“Virusdan sağalan meymunlar təkrar xəstələnmirlər, çox güman ki, insanlar…”  – Professor 
20 May 2020 14:03
208

“Virusdan sağalan meymunlar təkrar xəstələnmirlər, çox güman ki, insanlar…” – Professor 

“Hazırlanacaq vaksin ilk olaraq konkret qruplarda yoxlanılmalıdır, birdən-birə istehsala buraxıla bilməz, insanlar üzərində təcrübədən keçməlidir. Onun hazırlanması qısa müddətdə olacaq bir şey deyil, bunun üçün aylar lazımdır. Vaksinin vurulması ən azı 70 faiz insanlarda immunizasiya, yəni kollektiv immunitet yaratmalıdır ki, biz virusdan qorunmaqdan söhbət edə bilək”. 

Yenisabah.az xəbər verir ki, bu barədə professor Adil Qeybulla açıqlama verib. Həkim eyni zamanda virusdan xilas olmaq üçün digər yollardan da danışıb. Onun sözlərinə görə, virusdan xilas olmaq üçün digər bir seçim isə ondan ibarətdir ki, hər şeyi özbaşına buraxırıq və nəticədə kollektiv immunitet yaranır. Lakin bu böyük itkilərə yol açar və ən təhlükəli yoldur: “Düşünürəm ki, hazırda vaksin tapılanadək profilaktikaya üstünlük verilməlidir. Bir də remdesevir adlı dərman var, onun üzərində çox ciddi iş gedir, ola bilsin ki, yaxın zamanda dərmanın istehsalı və insanlar üzərində sınaqdan keçirilməsinə başlansın. Bu dərman da prosesin qarşısını almağa imkan verəcək. Həmçinin passiv immunizasiya kimi bir məsələ də var, burada xəstəliyə yoluxub sağalan insanların plazmasından istifadə edilir. Subklinik formada xəstəlik keçirən insanlarda elə əkscismlər olmur. Əsasən, bu xəstəliyi ağır formada keçirmiş insanlarda antitellər olur, onlar qanda toplanır və plazmalardan istifadə etmək effekt verə bilir. Əlbəttə, bu, müvəqqəti tədbirdir, çünki biz bu qədər yoluxan və xəstəliyi ağır keçirib sağalanları tapmalıyıq, onların plazmaları mikorblardan azad olmalıdır, hamıya effekt verəcək bir üsul deyil. Ona görə də biz özümüz özümüzü qorumalıyıq”. 

Adil Qeybulla sağalan şəxsin ikinci dəfə koronavirusa yoluxub-yoluxmayacağı məsələsinə də aydınlıq gətirib: “Əvvəla qeyd etməliyəm ki, insanlar üzərində bu məsələ dəqiqləşdirilməyib, lakin meymunlar üzərində yoxlanılıb. Virusu bir xəstəlik kimi keçirən meymunlar ondan təkrar xəstələnmirlər. Çox güman ki, insanlarda da vəziyyət bu cürdür. Çünki bu virusu ağır formada keçirən şəxslərin qanında əks cismlər yaranır. Bu, ikinci dəfə virusun qanda yayılmasına imkan vermir. İmmun sistemi ona dərhal reaksiya verir”. 

Həkim karantin davranışları ilə bağlı da bir sıra məsələləri diqqətə çatdırıb: “Əgər biz vətəndaş məsuliyyətsizliyi göstərib karantin qaydalarını pozsaq, yoluxma artar. Biri var karantin qaydaları, biri də var karantin davranışları... Karantin qaydaları yumşaldıla bilər, amma karantin davranışları dəyişə bilməz, onlar virus bitdikdə dəyişə bilər. Karantin davranışları maska taxmaq, sosial məsafəni gözləmək, əllərin yuyulmasına fikir verməkdən ibarətdir. Düşünürəm ki, biz indiki davranışlarımızdan əmələ gələn nəticələri bir müddət sonra hiss edəcəyik. Ona görə də məsələ iqnor olunmamalıdır. İnsanlar bu məsələyə diqqət etmək yerinə, virusun doğal olması və ya laboratoriyada hazırlanması ilə bağlı fikirlər səsləndirirlər. Tutalım ki, virus laboratoriyada hazırlanıb, axı bu məsələni həll eləmir. Xüsusi təşkilatlar, Helsinki deklarasiyası və s. var. Gələcəkdə beynəlxalq sterukturlar bu məsələni araşdıracaqlar. Reallıq odur ki, pandemiya dünyada yayılıb və bizim həyatımızı xilas edən davranışlarımızdır. Kollektiv immunitet formalaşmayıbsa, kollektiv düşüncə olmalıdır”.

 

Oxşar xəbərlər