Kür niyə quruyur? 

saytların hazırlanması

Evə çatdırılma

Kür niyə quruyur? 

Sosial

23 Mart 2023 13:38 811


Son günlər Kür çayının Azərbaycandan keçən hissəsinin quruması ilə bağlı gedən informasiyalar sosial şəbəkələrin Azərbaycan seqmentində geniş müzakirələrə səbəb olub.

Bir sıra ekofəallar, habelə mütəxəssislər “Dəli Kür” adlanan çayın hazırda kiçik bir arxa dönüşməsini ekoloji fəlakətlə əlaqələndirsə də, həyəcan təbili çalan bəzi ekspertlərdən fərqli olaraq, digərləri məsələyə bir az loyal baxırlar.

Məsələn, Yenisabah.az-la söhbətində ekoloq Qorxmaz İbrahimov deyib ki, Azərbaycanın transsərhəd çaylarından iki böyük çay – Kür və Araz çayları ölkənin böyük miqdarda su ehtiyatını təmin edir:

“Kür çayı Azərbaycana daxil olarkən, hətta mənbəyindən qat-qat çox su kütləsi daşıyır. Yəni Türkiyə ərazisindəki mənbəyindən Azərbaycana gəlib çatana qədər daha böyük su ehtiyatı yığır. Amma Azərbaycan ərazisində çayın axarı istiqamətində getsək, görərik ki, çay Qazaxdan Neftçalaya qədər 800-900 km. məsafə qət edir. Sərhəddən Xəzərə qədər isə Kürün suyu mənsəbə doğru quruyur. Bəzi yerlərdə isə tamamilə susuz qalır. Eyni şeyləri Araza da aid etmək olar. Yəni Kür çayı Azərbaycana susuz girmir, çay dərəsi boş deyil, sadəcə biz çay dərəsindəki suyu düzgün istifadə etmirik. Bizim problemimiz buradadır”.

Mütəxəssis hesab edir ki, Azərbaycanda suya nəzarət edən qurumlar mümkün qədər daha çox nəzarəti gücləndirməlidirlər:

“Məsələn, Kənd Təsərrüfatı Nazirliyi suvarma və əkin sahələrinə baxmalıdır, çeşidlənmə aparılmalıdır. Bundan başqa, Ağstafada yerləşən Ceyrançöl normalda qışlaq əraziləridir. Köçəri həyat sürən insanlarımız – tərəkəmələr oraya heyvanlarını aparırlar. Bu gün isə o ərazilərin hamısında taxıl və digər kənd təsərrüfatı məhsulları əkilir. İlk olaraq da Kürün suyunu ora götürür”.

Ekoloq ümid edir ki, dövlət nəzarəti bunlara artırılarsa, su problemimiz demək olar ki, ortadan qalxar:

“Bu gün Azərbaycandan daha faciəvi vəziyyətdə olan Afrika, Asiya ölkələri ki var, onların su ehtiyatları çox qıtdır, amma bunu idarə edə bilirlər. Qardaş Türkiyədə isə böyük şəhərləri yağış suları ilə təmin edirlər. İstanbul kimi 20 milyonluq bir şəhərdə 7/24 vətəndaşa su verilir.

Bu baxımdan, qorxulu bir şey yoxdur. Qorxulu olan tək şey bizim su istifadə mədəniyyətimizin olmamasıdır. Fermerlərimizin inhisarçılıqla məşğul olması, nağıllardakı əjdaha kimi suyun yuxarı axarında suyun qarşısını kəsməsi doğru deyil”.

Digər ekoloq Rövşən Abbasov isə aydınlaşdırıb ki, hazırda Kürdə suyun kəskin azalmasının əsas səbəblərindən biri qısamüddətli miqyasda su anbarlarının doldurulmasıdır. Onun fikrincə, bizim müvafiq idarələrimiz burada bir qədər daha ehtiyatlı davranmağa üstünlük verirlər:

“Onlar kənd təsərrüfatı sektoru üçün yay-qış su yığırlar. Məsələn, Gürcüstandan saniyədə gələn 350-4003 olan su Mingəçevir su anbarına daxil olur. Ondan sonra isə aşağıya çox az buraxılar ki, Mingəçevir su anbarında kifayət qədər su ehtiyatı olsun. Yəni yay aylarına hazırlıq gedir. Bunun indiki səbəbi də məhz budur”.

Müsahibimiz düşünür ki, indiki səviyyədən bir az daha çox suyu aşağıya buraxmaq olar:

“Çünki çayı bu səviyyədə saxlamaq çay ekosisteminə ziyandır. Lakin görünür ki, onlar daha ehtiyatlı bir yol tutublar. Xatırlayırsınızsa, 2-3 il qabaq Neftçala və Salyanda kəskin su qıtlığı oldu. Bu da əhaliyə maşınlarla su daşımalarına gətirib çıxardı. Əslində, bu, çox qısa bir həll olub. Yaxud Kürə dəniz suyunun gəlməsi və şoranlaşmanın baş verməsinin qarşısını almaq üçün suyu Mingəçevir su anbarına yığmağa başlayıblar.

Mən bunu suyun qorunub saxlanması üçün yaxşı bir tədbir adlandırsam da, ekoloji baxımdan bunu pis qiymətləndirirəm. Çünki Kürün aşağısında daim su olmalıdır ki, ekoloji ehtiyatlar təmin olsun. Ona görə ki, Kür bir ekosistemdir, çox qiymətli balıq növlərinin kürü tökdüyü bir yerdir”.

Ekoloq təklif edib ki, bu barədə Gürcüstan və Türkiyə ilə danışıqlar davam etdirilsin, sudan istifadə ehtiyatları müəyyən olunsun və çaylardan suvarma üçün mümkün olan su götürmələri azaldılsın:

“Bunun da yolu ondan keçir ki, biz su itkilərini azaltmalı, suvarmada müasir texnologiyalara keçid etməli, damla və çiləmə üsullarına üstünlük verməliyik. Amma bunu belə deməklə vəziyyət düzəlmir. Bundan ötrü infrastruktur qurulmalıdır. Müasir suvarma üsullarına keçmək istəyən fermerlərimizin vəsaitləri də yoxdur. Necə keçsinlər, bu vəsaiti haradan tapsınlar, bilmirlər”.

“Bu istiqamətdə işlər gedir, amma mənə elə gəlir ki, prosesi bir qədər daha da sürətləndirmək və maarifləndirməni artırmaq lazımdır. Aqroparklar, eləcə də çoxlu su götürən şirkətlər üçün ayrıca bir tarif tətbiq olunsa, daha yaxşı olardı və onlar suyu daha az götürərdilər. Bəzən görürsən ki, yaxında olan fermerlər suyu çox götürürlər, bu da şoranlaşmaya gətirib çıxarır”, – fikirlərini tamamlayıb.

Rafi MÜSLÜMOV

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!