İlham Əliyevin Şuşadakı fotosunun tarixi
30 Okt 2020 09:49
3568

İlham Əliyevin Şuşadakı fotosunun tarixi

Şanlı Azərbaycan Ordusu 27 ildir düşmən tapdağı altında qalmış doğma torpaqlarımızda uğurlu hərbi əməliyyatlar nəticəsində düşmənə ağır zərbələr vurmaqda davam edir.  Bu əməliyyatlar sayəsində yaşayış məntəqələrimiz bir-birinin ardınca işğaldan azad edilir. Cəbrayıl, Füzuli, Hadrut, Zəngilan, Qubadlı... Qələbə əhval-ruhiyyəsinə köklənən Azərbaycan xalqı müzəffər Ordumuzun bu gün-sabah Laçın, ardınca Şuşadan xəbər verəcəyini səbirsizliklə gözləyir. 

Cəbhədəki vəziyyəti nəzərə alan Modern.az saytı “Bir şəklin tarixçəsi” rubrikasında növbəti fotonu təqdim edib. O foto ki, hamımızın gedə biləcəyimiz günü səbirsizliklə gözlədiyimiz Şuşa şəhərilə bağlıdır.

Zaman 1982-ci il iyul ayının 29-u... Məkan Şuşa şəhəri... Həmin dövrdə Azərbaycan KP MK-nın 1-ci katibi olan Heydər Əliyev bir qrup mədəniyyət və incəsənət xadimi ilə Şuşada keçirilən Vaqif poeziya günlərində iştirak edib. Bu şəkil də tədbir ərəfəsində Şuşa şəhərinin gəzintisi zamanı lentə alınıb.

Həmin tarixi anlarda hazırkı dövlət başçımız, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də Vaqif poeziya günlərinin iştirakçısı kimi gəncliyinin ən mənalı günlərini yaşayaraq, Azərbaycanın dilbər guşəsi olan Şuşanı seyr edənlər arasında olub. Qeyd edək ki, həmin dövrdə İlham Əliyevin 21 yaşı var idi.

Xatırladaq ki, erməni millətçilərinin 1967-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətində, Xankəndi şəhərində törətdikləri məlum cinayətlər zamanı, o dövrdə Azərbaycan DTK-nın sədri olan Heydər Əliyevin qətiyyəti nəticəsində cinayətkar erməni qrup ifşa olunaraq layiqli cəzalarını alıblar. Bu hadisədən sonra, artıq respublikaya rəhbərlik etdiyi dövrdə Heydər Əliyev vilayətə və onun mərkəzi olan Xankəndi şəhərinə xüsusi diqqət ayırıb.

Təsadüfi deyil ki, 1973-cü ildə vilayətin yaranmasının 50 illik yubiley tədbiri ilə Xankəndi şəhərində keçirilən iclasda - bayram tədbirində Heydər Əliyev bir daha öz qətiyyətini nümayiş etdirərək yersiz torpaq iddiaları olan ermənilərə bir cümlə ilə fikrini bildirib:

“Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın ayrılmaz hissəsidir və ayrılmaz hissəsi olaraq qalacaq...”.

Bununla da, millətçi ermənilər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə planlarını həyata keçirə bilməyiblər. Heydər Əliyevin təşəbbüsü ilə bir çox tədbirlərin vilayətdə keçirilməsi, xüsusilə də görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileylərinin məhz Qarabağda təşkil olunması, müxtəlif konfrans və festivalların bu məkana salınması ermənilər üçün arzuolunmaz hal idi.

“Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyimiz fotoşəkil də buna əyani sübutdur.

Bu şəklin yeniləşəcəyi günə, Şuşanın çal-çağıırlı çağlarına yenidən qovuşacağımız vaxta çox qalmayıb. Prezident İlham Əliyevin qətiyyəti və Azərbaycan ordusunun gündən-günə artan qüdrəti bunu deməyə tam əsas verir...

İlham Əliyevin Şuşadakı fotosunun tarixi
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər