İsmət Qayıbovun ailəsi ölkə rəhbərliyinə müraciət etdi - “Bon Appetit” qalmaqalı
16 Mart 2020 12:25
972

İsmət Qayıbovun ailəsi ölkə rəhbərliyinə müraciət etdi - “Bon Appetit” qalmaqalı

Azərbaycanın ilk Baş prokuroru, 1991-ci il noyabrın 20-də baş verən Qarakənd faciəsinin qurbanı olan İsmət Qayıbovun qızı Firuzə Qayıbova və nəvəsi Şəbnur Qayıbova Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib. 

Yenisabah.az xəbər verir ki, Qayıbovlar ailə biznesləri olan “Bon Appetit” mağazalar şəbəkəsi ilə bağlı yaranmış problemlə əlaqədar Mehriban Əliyevadan yardım istəyirlər.

“1998-ci ildə ailə üzvlərimiz tərəfindən təsis edilmiş ölkənin ilk şirniyyat brendi olan “Bon Appetit” mağazalar şəbəkəsi əlimizdən çıxdı, bütün əmlaklarımıza həbs qoydurulub, bu azmış kimi, keçmiş şərikimiz Fuad Allahquluzadə şirkəti çökdürdüyü halda məhkəməyə müraciət edərək bizdən 770 min manat təzminat tələb edir”, -deyə müraciət müəllifləri bildirir.

Qayıbovların sözlərinə görə, “Bon Appetit” mağazalar şəbəkəsi onun nənəsi Leyla Qayıbova, anası Bahar Qayıbova, bibisi Firuzə Qayıbova və digər yaxınları tərəfindən qurulub.

2001-2019-cu illərdə mağazalar şəbəkəsi Şəbnur Qayıbovanın anası tərəfindən idarə olunub. Lakin son dövrlərdə anasının biznesi tək başına idarə etmək imkanı olmayıb: “Bu məqsədlə bizə kömək etməsi üçün Fuad Allahquluzadə ilə şərik olmağa qərar verilir.

Ümidimiz ona idi ki, Fuad Allahquluzadə komandası ilə birgə biznesin vəziyyətini yaxşılaşdıracaq, gəlirlər artacaq. Lakin Fuad Allahquluzadə və direktor təyin etdiyi Rüfət Dadaşov 1 ildən az vaxt ərzində şirkətin hesabından 320 min manatdan artıq vəsait mənimsədi.

Yuxarıda qeyd etdiyimiz kimi, bundan sonra şərikimiz Fuad Allahquluzadə şirkəti müflis vəziyyətə saldığı halda məhkəməyə müraciət edərək bizdən 770 min manat təzminat tələb etməkdədir”.

Müraciət müəllifləri yazır ki, Fuad Allahquluzadə vəzifə mövqeyindən və əlaqələrindən sui-istifadə edir: “Sadəcə, yüksək ranqlı məmurlarından adından istifadə edərək bizi çıxılmaz vəziyyətə salıb, bütün əmlaklarımıza həbs qoydurub.

Fuad Allahquluzadənin adamı Rüfət Dadaşov direktor işlədiyi 9 aya yaxın dövr ərzində özünün yarıtmaz və qanunsuz fəaliyyəti nəticəsində müəssisənin maddi mənafelərinə, işgüzar nüfuzuna və biznes fəaliyyətinə ciddi ziyan vurub.

Şirkətin bank hesablarından qanunsuz olaraq 144 min manatdan artıq vəsaiti məxaric edərək, mənimsəyib.

“Bon Appetit” ilə “Bravo” marketlər şəbəkəsi arasında qənnadı məhsullarının alqı-satqısı üzrə uzunmüddətli, uğurlu biznes müqaviləsi var idi. Lakin Fuad Allahquluzadənin “kadrı” Rüfət Dadaşovun “xüsusi səyləri” və məsuliyyətsizliyi nəticəsində bu əməkdaşlıq dayandı. 

Düşdüyümüz bu vəziyyətlə əlaqədar prezident İlham Əliyevdən və hörmətli Mehriban xanımdan xahiş edirik ki, bizi qəbul etsinlər, dərdimizi dinləsinlər, köməklik göstərsinlər.

İnanırıq ki, bizi qəbul etsələr, haqlı və haqsız tərəfin kim olduğu üzə çıxacaq. Çünki Mehriban xanım həmişə vətəndaşların müraciətlərinə həssasdır, minlərlə çarəsiz, köməksiz insana yardım göstərib.

Ümidvarıq ki, rəhmətlik şəhid babamız İsmət Qayıbovun bu vətən üçün xidmətləri nəzərə alınaraq, ehtiram göstərilərək, onun ailə üzvlərinin üzləşdiyi bu çətinliklə bağlı ölkə rəhbərliyi bizə diqqət ayıracaq”.

Oxşar xəbərlər