“İmam Hüseynin 40-nı keçirtmək peyğəmbərə 40 keçirtmək kimidir”

saytların hazırlanması

Evə çatdırılma

“İmam Hüseynin 40-nı keçirtmək peyğəmbərə 40 keçirtmək kimidir”

Din

03 Sentyabr 2022 17:58 8473


Qarşıdan (sentyabrın 17-si) imam Hüseynin(r.a) şəhid olunmasının 40-cı günü gəlir. Bu günü müsəlmanların şiə kəsimi xüsusi qeyd edir, xütbələr oxunur, ehsanlar verilir.

İslam dinində bu günün dəyəri ilə bağlı Qaraçuxur məscidinin icma sədri, şiə imamı seyid İlyas Nəzərovla danışdıq.

İmam əvvəlcə, bununla bağlı ümumi məlumat verdikdən sonra bildirdi ki, imam Hüseynin (r.a) 40-nı keçirtmək Məhəmməd peyğəmbərə (s.ə.v) 40 keçirtmək kimidir:

”Biz insanlara bu günlə bağlı nələrisə məsləhət bilə bilmərik, amma yalnız peyğəmbər (s.ə.v) əhli beytinin hədislərini deyə bilərik. Quranın, dinin yaşaması üçün imam Hüseyn (r.a) şəhid oldu. Aşura islamı qoruyub saxladı. Ərbəin də Aşuranı qorudu. Ərbəin "40" deməkdir. İmam Hüseynin (r.a) bacısı xanım xanım Zeynəb İmam Hüseynin qəbrini ziyarət etməsiylə 40 mərasimlərinin banisi oldu. Peyğəmbər (s.ə.v) əhli beytini sevənlər, onun nəvəsinə ehtiram edən, hörmət bəsləyənlər imam Hüseynin (r.a) "40"nı qeyd edirlər. İnsanın bir əzizi dünyasını dəyişəndə ona ehtiram edildiyi, əsgərlərimiz şəhid olanda onlara hörmət ehtiram etdiyimiz nöqteyi-nəzərindən də peyğəmbərə hörmət edən hər bir müsəlman peyğəmbər nəvəsi üçün bu mərasimləri keçirməlidir. 6-cı imamımız Cəfəri Sadiq (r.a) "İmam Hüseynə "40 keçirmək" peyğəmbər (s.ə.v)-nın da ölümünün 40-cı gününün keçirilməsi kimidir", və bunun savab qazandırdığını deyir".

İmamın söylədiyinə görə, 40 mərasimi digər peyğəmbərlər və imamlar üçün keçirilmir:  

"Peyğəmbərlər və və digər imamlar üçün 40 mərasiminin keçirilməsi yoxdur. Bunun da mənası peyğəmbər (s.ə.v) ailəsinin "əhli-kisa" olmasındadır. Yəni, əba-altına cəm olan insanlar "əhli-kisa" adlanır. Peyğəmbərimiz (s.ə.v) Yəməndən qızı Fatimənin (r.a) evinə gəlir. İstirahət edəndə üstünə əba salınır. İmam Hüseyn (r.a), imam Həsən (r.a), Fatimə (r.a), imam Həsən (r.a) bu əbaya bürünürlər. Bu an peyğəmbərimizin (s.ə.v) həyat yoldaşı Ümmü Sələmə ondan əhli-beytdən olub-olmadığını soruşur, o da "xeyr, Allah sənin xeyirini versin" deyir.  "Kisa" ərəb dilində "əba" deməkdir. Yəni, "Kisa əhli" əbaya bürünən imam Əli(r.a), Fatimeyi-Zəhra(r.anhə) imam Həsən (r.a) və imam Hüseyndir (r.a)-dır. Peyğəmbər (s.ə.v) bu şəxsləri öz əbasının altına cəm elədi. Sonra Qurani- Kərimin 33-cü surəsi olan "Əhzab" surəsinin 33-cü ayəsi nazil oldu. Bu surənin bu ayəsiylə Allah bizə Əhli-beyti təqdim elədi. Başqa sözlə, o surənin 33-cü ayəsiylə bizə "Əhli-beyt" tanıdıldı. O şəxslərə də istinadən, bu ayədə "Allah sizi pak görmək istəyir, və sizi bütün çirkinliklərdən uzaq etmişdir" Allah bildirmişdir. 

Sualınıza gəldikdə isə, imam Hüseyn (r.a) dünyasını dəyişəndə bu "kisa" əhlindən heç kəs yox idi. Təkcə, o var idi. Qalanları isə dünyasını dəyişmişdi. Peyğəmbərdən(s.ə.v) sonra 4 nəfər əhli beytdən hesab olunur. Bu 4 nəfər "əhli-beyt" də bayaq dediyim "kisa əhli"dir. İmam Hüseyn (r.a) həyatda olanda bu şəxslər haqq dünyasında idi. Buna görə də biz yalnız onun "40"nı keçirməklə kifayətlənirik. 

Onun şəhadətliyinin 40-cı günü hətta, peyğəmbərin (s.ə.v) səhabəsi gözdən əlil, 93 yaşlı Cabir ibn Abdullahi Ənsari (r.a) də imam Hüseynin (r.a) "ərbəin" ziyarətində iştirak edirdi. Yəni, bunu hətta, peyğəmbərin (s.ə.v) səhabəsi də edib. Onun səhabələrinin etdiklərinə gərək, bütün müsəlmanlar hörmət etsinlər. O, onun qəbir üzərində "Ey Hüseyn, kaş, mən də Kərbəlada olardım" demişdi. Həmçinin, imam Əlinin (r.a)qızı və imam Hüseynin (r.a)-nın da bacısı xanım Zeynəb (r.anhə) digər əsrlərlə birlikdə imamımızın "ərbəini" ni ziyarət ediblər".

İlyas Nəzərov sonda fikirlərini belə yekunlaşdırıb:

"İmam Hüseyn (r.a)  dini, şəriəti  şəhadətiylə qoruyub saxladı. Aşuranın mahiyyəti də budur. "Kərbəla faciəsi"ndən sonra müsəlmanlar ayıldılar. Onlar Yezidin kim olduğunu başa düşdülər. O vaxta qədər insanların bu barədə məlumatları yox idi. Təbliğat belə idi ki, guya Yezid onun üzərinə qalxan, ona qarşı çıxan bir nəfər xaricini öldürüb. Adamlar imam Hüseyni (r.a) xarici bilirdilər. Yezid onu öldürəndən sonra Kərbəlada da dəfn eləməyi istəyirdi. Bayaq vurğuladığım "Aşuranı Ərbəin qorudu" fikrinin mənası budur. Yəni, Aşura hadisəsi baş verəndə Kərbəlada faciə zamanı öləndə onları dəfn eləmədilər. İslami qaydaya görə, müsəlmanı müsəlman dəfn eləməliydi. Onların dəfn etməməsinin səbəbi çölün vəhşi heyvanlarının meyitləri yemələrini istəmələri idi. Yezid onların qəbirlərinin bilinməsini də istəmirdi. Ümumiyyətlə, islam tarixindən silmək istəyirdilər. Amma sonradan xanım Zeynəbin (r.a)-nın Şamda xütbəsi, 4-cü imam Səccadın (r.a)-nın xütbələri müsəlmanları ayıltdı. Onlar imamızın kim olduğunu, digərlərinin məqsədlərini müsəlmanlara danışırdılar. Müsəlmanlar da bu xütbələrdən sonra həqiqətlərin başqa formada olduğunu dərk etdilər".

İmamət İSMAYILOVA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!