“Şəxsən mən Rəsulzadəyə heykəl qoyulması ilə bağlı dəfələrlə müraciət etmişəm. Rəsulzadə irsinin tədqiqatçısı kimi həm yazılı təklifim olub, həm də mətbuatda bununla bağlı müraciətim gedib”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında Rəsulzadə irsinin tədqiqatçısı Nəsiman Yaqublu deyib. O bildirib ki, Rəsulzadəyə Bakıda abidə qoyulmalıdır:
“Keçən il ölkə rəhbərliyinə müraciətim oldu ki, Cümhuriyyət qurucularına, xüsusən də Rəsulzadəyə Bakıda abidə qoyulsun. Amma Novxanıda abidəsinin olması vurğulandı. Rəsulzadənin buna mənəvi haqqı çatır. Çünki Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoyan şəxsiyyətlərdən biridir”. Marqarita pizza
N.Yaqublu abidənin Kukla teatrının qarşısında qoyulması ilə bağlı təkliflərə də aydınlıq gətirib:
“Kukla teatrının qarşısında qoyulmağına görə, rəsmi qərar verilməmişdi. Bir neçə yerdən biri kimi oranın da adı sadalanmışdı. Vaxtilə orada lövhə yerləşdirilmişdi və Rəsulzadəyə abidə qoyulacağı göstərilirdi. Sonradan o lövhə götürüldü və fontan düzəldildi, indiki vəziyyətinə gətirildi. Düşünürəm ki, Rəsulzadəyə Bakının istənilən bir yerində abidə qoyulmalıdır. Buna onun haqqı çatır. Harda qoyulcaq bunu təbii ki, Bakı şəhərinin rəhbərliyi müəyyənləşdirməlidir. Amma Bakının istənilən yerində ona abidə qoyulması mümkündür. Çünki onun gördüyü işlər Azərbaycanın azadlığına, istiqlalına həsr edilib. Onun Bakı üçün də kifayət qədər xidmətləri olub. Abidənin harda qoyulmasının əhəmiyyəti yoxdur, əsas odur ki, Bakının görkəmli bir yeri olsun. Elə yer olsun ki, ora insanlar gedib-gələ, abidəni ziyarət edə bilsinlər. İkinci tərəfdən abidə diqqətdə saxlanılsın, qoyulandan sonra yaddan çıxmasın. Eyni qaydada H.Z Tağıyevə də istənilən yerdə abidə qoymaq mümkündür. Tağıyevin də buna mənəvi haqqı var. Çünki Azərbaycan cəmiyyətinin maariflənməsində, azərbaycanlı övladların oxuyub, savad əldə etməsində onun əvəzsiz xidmətləri var”.
N.Yaqublu təklif edib ki, Cümhuriyyətin digər qurucularının da abidələri qoyulsun:
“Eyni zamanda Cümhuriyyətin digər qurucuları – Ə.M. Topçubaşov, F.Xoyski, N.Yusifbəyli, H. Ağayevin də haqları var ki, onların Bakıda abidələri olsun. Bakının bugünki görünüşü dəyişməlidir. Bugünki Bakı gözəldir, demirəm ki, pisdir. Amma bura müəyyən abidələr kompleksi daxil edilməlidir. Cümhuriyyət qurucularının adını əbədiləşdirən mavzoley yaradılmalıdır. İnsanlar onları ziyarət etməlidirlər. Bu işlər görülməlidir. Bakı bu işlər görülmədən solğun görünür”.
Məsələylə bağlı M.Ə.Rəsulzadənin nəvəsi Rais Rəsulzadənin də fikirlərini öyrəndik. O, saytımıza açıqlamasında deyib ki, bu məsələ uzun müddətdir, müzakirə edilir:
“Qərara gəlmişdilər ki, Rəsulzadə küçəsinin kənarındakı parkda, Kukla teatrı ilə üzbəüz abidə qoyulsun. Çox gözəl, münasib yer idi. Orada xatirə daşı da qoyulmuşdu ki, burada M.Ə.Rəsulzadənin heykəli ucaldılacaq. Bir müddət sonra o daşı götürüb, fontan quraşdırdılar. Amma hamının xəyalında elə ora idi. Düşünürəm ki, ora olsaydı pis olmazdı.
Bunu tək mən deyil, Azərbaycan ictimaiyyəti, alimlər, ziyalılar hamısı elə qəbul etmişdi. Bu məsələ çoxdan gündəmdədir. Yəqin ki, abidə qoyulmağı hamımız üçün yaxşı olardı. Çünki 1988-ci ildən Rəsulzadə haqqında danışanlar, ona hücum edənlər olub. Sovet düşüncə tərzində olan insanlar, bilmirəm nə səbəbdən hücumlar edir, yalanlar uydururdular. Onlar hamısı, hörmətli Şirməmməd müəllim, N.Yaqublu, Rəsulzadə haqqında yazan digərləri tərəfindən təkzib olunub. Mərhələ-mərhələ sübut olunub ki, bunlar iftira, yalandır, əsassızdır. Rəsulzadənin fəaliyyətinə dəyər verilərək, Heydər Əliyev tərəfindən 1984-cü ildə 100 illiyi geniş miqyada qeyd olundu. Həmin ərəfədə onun heykəlinin qoyulması Nazirlər Kabinetinin tapşırığına əsasən, proqramda yer alırdı. Bir müddət sonra 130 illiyi qeyd olundu. Amma abidə məsələsi qalır. Onu qısqananlar, ona hücum edənlər Azərbaycan istiqlalını qəbul etməyənlərdir. Azərbaycan istiqlalı birmənalı Rəsulzadənin adı ilə bağlıdır. Bunu VI sinif uşaqlar da, alimlər – hamı bilir. Heydər Əliyev də hər zaman çıxışlarında bildirirdi ki, Rəsulzadə, Topçubaşov, F.Xoyski-bu adları biz həmişə iftixarla yada salmalıyıq”.
“Abidə qoyulması məsələsi çoxdan gündəmdədir. Amma nə qədər tez olsaydı, müstəqil dövlətimiz üçün baş ucalığı gətirərdi” deyə, R.Rəsulzadə əlavə edib.
Əsmər Qabil
Telegram kanalımız