15 Avqust - 17:23
“Prezident cəzanı bu gün verməlidir, axirətə saxlaya bilməz…” – Müsahibə 

“Prezident cəzanı bu gün verməlidir, axirətə saxlaya bilməz…” – Müsahibə 

Siyasət

08 Yanvar 2022 12:37 6987


Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin keçmiş sədri, “İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru Rafiq Əliyevin “Yeni Sabah”a müsahibəsinin II hissəsi: 

(I hissəni BURADAN oxuya bilərsiniz)

- Azərbaycanda dini durum necədir? İkinci Qarabağ müharibəsindən sonra İranla əlaqəli bəzi gərginliklər vardı? Son vaxtlar sanki bu proseslər sakitləşib. Siz necə görürsüz?

- Mən hesab edirəm ki, bu məsələlər sadəcə təxirə salınıb. Çünki dini amil bizdə hər zaman olub. İndi də var. Vəhhabilər və şiələr. Şiələr İran tərəfindən dəstəklənirlər. Təsəvvür edin, bizim dövlətimiz Nardaran kimi balaca bir kəndi idarə edə bilmirdi. Mən hər zaman bu işlərin içərisində olmuşam. Nardarana girməyə polisin imkanı yox idi.

“Ocaqnejadın insanları ələ almaq keyfiyyəti var idi”

2004-cü ildə Ocaqnejad və Şeyxülislam yanıma qonaq gəlmişdilər. Mən dedim ki, Nardaranda bir məscid var və Şeyx ora getmir. Ocaqnejad dedi ki, “Biz şeyxi ora dəvət edirik, gəlsin”. Əslində, şeyx onları dəvət etməli idi, Ocaqnejad şeyxin dövlətində idi. Bu zarafat kimi qəbul olundu, amma zarafat deyildi.

Ocaqnejad çox yüksək səviyyəli bir siyasətçi, həm də din xadimi idi. Onun qarşısında dayanan gənc mütləq ona aludə olurdu. Dini bilikləri çox yüksək idi. İnsanları ələ almaq keyfiyyəti də var idi. Onun kurasiyasında Şimali Qafqaz və Orta Asiya idi. İran prezidentinin kürəkəni idi.

Ocaqnejad burada o qədər işlər görüb ki, çoxunu mən bilirəm. Azərbaycanın bütün zonalarında onların o qədər adamları var ki... Nə vaxt istəsə ayağa qalxa biləcək, potensial var. Sadəcə olaraq o potensialdan istifadə etmək olmur. Nəyə görə?

2-3 məsələ var burada. İlk olaraq Rusiya ilə İranın münasibətləri yaxşıdır. İran Rusiyaya görə Azərbaycana girmək istəmir. Azərbaycana girmək Rusiyanın Qafqazda siyasi dairəsinə müdaxilə etməkdir. Buna Rusiya razılıq vermir. Eyni zamanda İranın buraya daxil olması Türkiyənin mənafeinə uyğun deyil.

Bizim İranla münasibətlərimizdə çox ciddi zəiflik var. İranda olan soydaşlarımızı dəstəkləyirik. Bəzən Amerika ordan bura ismarıclar göndərir. Biz də onların daxili işlərinə qarışırıq. Yəni insanlar, bəzi partiyalar, cəmiyyətlər başqa ölkənin daxili işə qarışırlar.

“Azərbaycanda nə qədər satanist var. Dəhşətli dərəcədə çoxdur”

İran da cavab verməlidir. Böyük bir dövlətdir. Bizim İranla çarpışacaq imkanımız yoxdur. Nə siyasi, nə hüquqi, nə də iqtisadi cəhətdən. Lakin onların burada ehtiyat qüvvələri çoxdur. Nə vaxt istəsələr işə salıb, vəhhabilərlə də ittifaqa girə bilərlər. Çünki vəhhabilərin sayı şiələrin sayından çox azdır. Hakimiyyətə din nümayəndələri gəlsə, açıq şəkildə seçki keçirilsə, şiələr qalib gələcək. İran üçün bu rahatdı.

- Bu situasiyanın yaranmasına səbəb nədir? Azərbaycanda dini məsələ ilə məşğul olan iki böyük təşkilat var. QMİ və DQİDK. Bu təşkilatlar niyə baş verən proseslərə mane ola bilmir?

- Onlar istəmirlər ki, məsələ böyüsün. DQİDK əlindən gələni edir. Şeyxin idarəsi isə çox zəifləyib. Dini situasiyaya təsiri çox azdır. 10 il bundan əvvəlki təsiri yoxdur. Çünki QMİ dövlətin çox işlərindən aralanıb. Təsir dairəsi çox dar çərçivədədir. Bu səbəbdən ciddi siyasi məsələlərin həllində rol oynamır.

Dövlət komitəsinin isə müəyyən proqramı var. Din münasibətlərini formalaşdırmaq.

Azərbaycanda nə qədər satanist var. Dəhşətli dərəcədə çoxdur sayları. Onların bir şuarları da var idi HOST. Hazırda onlar dünyaya meydan oxuyurlar. Donald Trump onların rəhbəri idi. Bizdə də onların sayı çoxdur, bizə də meydan oxuyurlar.

- Dini araşdırma unikal bir sahədir. Siz də dini araşdırma ilə məşğulsunuz. Elmlər Akademiyasında da belə bir şöbə var idi. İndi Azərbaycanda bu sahədə durum necədir?

- Bəli, akademiyada şöbə var idi. Mən getdikdən sonra dağıldı. İndi də dini araşdırmalar var. Lakin çox təəssüf ki, bir-birinin əleyhinə gedən müəyyən qruplardır. Məsələn Elşad Mirinin araşdırmalarında elə məsələlər var ki… O sübut edir ki, bu həqiqətən Quranda, İslamda  yoxdur. Digər şəxslər isə onun əleyhinə danışırlar. Yəni araşdırmaçıların bir-biriləri ilə olan münasibəti bir-birini təkzib üzərində qurulub. O bunun kitabını təhqir edir, bu onun.

“Çoxları ömrünün sonunda imana gəlir”

Əslində dini araşdırmalar bizdə ümumiyyətlə yoxdur. Heç bir institut dini araşdırma ilə məşğul olmur. Araşdıran bizlər idik və kifayət qədər araşdırmalarımız var. Mənim “Hakimiyyət, cəmiyyət və din” kitabım inglis dilinə tərcümə olundu. 

Hakimiyyət, cəmiyyət və din oxlarla bir-birinə bağlıdır, heç vaxt ayırmaq olmaz. Bu üçlük dövlətin sütunudur. Dini dövlətdən ayırsaq dövlət çox, cəmiyyət az ziyan ala bilər. Dini tamamilə dövlətə xidmətdən çıxarsaq bizim xeyirimizə olmaz. Bunu insanlara başa salmaq üçün həm alimlər, həm də tədqiqatçılar lazımdır.

Bizdə ümumi bir prinsip yoxdur ki, bu araşdırmalar necə aparılmalıdır. Araşdırmaların ümumi bir ideyasını orataya qoymaq lazımdır. Araşdırmalar dövlət tərəfindən maliyyələşdirilməlidir. Şəxsi insanlar tərəfindən maliyyələşdirilsə, onların maraqlarına uyğun olacaq. Dövlət tərəfindən maliyyələşdiriləndə yenə də dövləti birinci yerə qoymaq lazım deyil. Həqiqəti ortaya qoymaq lazımdır. Hakimiyyət, din və cəmiyyət birlikdə olmalıdır.

- Burada din deyəndə ümumilikdə dini nəzərdə tutrsunuz, yoxsa söhbət islamdan gedir? 

- Ümumilikdə. Din insanları mənəvi cəhətdən tərbiyəsini, davranışını başqaları ilə münasibətlərini formalaşdırır. Eyni zamanda din insanları ilahi bir qüvvə ilə birləşdirən vasitədir. Bu məsələni ortadan çıxardığımız zaman Allahı ortadan çıxarmalı oluruq. İslamda Allahla əlaqə birbaşadır.

Bəzən deyirlər ki, niyə İslam başqa dinlərdən fərqlidir? İudaizm, yəhudilik yalnız yəhudi millətinə, aristokratlara xidmət edir. İsa Məsih gəldi xristianlığı buradan çıxardı və etdi yetim-yesirin dini. Bu isə yəhudilərin xoşuna gəlmədi. Düşündülər ki, yüksək səviyyəli insanların dinini aşağı səviyyəyə saldılar.

Yəni bu dinlərin problemləri çoxdur. Bir yuxarı, biri aşağı təbəqəyə xidmət edir. İslam hər kəsi bərabər səviyyədə götürüb ortaq məxrəc yaradır. Allah və şəxsiyyət. Bu səbəbdən üçüncü şəxsə ehtiyac yoxdur. Bu cür olduqda iman doğrulaşır. İman fərdidir və hamımızda var. Ana bətnində bizə ilahi enerji gəlir, ürəyə yayılır və başlayır atmağa. Həmin enerji imanla gəlir. Biz o enerjini yaşayırıq və çox vaxt başa düşmürk. Bu səbəbdən çoxları ömrünün sonunda imana gəlir.

“Dünya yalanla idarə olunur”

Din imanın reallaşdırılması üçün mövcud olan strukturdur. Mən mömin ola bilərəm, dindar olmaya da bilərəm. 

Andrey Karalulov ən böyük jurnalistlərdən biridir. O illər əvvəl Azərbaycana gəldi və məndən də müsahibə aldı. Soruşdu ki, “Necə hesab edirsiniz, Heydər Əliyev mömindir?”. Dedim “Hə, tam dərindən imanlı bir insandır, amma dindar deyil”. Təəccübləndi ki, necə yəni imanlı insandır, amma dindar deyil? Bildirdim ki, Heydər Əliyev inanır, amma dinin bütün tələblərini adi bir insan kimi yerinə yetirməyə imkanı yoxdur. 

İkinci sualı bu oldu ki, “Ola bilər şeyxülislam Prezident olsun?”. Dedim yox, ola bilməz, əsl din xadimi cəzanı axirət gününə saxlayır, prezident isə bunu edə bilməz. Prezident cəzanı bu gün verməlidir, axirətə saxlaya bilməz, ona görə də din xadimi prezident ola bilməz, bu ehtimal yoxdur. 

Hazırda İranda da din xadimi prezident deyil, kənarda oturmuş bir adamdır. Ölkəni sivil adamlar idarə edir, konstitusiyası, parlamenti var, qanunlar qəbul edir və o qanunları dinin süzgəcindən keçirirlər. Biz isə qanunları qəbul edəndə onu demokratik süzgəcdən keçiririk ki, içərisində din olmasın. Görürsünüz, iki dövlətdir, amma nə qədər fərq var, onlar qərarları dinin süzgəcindən, biz isə dünyəviliyin süzgəcindən keçiririk.

- Sizin yalan və həqiqət haqqında xeyli fikirləriniz var onlardan biri “həqiqətin yolu o qədər qısadır ki, lazım olan yerə çatanda dəyərdən düşür” fikridir.

- Hazırda dünya yalanla idarə olunur. Əslində həmişə belə olub. Amma hazırda yalan o qədər yüksək səviyyəyə gəlib çatıb ki, artıq normala bənzəyir. Həqiqət nadir bir şeydir, həqiqəti deyən bir siyasətçi tapa bilməzsən. Siyasət aləminə düşən insanların 90 faizi yalan danışır. 

Avropa prezidentləri üzümüzə baxa-baxa, gözümüzə baxaraq yalan deyir. O, yalan deməyə məcburdur, deməsə, yerində dayana bilməz. Ona görə oturduğu kreslodan yapışır ki, oradan yerə düşməsin. Çünki yalan deyə-deyə gəlib ora çıxıb, indi doğru desə, həmin doğru onu götürüb yerə atacaq. Sonra isə nə yuxarı, nə də aşağı onu qəbul edəcək. 

“İnsanlar başa düşmürlər, deyirlər bunun başı xarabdır”

İndi bizim keçmiş prezidentlərə baxaq, onlar cəmiyyətlə bağlana bilmədilər, aşağıdan da onları heç kəs qəbul eləmədi, yuxarıdan da. Ortada – strotosferdə qaldılar. Buna görə də siyasətçi yalan danışmasa, siyasətçi olmur. 

Bəzən deyirlər ki, bu, diplomatiyadır, amma siyasətin məğzi diplomatiya deyil. Bu gün yalan artıq normadır, insan yalan deməyə məcburdur. Bunu din də deyir ki, lazım olanda yalan deyin. Bu, insanın xeyrinədirsə, onu ölümdən qurtarırsa, ailədə ciddi ziddiyətə səbəb olacaq hadisənin qarşısını alacaqsa, demək olar. 

Çörçilin bir sözü var, doğru şalvarını geyinincə yalan dünyanın yarısını gəzib gəlir. Yalanın ayağı uzun olur. Yalanla doğru məsələsi çox prinsipial məsələdir. Biz başa düşməliyik ki, həmişə doğrunu deməli deyilik, həmişə doğrunu desən, cəmiyyətə də, insanlara da düşmən olacaqsan, dostun olmayacaq. Onlar da səndən üz döndərəcək. Nə olub, bir sənə qalıb bu doğruluq? 

İnsanın daxilində iki qüvvə var: xeyir və şər. Sən onlar arasında seçim edirsən. Bəzən deyirlər ki, xeyirlə şər qardaşdır. Xeyr, bu belə deyil, onlar düşməndirlər. Əgər pozitivə köklənmisənsə, pozitiv mövqeyiniz güclənəcək. Biz nə ixrac ediriksə, kainat bunu görür və onu bizə qaytarır. Pozitiv insan neqativ iş görə bilməz. İnsanlar bunu başa düşmürlər, deyirlər bunun başı xarabdır. Doğrunu demək bilirsiniz nə qədər yaxşıdır? İnsan rahat olur, deyirlər vicdanın təmiz olur. Vicdanın təmiz olanda rahat da yatırsan...

Elnur Məmmədli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!