki, Azərbaycan xalqının öz liderinə olan inamı və sevgisi Prezident İlham Əliyevin Vətəninə, dövlətinə, onun hər bir vətəndaşına olan sevgisindən qaynaqlanır: “Azərbaycan Prezidenti, Ali Baş Komandan bu gün yalnız torpaqlarımızın azad edilməsi prosesinə rəhbərlik etmir, Azərbaycan xalqının minillər boyu qürur yerinə, istinad mənbəyinə çevriləcək tarix yaradır! İlham Əliyev kənar qüvvələrin himayəsi ilə yazılan məğlubiyyət tarixini silib, onun yerinə qalibiyyət tarixini yazır”.  /Modern.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər