26 May - 00:08
Qaz limiti, işıq limiti, su limiti... Bircə həyat limitsizdir

Qaz limiti, işıq limiti, su limiti... Bircə həyat limitsizdir

Yazar

16 Yan 2022 12:29


Kasıbçılıq hiddət və cinayətlərin mənbəyidir.

Aristotel

Dünən marketdə alış-veriş edəndə diqqətimi bir nüans cəlb etdi. Müştərilərin aldığı ərzaqların yığılması üçün verilən pulsuz sellofan torbaların ölçüsü balacalaşmışdı. “Bəlkə də əvvəldən belə olub, fikir verməmişəm” deyə düşündüm. Amma evə gələn kimi əvvəlki günlərdən qalan torbalarla müqayisə etdim. Yanılmamışdım...

2022-ci il baha il olacaq. Elə ilin ilk günündən özünü göstərməyə başladı. Nə qədər baha olacağı hələ bilinmir. Cəmi 15 gündə o qədər neqativ xəbər olub ki, bilmirəm hansından başlayam. Siqaret və arağın qiyməti də bir yandan. Çörək bərəkətə and içir ki, onluq bir şey yoxdur, hələ də nə baş verdiyini anlamır. “Mən axı kasıb-kusubun pənahıyam, özümü niyə yuxarıdan aparım ki?..” deyib çiyinlərini çəkir. 

Buğda da o yandan özünə əl qatıb. Deyir ki, əvvəl ərazinizin bir hissəsi ermənilərin əlində idi. Onlar Qarabağdan ildə 150 min tona qədər taxıl götürürdü. İndi ki, orada erməni yoxdur. Əkin, biçin, xalq yesin, bərəkətimə and içsin...

Qiymətlərin artmasının arxasında hansı konspirasiyanın dayandığından xəbərim yoxdur. “Hər şeyin qiyməti bütün dünyada qalxıb” nəzəriyyələrini eşidirəm. Bu izah ayda 300-500 manatla dolanmağa məcbur olan ailələri qane etmir. Axı onlar hər zaman ölkəmizin zəngin olması haqda xəbərlər eşidiblər: Televiziyadan, qəzetlərdən, saytlardan... Və onlarda istər-istəməz sual yaranır: Zənginliyimizə nə oldu?

Onlar görürlər ki, həqiqətən də ölkəmiz zəngindir. Küçələr bahalı avtomobillərlə doludur. Par-par yanan göydələnlər paytaxtda səmaya ucalır. Məmurların villaları göz oxşayır. Vəzifədən azad olunan, həbs edilən məmurların evindən, ofisindən çıxan pulları, əmlakların siyahısını, binalarının fotoşəkillərini onlar da görür. Və sual edirlər: Axı bu pullar xaricdən gəlməyib? O məmurlar üstün ağıla da sahib deyil ki, bu qədər pul qazana bilsinlər. Bəs bizə gələndə niyə bütün imkanlar məhdudlaşır, həyat baha olur, limit tətbiq edilir?

Qaz limiti, işıq limiti, su limiti... 

Bircə həyat limitsizdir. Amma o da bu şərtlər daxilindədir. Bir az elastiklik yetər ki, bütün şərtlərə meydan oxuyasan... 

Yazını Aristotellə başlamışdım. Elə onun fikri ilə də tamamlayıram. O, mübarək insan yazırdı:  “...İnsanların gözləri doymur: Əvvəl onlara iki xırda gümüş pul kifayət edir, haçan ki, buna öyrəşirlər, onlara həmişə daha çox lazım olur. Beləcə də davam edir...”

Son sitat doymayan məmurların menyusuna idi.

Elnur Məmmədli


Youtube kanalımız


Digər xəbərlər