“İrəvan öz əsgərlərinin məhvinin qarşısını almaq üçün…” –  Müsahibə 
27 Okt 2020 15:14
10338

“İrəvan öz əsgərlərinin məhvinin qarşısını almaq üçün…” – Müsahibə 

Sentyabrın 27-dən Qarabağda başlayan yeni eskalasiya ATƏT-in Minsk Qrupunu hərəkətə gətirib. 30 il ərzində Ermənistanın destruktiv davranışlarına, hətta “iyul təxribatı”na, İrəvanın Qarabağda qanunsuz məskunlaşdırma siyasətinə göz yuman Minsk Qrupunun həmsədrləri Azərbaycan Ordusunun Qarabağda başladığı  əks-hücum əməliyyatından sonra fəllaşıblar. 

Artıq Qarabağda status-kvonun dəyişməsinə baxmayaraq, Minsk Qrupupunun həmsədrləri yenə də baza prinsiplərindən danışırlar. Mövcud reallıq isə nəinki baza prinsiplərinin, hətta ATƏT-in Minsk Qrupunun belə, əhəmiyyətini itirdiyini göstərir. Bu halda həmsədr ölkələrinin 30 ildə heç bir irəliləyişin əldə olunmadığı danışıqlar formatından və baza prinsiplərindən danışması təəccüblü görünür. Azərbaycanın keçmiş Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarlı deyir ki, həmsədrlərin açıqlamaları sadəcə özlərinin varlığını göstərmək məqsədi daşıyır:  

- Təəssüflər olsun ki, ATƏT-in Minsk Qrupu dəyişmir. 30 ilin ərzində onların fəaliyyəti nəticəsində münaqişənin həllində hər hansı irəliləyişə nail olmaq mümkün olmayıb. İndi də köhnə baxışları ilə hazırkı mərhələdə özlərinin varlığını göstərmək istəyirlər. Amma biz görürük ki, onların təsir imkanları sıfır səviyyəsindədir.

- Sizcə, format dəyişə bilərmi? Ümumiyyətlə, indiki formatla danışıqlar prosesini davam etdirmək olarmı?

- Daxildə gedən proseslər onu göstərir ki, Rusiya son illər Minsk Qrupunun həmsədri kimi daha aktiv oyunçu idi. İndisə Türkiyə fəallaşıb. Türkiyə tərəfindən verilən hərbi-siyasi bəyanatlar onu deməyə əsas verir ki, Ankara artıq münaqişənin aktiv bir regional oyunçusuna çevrilib. Fikrimcə, indi ən aktual format Rusiya-Türkiyə formatıdır. Ən azı Azərbaycan ictimaiyyəti bu formatı müsbət qəbul edəcək. 

Biz başa düşməliyik ki, danışıqlarda hansısa nəticələr əldə etmək üçün ən azı vasitəçilərə inam və etibar olmalıdır. Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistan cəmiyyətində Rusiyaya münasibət bir qədər dəyişsə də, yenə də İrəvanın Moskvaya etimadı qalıb. Azərbaycan ictimaiyyətində isə Lavrovun fəaliyyəti nəticəsində Rusiyaya mənfi münasibət var. Bunu balanslaşdırmaq üçün hesab edirəm ki, Türkiyə-Rusiya formatı faydalı ola bilər.

- Münaqişənin dinc yolla həlli ilə bağlı yenə də baza prinsipləri irəli sürülür. Qarabağda isə status-kvo dəyişib və baza prinsipləri faktiki olaraq əhəmiyyətini itirib. Danışıqlar prosesi bərpa olunacağı təqdirdə Bakı hansı formulu irəli sürməlidir?

- Bəli, Qarabağda artıq status-kvo dəyişib. Baza prinsipləri də müharibədən əvvəlki mərhələyə aid idi. Təmas xətti yaradılmışdı və 5+2 formulu ilə münaqişənin həllinə dair müzakirələr aparılırdı. Amma 30 il ərzində heç bir nəticə əldə olunmadı. Əslində, bu prinsipləri qəbul etməyən tərəf Ermənistan idi. İndisə vəziyyət dəyişib. Danışıqlarla yeni prinsiplərin ortaya çıxacağını istisna etmirəm. İstənilən halda Azərbaycan ilk növbədə ərazi bütövlüyü məsələsini qabartmalıdır. Çünki bu, Azərbaycanın qarşısına qoyduğu əsas məqsəddir. Yəni, heç bir halda ərazi bütövlüyünün pozulmasına imkan verilməməlidir.

- Ermənistanın Baş naziri bir tərəfdən danışıqlara hazır olduğunu bəyan edir, digər tərəfdən isə deyir ki, Dağlıq Qarabağda yaşayan ermənilərin öz müqəddəratını təyinetmə hüququ onlar üçün qırmızı xətdır. Onun fikrincə, beynəlxalq aləm bu hüquqa hörmətlər yanaşlamalı və qondarma rejimin müstəqilliyi tanınmalıdır. Paşinyan bunun Azərbaycan üçün qəbuledilməz olduğunu bildiyi halda mövqeyində israr edir. Düşünmək olarmı ki, Paşinyan bu mövqeyilə danışıqların baş tutmamasına çalışır və əgər belədirsə, məqsədi nədir?

- Azərbaycan hərbi imkanları vasitəsilə, daha açıq deyək, şəhidlərin qanı bahasına Qarabağda status-kvonu dəyişib. Artıq mövcud şərtlər Azərbaycanın xeyrinədir. Bu reallığı görməzdən gəlmək, köhnə prinsipləri ortaya atmaq, müharibədən əvvəl deyilənləri təkrarlamaq irreal baxışdır. Ermənistan tərəfi destruktiv mövqedən çəkinməlidir. İrəvan öz əsgərlərinin məhvinin qarşısını almaq üçün mövcud şərtləri və reallığı qəbul etməli buna uyğun konstruktiv mövqe sərgiləməlidir. Bunun baş verməməsi Paşinyanın böyük səhvi olar. O da mümkündür ki, Paşinyanın mövqeyi sadəcə daxili propaqandaya hesablanıb. 

- Azərbaycana təzyiqlər var. Ölkə başçısı da dünənki çıxışında beynəlxalq təzyiqlərin olduğunu dilə gətirdi. Bu münaqişəyə üçüncü ölkənin müdaxilə edə biləcəyini düşünənlərin arqumentlərini möhkəmləndirib. Siz necə düşünürsünüz, üçüncü ölkənin münaqişəyə hərbi müdaxiləsi baş verə bilərmi?

- Belə düşünənlər olsa da, əslində bu ehtimal çox azdır. Çünki Azərbaycan öz ərazisində müharibə aparır. Azərbaycan başqa dövlətin sərhədlərini pozmayıb, başqa bir ölkəyə təcavüz etməyib. Öz torpaqlarını işğaldan azad etməklə məşğuldur. Ona görə də üçüncü ölkənin müdaxiləsi ehtimalı çox azdır.

Digər tərəfdən, vasitəçilərin vəzifəsi münaqişənin həllinə yardımçı olmaqdır, kiməsə, harasa nəzarət etmək yox. Azərbaycan öz gücü ilə mövqeyini müdafiə edir. Ermənistan isə əksinə, çalışır ki, kimsə onun yerinə danışıq aparsın, yaxud savaşsın. Bu da mümkün olan şey deyil. 30 il ərzində bu prkatika olub.

Azərbaycanın dostları və tərəfdaşları regionda daha çoxdur. Ermənistan bu reallıqla barışmalıdır. Digər tərəfdən, Prezident dünənki çıxışında birmənalı şəkildə dedi ki, bizə təzyiqlər əsassızdır və heç bir xeyir verə bilməz.  

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər