“Hesab edirəm ki, Azərbaycanın müvafiq qurumları o cinayətkara və sərhəd pozucusuna qarşı cinayət işi açmalıdır və nə vaxtsa imkan olanda o, həbs olunub Azərbaycan qanunları ilə cəzalandırılmalıdır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov deyib.
O, Ermənistanın baş prokuroru Artur Davtyanın Qarabağa qanunsuz səfər etməsi, habelə Xankəndidə qondarma rejimin “rəhbərliyi” ilə görüşünü şərh edib.
Millət vəkili bildiirb ki, onlar 30 ildən artıdıqdır ki, cinayətkarların yaratdığı “Artsax dövləti”ni qəbul edirlər və onun mövcudluğu üçün əllərindən gələni edirlər:
“Bunların səfələri də bunun üçündür. Sadəcə olaraq biz məsələyə belə baxmalıyıq: Hesab edirəm ki, Azərbaycanın müvafiq qurumları o cinayətkara və sərhəd pozucusuna qarşı cinayət işi açmalıdır və nə vaxtsa imkan olanda o, həbs olunub Azərbaycan qanunları ilə cəzalandırılmalıdır. Kim olur-olsun, dəxli yoxdur, istər Ermənistanın baş prokuroru olsun, istərsə də hər hansı bir donuz otaran erməni dığası. Əgər Azərbaycanın icazəsi və razılığı olmadan o kəs Azərbaycan ərazisinə daxil olubsa, bu, Azərbaycanın sərhədlərinin pozulması deməkdir. Yəni bu insan sərhəd pozucusu kimi dəyərləndirilməlidir və ona qarşı müvafiq tədbirlər görülməli, o, Azərbaycan qanunları qarşısında cavab verməlidir. Bu, məsələnin bir tərəfi”.
E.Məmmədovun fikrincə, məsələnin digər tərəfi də bundan ibarətdir ki, Artur Davtyan özbaşına Qarabağa səfər etmir:
“Onu oraya göndərirlər. İkinci bir tərəfdən, onun Qarabağa gəlməsi və oradan getməsi Rusiya hərbçilərinin nəzarəti və himayəsi altında baş verir. Əgər rus hərbçiləri onun gəlib-getməsinə şərait yaradırsa, ona şərait yaradan hərbçilər də Azərbaycan qanunlarını pozurlar və cinayət törədirlər. Həmçinin, Rusiya sülhməramlı kontingenti Azərbaycan ərazisinə daxil olduğu gündən Azərbaycan qanunlarını pozub cinayətkar əməllərlə məşğul olurlar. Bu da növbəti əməlləridir”.
Onsuz da bu “Laçın dəhlizi” adlandırılan dəhliz elə bünövrədən bizim başımıza bəla olub. Yəni bu dəhliz birmənalı olaraq bağlanmalıdır və bütün gediş-gəlişlər Azərbaycanın nəzarəti altında olmalıdır. Necə ki, bizim digər qonşu dövlətlərlə sərhədlərimizdə Azərbaycan sərhədçiləri dayanıblarsa, Ermənistanla olan sərhəddimizin həmin hissəsində də Azərbaycan sərhədçisi dayanmalıdır və Azərbaycanın sərhəd-buraxılış məntəqəsi olmalıdır. Ərazimizə gələn və ərazimizdən çıxan kim varsa, onların Azərbaycan qanunlarına tabe olaraq gəlib-getmələrinə icazə verilməlidir”.
“Rusiya hərbi kontingenti 10 noyabr 2020-ci il razılaşmasına əks işlər görür. Orada yazılmayıb ki, sülhməramlılar gəlib Azərbaycanla Ermənistan arasında sərhədçilik edəcək. Orada sadəcə olaraq göstərilib ki, bunlar Laçın dəhlizi adlanan ərazidə gediş-gəlişin təhlükəsizliyinə nəzarət edəcəklər, təminat yaradacaqlar. Onlara heç kim mandat verməyib ki, sən gəlib Azərbaycan sərhədçisinin funskiyasını yerinə yetir. Bu, onlar tərəfindən həyata keçirilən özbaşınalıqdır və Azərbaycan qanunlarının pozulmasıdır. Azərbaycan sərhədində yalnız Azərbaycan sərhədçisi dayanmalıdır, bundan sonra da kim gəlir, kim gedir, bu, Azərbaycanın icazəsi ilə olmalıdır. Nə qədər ki, bu, baş verməyib, belə qanun pozuntuları və xoşagəlməz hallar çox olacaq”, - deyə müsahibimiz yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız