Konstitusiya referendumuna ehtiyac varmı?  - Partiya liderlərindən  MÜNASİBƏT
19 Sen 2020 18:11
388

Konstitusiya referendumuna ehtiyac varmı? - Partiya liderlərindən MÜNASİBƏT

Azərbaycanda Konstitusiya dəyişikliyi üçün referendumun keçirilməsini vacib hesab edənlər var. Bəzi siyasi ekspertlər seçki sisteminin dəyişdirilməsi, proporsional seçki sisteminin bərpası, Milli Məclisdə yerlərin 125-dən 150-ə qədər artırılması, icra hakimiyyətlərinin ləğv olunması, bələdiyyələrin statusunun artırılması kimi məsələlərin referenduma çıxarılmasının tərəfdarı kimi çıxış edirlər. Onlar hətta Azərbaycanın siyasi idarəçiliyilə bağlı dəyişiklik etməyi vacib sayırlar. Bəzi iddialara görə, yaxın aylarda sadalanan məsələlərlə bağlı ictimai müzakirələrə başlana bilər.

Maraqlıdır, bu islahatlara gedilə bilərmi və referendumun keçirilməsi nə dərəcədə aktualdır?

Yenisabah.az xəbər verir ki, bu barədə Modern.az-a danışan Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli xatırladıb ki, Azərbaycanda son konstitusiya dəyişikliklərindən əvvəl də bu cür mübahisələr olub:

"Hər cür dəyişiklik gözlənilə bilər. Çünki Konstitusiyanın özü də doqma deyil, gələcəkdə dəyişə bilər. Təbii ki, xüsusi maddələr var, onlar heç cür dəyişə bilməz. Ancaq məsələ onda ibarətdir ki, hazırkı durumda aparıcı strukturlarda, mərkəzi icra hakimiyyəti, qanunverici hakimiyyətdə və digər yerlərdə bu məsələlər müzakirə olunmur. Referendumu yalnız politoloqlar, xüsusilə də müxalifət düşərgəsində olan şəxslər deyirlər. Əlbəttə, biz də zaman-zaman dilə gətirmişik. Amma indi Konstitusiya dəyişikliyi, referendum müzakirədə yoxdur. Bu sadəcə hansısa fikirlər, ideyalar və arzulardır. Yenə qeyd edirəm ki, gələcəkdə nə vaxtsa Konstitusiyaya dəyişikliyi zəruri ola bilər".

Tahir Kərimli Konstitusiyada dəyişikliklər olacağı təqdirdə, təkliflərini irəli sürəcəyini diqqətə çatdırıb: "Təbii ki, bizim də Konstitusiya dəyişiklikləri ilə bağlı arzularımız var. Məsələn, icra hakimiyyətlərinin işi ilə bağlı təkliflərimizi deyə bilərik. Məsələn, icra hakimiyyətləri qanunla yox, ayrıca əsasnamə ilə işləyirlər. Əslində hansısa rayona əsasnamə ilə rəhbərlik edilməsi əslində normal hal deyil. Amma əsasnaməni dəyişmək üçün Konstitusiyanı dəyişməyə ehtiyac yoxdur.

Yaxud, Azərbaycanın quberniyalara bölünməsi təklifi var idi. Bunu deyən insanlar başa düşməlidir ki, quberniya iqtisadi zona kimi qəbul edilə, hansısa lazımsız sosialist meyillərinə səbəb ola bilər. İqtisadi zonalar zatən var. Gələcəkdə prezidentin nümayəndəsi olaraq Rusiyadakı kimi iqtisadi zonalar üzrə valilər təyin oluna bilər. Sovetdən qalma inzibati bölgü - rayon, şəhər bölgüsü var və nzibati idarəçilik bu zonalar üzrə təmin olunub. Hələlik bu məsələlərə baxılmır. Mən özüm də xeyli təklif irəli sürmüşəm. Bunlara gələcəkdə baxıla da bilər, baxılmaya da bilər".

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun fikrincə isə, əgər ölkədə islahatlar nəzərdə tutulursa, ilk növbədə konstitusiyanın yenilənməsinə ehtiyac var:

"Çünki digər islahatlar məhz konstitusiyaya əsaslanmalıdır. Ölkədə siyasi partiyaların yenilənməsinə ehtiyac var və bunun üçün seçki sisteminin dəyişdirilməsi məqsədəuyğundur. Proportional seçki sistemi tətbiq edilə bilər. Burada qeyri-adi heç nə yoxdur. Demokratik bölgü təmin edilməlidir. Konstitusiya islahatları olmadan heç nə mümkün deyil. Əslinə qalanda parlament də buraxılmalıdır. Azərbaycanda o qədər dəyişdirilməli məsələlər var ki... ".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər