“Növbəti hədəf Laçın və Kəlbəcərdir” - Açıqlama
26 Okt 2020 09:54
6961

“Növbəti hədəf Laçın və Kəlbəcərdir” - Açıqlama

"Qubadlının qələbə sevincinin dadını çıxarmamış okeanın o tayından yeni xəbər gəldi. Bu dəfə də Tramp tərəfləri atəşkəsə çağırdı. Ermənilərin ABŞ-da əli uzundur, görünür ki, Pompeodan istədiklərini ala bilmədikdən sonra daha yuxarıya çıxış tapa bildilər. Trampa twitterdə bunları yazdırmağa nail oldular: "Mən gecəyarısı qüvvəyə minən atəşkəsə riayət edilməsinə razılıq verən Ermənistanın baş naziri Nikol Paşinyanı və Azərbaycan prezidenti İlham Əliyevi təbrik edirəm. Çoxlu insanın həyatı xilas olacaq. Komandamla fəxr edirəm." Bu tvitdən açıq görsənir ki, mesaj daha çox seçkidə ermənilərdən səs almaq üçün verilib".

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu deyib. O, bildirib ki, ABŞ-da seçkiyə 1 həftə qalıb: "Bu həftə ən kritik həftədir, həm Trampın, həm də Bidenin yeganə marağı noyabrın 3-ə təyin olunan seçkini nə yolla olursa olsun udmaqdır. Bunu onların arasında keçirilən final debat da çılpaqlığı ilə göstərdi".

Onun sözlərinə görə, Rusiya və Fransadan sonra eyni məzmunlu çağırışın ABŞ-dan gəlməsi məsələni bir az da qəlizləşdirir: "Cənubi Qafqazda Rusiyanın edə bilmədiyini ABŞ edəcəyini gözləməyə dəymir. Xüsusilə də Rusiyadan gözləntiləri doğrulmayan Ermənistanın istədiyini Qərbdən alması Putin hakimiyyətinin marağında olmayacaq. Ona görə də böyük ehtimalla Rusiya ermənilər vasitəsilə atəşkəsin pozulmasına nail olacaq.

Azərbaycana gəlincə, xilaskar ordumuz ermənilərin atəşlərini cavablandırmaq məcburiyyətində qalacaq. Ona görə də atəşkəsə nail olunacağına inanmıram.

Yeri gəlmişkən, onu da qeyd edim ki, Qarabağ müharibəsi tarixində 15 dəfədən çox atəşkəs razılaşması olub, yalnız 2 dəfə - 1994-cü il may və 2016-cı il aprel aylarında- əməl olunub. Hər ikisində də Azərbaycan tərəfi birtərəfli qaydada atəşi dayandırıb, qalan vaxtlarda isə atəşkəsi həmişə ermənilər pozub.

Növbəti danışıqlar oktyabrın 29-da olacaq. Həmin gün Cenevrədə Minsk Qrupunun həmsədrləri Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirləri ilə görüşəcək. Bu arada bir sıra ABŞ siyasətçisinin Ankaraya Azərbaycana dəstəyi ilə əlaqədar sanksiya tətbiq etmə təhdidlərinə toxunan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, "Türkiyə Azərbaycana dəstəyinə görə tətbiq edilə biləcək ABŞ sanksiyalarından qorxmur." O çıxışını belə yekunlaşdıırb: "Ankaraya təzyiq Türkiyənin artan nüfuzunun nəticəsidir." Tezliklə Azərbaycanın xilaskar ordusu Laçını və Kəlbəcəri də işğaldan azad edər. Hədəfdə onlardır. Yolları açıq və aydın olsun!".

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər