“Soruşdum ki, oruc tutursan, dedi onsuz da acam...“  - Xuraman Şuşalı
15 Apr 2021 13:46
840

“Soruşdum ki, oruc tutursan, dedi onsuz da acam...“ - Xuraman Şuşalı

Son dövrlər ölkəmizdə intihar hallarının sayı çoxalıb. Demək olar ki, hər gün ən azı bir intihar hadisəsi baş verir.

Bir çoxları intiharı müxtəlif faktorlarla əlaqələndirir. Canına qəsd edənlərin əksəriyyətinin yeniyetmə olması cəmiyyətdə narahatlıq doğurur.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan müğənni Xuraman Şuşalı valideynləri bu məsələdə diqqətli omağa səsləyib:

“Gedişat heç də ürəkaçan deyil. İntiharlar çox artıb. Bərbad vəziyyətdir. Çox qəribədir ki, 14-18 yaş aralığında yeniyetmələr daha çox intihar edir. Bəlkə də, uşaqpulu olsaydı, uşaqların bəzi problemləri həll olunsaydı, intiharlar azalardı. Çünki mənim də evimdə dörd uşaq böyüyür, görürəm ki, onların kaprizləri, istəkləri hədsiz dərəcədə çoxdur. Planşet, telefon istəyirlər. Valideynlər bu məsələdə çox diqqətli olsunlar, imkanı olanlar övladlarına hər şey alıb verib digər uşaqları tamarzı qoymasınlar. Mənim də uşaqlarım bəzən deyir ki, “bəs filankəsin atası-anası niyə ona planşet alıb, amma sən almırsan?!” Belə şeylər olur, bu məsələdə çox diqqətli olmaq lazımdır. Öz uşaqlarınızı ərköyün, kaprizli böyütməklə başqalarının övladlarına travma yaşadırsınız”.

Xanım sənətçi qeyd edib ki, koronavirus pandemiyası ilə bağlı xeyli vətəndaş Azərbaycanda da qazanc yerini itirib, buna görə də vəhökumət uşaqlara aylıq müavinətlər (uşaqpulu) verməlidir:

“Düşünürəm ki, uşaq pulu verilməlidir. İndi bəziləri fikirləşəcək ki, Xuraman da pul istəyir. Amma vallah, özümə görə demirəm, söhbət məndən getmir. Şükürlər olsun ki, ağlamıram, sızlamıram, göynəmirəm, heç kəsdən də özüm üçün pul istəmirəm. Lakin mən ətrafıma baxıram, inanın, nə qədər valideynlər var ki, övladlarını yedizdirə bilmirlər. Körpəli evlər hər dəfə yemək alırlar, o yeməklər də elədir ki, burdan alırsan, ordan qurtarır. Uşaq yeməklərinin saatları var, 3 saatdan artıq qalarsa, atmalısan. Analar məni daha yaxşı başa düşər. Çox çətin bir dövrə gəlib çatmışıq. Başa düşürəm ki, müharibədən çıxmışıq, amma uşaqların intiharlarının qarşısı hansısa yolla alınmalıdır. Problem nədirsə, mütləq çözülməlidir. Bu nə bəladır belə, bəlkə hər hansı seksiya var, yeniyetmələri bu cür intiharlara cəlb edirlər, ona görə kütləvi şəkildə ölüm halları artır... Mütləq araşdırılmalıdır, buna nə vaxt “stop” deyiləcək?! Bu işə kim baxacaq, niyə bu qədər intihar baş verir? Görün, nə qədər intihar edən uşaq var, məsələni araşdırmağa nə vaxt başlamağı planlaşdırırlar? Açıq danışmaq lazımdır, insanların vəziyyəti yaxşı deyil, iş yerləri bağlıdır, pul qazana bilmirlər. Bu hal nə vaxt düzələcək? O gün bir tanışımla danışıram, soruşuram ki oruc tutdunmu? Deyir yox, zatən acam. Bir tərəfdən də fikirləşirəm ki, yheniyetmələrin intiharlarına səbəb də pulsuzluqdur. Uşaq evdə onu-bunu istəyir, valideynlər arasında davanı görür, elə fikirləşir ki, hər şey ona görə olur. Ana dalaşır ki, evdə yemək yoxdur, get bir iş tap, pul qazan. Ata vəziyyətlə əlaqədar iş tapa bilmir. Uşaq da bunu görür, gedir özünü atır”.

Əsmətxanım

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər