7 İyul - 02:04
“İstedadın yoxdursa, get, işinlə məşğul ol, camaatın zövqünü korlama!“  - Xalq artisti

“İstedadın yoxdursa, get, işinlə məşğul ol, camaatın zövqünü korlama!“ - Xalq artisti

Mədəniyyət

27 May 2022 15:51 3747


Xalq artisti Fatma Mahmudovanın "Yeni Sabah"a müsahibəsi: 

- Fatma xanım, 2 illik pandemiya müddətindən sonra yaradıcılığa əvvəlki templə davam edə bilirsinizmi?

- Yaradıcılığımla bağlı hər şey əladır, hələ ki gözüm görür, qulağım eşidir, yeriyə, səhnəni idarə edə bilirəm. Tamaşaçı məni sevir, bu mənim üçün hər şeydir. Çox sevinirəm ki, səhnədəyəm, yaradıcılığımla məşğulam, bir-birindən gözəl tamaşalarımız var, hazırlanmaqda da davam edir.

-Əvvəllər sizi tez-tez seriallarda görürdük, serial çəkilişlərinə davam edirsinizmi?

- Hələ ki, seriallara bir az fasilə verilib. İnşallah, o da davam edəcək, yəqin ki, dəvətlər alarıq. Elə məni tamaşaçı kütləsinə daha çox tanıdan Elməddin Cəfərovun “Bacanaqlar” serialı oldu. Həm məni, həm qızımı məhz bu layihə tanıtdı, hər ikimiz Musiqili Teatrda çalışırıq. Teatrda hər şey yaxşıdır. Teatrın rəhbərliyinə də təşəkkürümü  bildirirəm. Əliqismət Lalayev bizə çox yüksək səviyyədə qayğı və diqqət göstərir. Həm gənclərə, həm də yaşlı nəsilə bu qayğı göstərilir.

- Musiqili Teatrda yeni tamaşalar varmı, yoxsa köhnə tamaşalar oynanılır? 

- Bəli, yeni tamaşalar hazırlanır. Elə mayın 29-u mənim də iştirakımla Səid Rüstəmov və Məmməd Səid Ordubadinin “5 manatlıq klassik” tamaşamız  səhnəyə çıxarılacaq. “Bəxtiyar” tamaşasını da təhvil verdik.

- Bəs teatra əvvəlki maraq qalıb?

- Teatra maraq əvvəlkindən də çoxdur. Tamaşaçılar bizim üçün darıxıbmış. İnsanlar həqiqətən çox gəlir. Bizsiz boş səhnə, tamaşaçılarsız zal düşünmək olmaz. Tamaşaçı bizim yaraşığımızdır. Biz onlarla nəfəs alırıq. Musiqili Teatrda bir-birindən yaxşı tamaşalarla onların qarşısına çıxacağıq.

- Bu gün bəzi sənətçilər seriallara çəkilməkdən imtina edirlər. Bəzisi qonorarı, bəzisi ssenarini bəyənmədiyini deyir. Siz bu mövzuda nə düşünürsünüz?

-  Bilirsiniz, seriallardan çəkinmək lazım deyil. Bu çəkilişlərdən imtina etmək lazım deyil. Əgər bu rol sənə yaraşırsa, sənə şan-şöhrət gətirəcəksə, tamaşaçı səni bu rolla xatırlayıb sevəcəksə, bundan imtina etmək lazım deyil. Mən heç bir serialdan imtina etmirəm, əgər xoşuma gəlirsə, mənə yaraşan, gücümə, xarakterimə  uyğun roldursa, qəbul edirəm. Məsləhət olanda məni də dəvət edirlər, sağ olsun cavanlarımız.

- Gənclərdən kimlərlə çalışırsınız?

- Həmişə başda Elməddin Cəfərovun adını çəkirəm. Çünki o, bizim kimi sənətkarları qoymayıb ki, insanların yadından çıxaq. Nə qədər teatrda çalışsaq da serialların da bizim yaradıcılığımızda əhəmiyyəti böyükdür, inanın. Bu gün mənim qızım Nigar Tofiq də seriallarda rol alır. Hazırda “Uçurum” serialında rol alır. Bir müddət əvvəl Kənan MM də məni dəvət etdi, çəkildim. O serial da pis alınmayacaq, adı “Eşqə düşdük”dür. İnşallah, iyundan efirə gedəcək. Kənan MM-in işindən də çox məmnun qaldım. Onlar hamısı mənim balalarımdır, məni yaddan çıxmağa qoymur, mütəmadi çağırırlar. Hələ ki, səhnədəyik, şükür edirəm, amma görsəm ki, yaddaşımı itirmişəm, səhhətim imkan vermir onda gedəcəyəm. Mən sənətimi çox sevirəm. Hətta mənim ayağım 4-5 yerdən qırıldı, Elməddin Cəfərov məni serialdan uzaqlaşdırmadı, ayağım gipsdə çəkildim. Teatrda isə “Bankir adaxlı” tamaşasındakı rolumu  əlil arabası ilə  çıxıb oynadım. Səhnə bizim üçün bu qədər müqəddəsdir, doğmadır. Bu səhnə elə bir şeydir ki, istedadın varsa, atılmalısan, yoxdursa, get, işinlə məşğul ol, camaatın zövqünü korlama, qulağını yorma, ürəyini də sıxma!

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!