Dünya Səhiyyə Təşkilatının (DST) qərarı ilə 2010-cu ildə iyulun 28-i Hepatitlə Mübarizə Günü elan edilib.
“Ən vacib mesaj odur ki, virus hepatitləri “səssiz” xəstəliklərdir. B və C hepatiti çox vaxt heç bir əlamət göstərmədən illərlə davam edir. Bu müddət ərzində qaraciyər sakitcə zədələnir. İnsanların böyük əksəriyyəti xəstə olduğunu bilmir və müalicə imkanını əldən verir. Zədələnmə davam etdikcə xəstəlik qaraciyər sirrozuna, sonra isə qaraciyər xərçənginə qədər gedib çıxa bilir”.
“Yeni Sabah” xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq-hepatoloq Emin Məmmədov bildirib. pizza sifarişi
O qeyd edib: “Hepatit B peyvənd vasitəsilə qarşısı alınan, hepatit C isə əksər hallarda tam sağalan xəstəlikdir. Vətəndaşlara tövsiyələrim sadədir. Birincisi, analiz verin. Hepatit B və C adi qan analizi – HBsAg və anti-HCV testləri vasitəsilə aşkarlanır. Xüsusən keçmişdə qan köçürülməsi, cərrahi və ya diş müdaxiləsi keçirənlər, steril olmayan alətlərlə manikür, döymə və pirsinq etdirənlər, damardaxili narkotik vasitələr istifadə edənlər və hepatit daşıyıcısı ilə eyni evdə yaşayanlar mütləq yoxlanmalıdırlar”.
Həkim qeyd edib ki, Hepatit B peyvəndi təhlükəsizdir, yenidoğulmuşlara vurulur və peyvəndlənməmiş böyüklər də istənilən yaşda vaksinasiya oluna bilərlər:
“Ülgüc, diş fırçası, dırnaq alətləri kimi şəxsi əşyaları paylaşmayın. Əgər diaqnoz qoyularsa, əlamətlərin yaranmasını gözləmədən dərhal mütəxəssisə müraciət edin. Çünki erkən başlanan müşahidə və müalicə qaraciyəri ağır fəsadlardan qoruyur”.
E.Məmmədov vurğulayıb ki, Hepatitə yoluxma riski yüksək olan qrupa qan və qan məhsulları köçürülənlər, hemodializ alan böyrək xəstələri, tibb işçiləri, hepatit daşıyıcısının cinsi partnyoru və ailə üzvləri, həmçinin anası hepatit B daşıyıcısı olan uşaqlar daxildir:
“Əksər ölkələrdə yetkinlik yaşında olan şəxslər ömründə heç olmasa bir dəfə hepatit B və C testindən keçməsi məsləhət görülür. Testlərin həm ucuz, həm də sürətli olması bunu real edir. Peyvəndə gəldikdə isə, hepatit B-yə qarşı peyvənd ən güclü qoruyucu vasitəmizdir. Doğuşdan sonrakı ilk 24 saat ərzində vurulan doza və sonrakı dozalar yenidoğulmuşların təxminən 95 faizini infeksiyadan qoruyur. Bu isə gələcəkdə qaraciyər xərçənginin qarşısını almaq üçün ən təsirli addımlardan biridir. Hepatit C-yə qarşı hələ ki peyvənd yoxdur. Ona görə də, bu virusdan qorunmaq ilk növbədə qan təhlükəsizliyinə və şəxsi gigiyena qaydalarına əməl etməkdən asılıdır. Ailəsində hepatit B daşıyıcısı olan şəxslər həm test olunmalı, həm də immunitetləri yoxdursa peyvəndlənməlidirlər”.
Aytac Əliyeva
Telegram kanalımız