Bakıda ictimai nəqliyyatda sərnişindaşıma fəaliyyəti ilə bağlı sərnişinlərin kəskin narazılığı və şikayətləri səngimək bilmir.
“Yeni Sabah” xəbər verir ki, sosial şəbəkələrdə paylaşım edən Vüsalə Hacıyeva adlı sərnişin paytaxtda fəaliyyət göstərən 4 nömrəli müntəzəm marşrut xəttində çalışan sürücünün təhlükəli və etikadan kənar davranışları barədə həyəcan təbili çalıb.
Şikayətçi bildirir ki, sözügedən marşrut üzrə hərəkət edən avtobuslar uzun intervalla işləməklə yanaşı, sürücülərin idarəetmə üsulu da sərnişinlərin həyatını böyük riskə atır. Sərnişinin sözlərinə görə, sürücü yol boyu digər nəqliyyat vasitələrinin sürücüləri ilə mübahisə edib, tıxacda və işıqforun qırmızı işığında fasiləsiz siqnal verərək ətrafdakılara psixoloji təzyiq göstərib. pizza
Ən dəhşətli insident isə piyada keçidində yaşanıb. Piyadalar üçün yaşıl işıq yandığı halda avtobus yüksək sürətlə hərəkətini davam etdirib və son anda tormoz verərək piyadaların üzərinə çıxmaqdan son anda yayınlb. Ərazidə olan Yol Patrul Xidməti (YPX) əməkdaşı sürücüyə yaxınlaşaraq qayda pozuntusuna görə xəbərdarlıq etmək istədikdə, sürücü polisi təhqir edərək nəqliyyat vasitəsini sürətlə sürüb ərazidən uzaqlaşıb.
Sərnişinlər avtobusların yüksək sürətlə döngələrə daxil olduğunu, salon daxilindəki vətəndaşların təhlükəsizliyinin tamamilə hiçə sayıldığını vurğulayırlar. Vətəndaşlar aidiyyəti qurumlardan və daşıyıcı şirkətdən bu tür psixoloji problemləri olan və sürücülük etikasına riayət etməyən şəxslərin işə götürülməzdən əvvəl ciddi tibbi və psixoloji müayinədən keçirilməsini, baş verən özbaşınalığa görə dərhal qanuni tədbirlər görülməsini tələb edirlər.
Nazim Hacıyev
Telegram kanalımız