Qondarma "DQR"nin keçmiş xarici işlər naziri Arman Melikyan Laçın "dəhlizi"nin gələcək taleyi və ərazidəki Azərbaycan məntəqələrində qanunsuz məskunlaşmış ermənilərin köçürülüb-köçürülməyəcəyi haqda suallara cavab verib.
Moderator.az xəbər verir ki, "Aravot" qəzeti müxbirinin sualına cavab olaraq A.Melikyan alternativ yolun istifadəyə verilməsindən sonra Laçın şəhəri və Zabux kəndindəki hayların Ermənistana köçürüləcəyini dolayısıyla təsdiqləyib.
Laçın "dəhlizi"nin gələcəyi ilə bağlı digər sualı isə təcavüzkar ölkənin nümayəndəsi belə cavablandırıb:
"Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 23-24-də azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlar aparmaq üçün Bakıda olub və Azərbaycan prezidenti İlham Əliyevlə də görüşüb. Bu səfərdən sonra Berdzorla bağlı razılaşmaların əldə olunması mümkündürmü?
- Laçın humanitar dəhlizinə Rusiya sülhməramlı qüvvələri nəzarət edir və o, Azərbaycan qoşunlarının hərəkəti üçün də açıqdır. Yəni bu, İrəvanın və ya Stepanakertin(Xankəndi-S.L.) tam nəzarətindən kənardadır. Dəhlizin müstəsna beynəlxalq statusu müəyyən olunmayana qədər nə İrəvan, nə də Stepanakert bu barədə Rusiya-Azərbaycan razılaşmasına müdaxilə edə bilməz. Ona görə də Lavrov Əliyev və Bayramovla istənilən məsələni müzakirə edib razılığa gələ bilər".
Diqqətçəkən bir məqam da ondan ibarətdir ki, erməni jurnalistdən fərqli olaraq keçmiş diplomat "Berdzor" yox, Laçın toponimini işlədir...
Onu da xatırladaq ki, A.Melikyanın hələ 2017-ci ildə "Bu vaxtadək danışıqlarda belə bir fikrə əsaslanırdıq ki, torpaqları qaytarsaq, Dağlıq Qarabağın öz müqəddəratını təmin etməsi statusu ala bilərik. Torpaqları itirəcəyik və bizi heç kəs tanımayacaq” proqnozu 2020-ci ilin payızında gerçəkləşib...
Telegram kanalımız