Sahibə Qafarova Martin Çunqonqla görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Sahibə Qafarova Martin Çunqonqla görüşdü

Siyasət

04 May 2026 17:40 78


Mayın 4-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonqla görüşüb.

“Yeni Sabah” xəbər verir ki, qonağı növbəti dəfə Azərbaycanda görməkdən məmnunluğunu bildirən spiker Sahibə Qafarova PAİ-nin Milli Məclislə uğurlu əməkdaşlıq etdiyini, xüsusilə 2021-ci ildən etibarən  Azərbaycan parlamenti deputatlarının PAİ-də daha da fəallaşdıqlarını və bu qurumda rəhbər vəzifələrdə təmsil olunduqlarını diqqətə çatdırıb.

Spiker Milli Məclisin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə əməkdaşlığından və Baş katib Martin Çunqonqun bu əməkdaşlığa dəstək verməsindən razılıqla danışıb. Spiker həm qarşılıqlı əməkdaşlığın inkişafı baxımdan, həm də Azərbaycan və Ermənistan parlament sədrlərinin görüşlərinin təşkilində göstərdiyi səylərə görə PAİ-nin Baş katibinə minnətdarlığını bildirib. Bu görüşlərin xalqlar arasında etimadın qurulması prosesinə parlamentlərin töhfəsi olduğunu qeyd edən spiker Sahibə Qafarova Ermənistan Konstitusiyasına müvafiq dəyişikliklər edildikdən sonra tezliklə iki ölkə arasında sülh müqaviləsinin imzalanacağına və bunun da parlamentlər arasında əməkdaşlıq üçün daha geniş imkan yaradacağına inamını ifadə edib.

PAİ-nin insanların bir-birini dinləyə biləcəyi və dialoq qurduğu çox mühüm bir platforma olduğunu deyən Milli Məclisin sədri Prezident İlham Əliyevin PAİ ilə əlaqələrin inkişafına verdiyi dəstəyin və göstərdiyi diqqətin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Xoş sözlər üçün təşəkkürünü bildirən PAİ-nin Baş katibi Martin Çunqonq onun bu quruma rəhbərlik etdiyi dövrdə PAİ-Azərbaycan əlaqələrinin transformasiya olunduğunu diqqətə çatdırıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan PAİ ilə əlaqələrin inkişaf etdirilməsinə həmişə sadiq  olub. O, deyib ki, bu gün Azərbaycan bu qurumda öz fəaliyyəti ilə diqqəti cəlb edir. Baş katib Azərbaycanın PAİ-nin tədbirlərində fəal iştirak etdiyini, Milli Məclisin nümayəndələrinin rəhbər vəzifələrdə təmsil olunduğunu, tərəflər arasında uğurlu əməkdaşlığın mövcud olduğunu bildirib. O, qeyd edib ki, Azərbaycan Milli Məclisi sədrinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə rəhbərliyi həm Şəbəkənin inkişafı, həm də onun PAİ ilə əlaqələrinin inkişafında böyük rol oynayıb.

Qeyd olunub ki, iki ölkə arasında sülh prosesi çərçivəsində Azərbaycan və Ermənistan parlamentləri arasında dialoqun yaradılmasına nail olunması PAİ-nin əsas məqsədi olan sülhə xidmət edir. Qonaq Prezident İlham Əliyevin PAİ ilə əməkdaşlığa verdiyi mühüm dəstəyə görə təşəkkürünü bildirib və diqqətə çatdırıb ki, onun bu səfəri Azərbaycanın bu quruma etimadının və inamının bir göstəricisidir.

Söhbət zamanı Baş katib Azərbaycanda COP29 çərçivəsində keçirilmiş Parlament konfransında əldə edilmiş uğurları yüksək qiymətləndirib. Bildirib ki, bu uğurlar sayəsində bütün dünya  parlamentlərin səfərbərlik gücünün şahidi oldu.

Görüşün sonunda parlamentlər arasında konstruktiv dialoqun və səmərəli əməkdaşlığın inkişafında göstərdiyi xidmətlərə, Azərbaycan Respublikasının Milli Məclisi ilə Parlamentlərarası İttifaq arasında ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsinə və genişlənməsinə verdiyi töhfələrə görə PAİ-nin Baş katibi Martin Çunqonq Milli Məclisin Fəxri Medalı ilə təltif edilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!