Bağçaya gedən uşaqlar üçün gizli təhlükə -   Bir əlamət var ki...

saytların hazırlanması

Evə çatdırılma

Bağçaya gedən uşaqlar üçün gizli təhlükə - Bir əlamət var ki...

Sağlamlıq

19 Noyabr 2026 16:34 26


Bağçaya gedən uşaqların tez-tez infeksiyalara yoluxması əksər hallarda immun sisteminin zəif olması ilə deyil, sıx kollektivdə müxtəlif virus və bakteriyalarla daha çox təmasda olmaları ilə əlaqədardır.

Pediatr-infeksionist Aytən Ziyadova bu barədə “Yeni Sabah”a açıqlamasında bildirib ki, bağçalar uşaqların infeksiyalara ən çox məruz qaldığı mühitlərdən biridir. Bunun əsas səbəbləri uşaqların sıx kollektivdə olması, yaxın təmasda oyuncaq və müxtəlif səthləri paylaşması, eləcə də gigiyena vərdişlərinin hələ tam formalaşmamasıdır.

Onun sözlərinə görə, infeksiyalar əsasən hava-damcı, təmas və fekal-oral yollarla yayılır. Bağça yaşlı uşaqlarda yuxarı tənəffüs yollarının kəskin infeksiyalarına daha çox rinovirus, adenovirus, RSV və qrip virusu səbəb olur. Bağırsaq infeksiyaları arasında isə rotavirus və norovirus üstünlük təşkil edir. Onlayn mağaza

Mütəxəssis qeyd edib ki, bütün infeksiyalar eyni dərəcədə təhlükəli deyil. Virus mənşəli yüngül respirator xəstəliklərin əksəriyyəti öz-özünə sağalsa da, qripin ağırlaşmaları, bakterial pnevmoniya, invaziv Hib və meningokok infeksiyaları, göyöskürək və qızılca daha ciddi fəsadlara səbəb ola bilər. Bu xəstəliklərin bir çoxunun peyvənd vasitəsilə qarşısını almaq mümkündür.

A.Ziyadova bildirib ki, kiçik yaşlı uşaqlarda qusma və ishal zamanı əsas təhlükələrdən biri orqanizmin susuzlaşmasıdır. Buna görə valideynlər belə hallarda uşağın vəziyyətini diqqətlə izləməlidirlər.

Pediatr-infeksionist ilkin klinik əlamətlərin hərarət, öskürək, burun axması, halsızlıq və iştahanın azalması olduğunu deyib. Bununla yanaşı, bəzi simptomlar təcili tibbi müdaxilə tələb edir.

Belə ki, uşağın sürətli və ya çətin nəfəs alması, hərarətin 3 gündən çox davam etməsi, həddindən artıq halsızlıq, qıcolma, ənsə əzələlərinin sərtləşməsi, qızdırma fonunda səpgilərin yaranması, sidiyin azalması, ağız boşluğunun quruması və ağlayarkən göz yaşının olmaması təhlükəli əlamətlər hesab olunur. Üç aylıqdan kiçik körpələrdə isə istənilən hərarət həkim müayinəsini zəruri edir.

Mütəxəssis infeksiyalardan qorunmaq üçün ən effektiv vasitənin peyvəndləmə olduğunu vurğulayıb. Onun sözlərinə görə, uşaqlar milli peyvənd təqviminə uyğun immunizasiya olunmalı, həkimin tövsiyəsi ilə mövsümi qrip peyvəndi də nəzərdən keçirilməlidir.

Bununla yanaşı, əllərin müntəzəm yuyulması, otaqların havalandırılması və xəstə uşağın kollektivdən müvəqqəti uzaqlaşdırılması infeksiyaların yayılma riskini azaldır. Hərarət düşdükdən sonra uşağın ən azı 24 saat evdə saxlanılması da tövsiyə olunur.

A.Ziyadova antibiotiklərin virus infeksiyalarına təsir etmədiyini xatırladaraq, onların həkim təyinatı olmadan istifadəsinin həm faydasız olduğunu, həm də antibiotiklərə qarşı davamlılığın yaranmasına şərait yaratdığını diqqətə çatdırıb.

Pediatr-infeksionist valideynlər arasında geniş yayılmış “uşaq tez-tez xəstələnirsə, deməli, immuniteti zəifdir” fikrinin də hər zaman doğru olmadığını bildirib.

O qeyd edib ki, uşaq immun sistemi müxtəlif antigenlərlə qarşılaşdıqca formalaşır. Xüsusilə bağçaya yeni başlayan 3-6 yaşlı uşaqlarda ildə 6-10 respirator virus infeksiyasının müşahidə olunması bir çox hallarda fizioloji hesab edilir.

Bununla belə, ildə bir neçə dəfə pnevmoniya keçirmək, ağır və uzunmüddətli bakterial infeksiyalar, qeyri-adi törədicilərin yaratdığı xəstəliklər, antibiotik müalicəsinə zəif cavab, boy və çəki artımında geriləmə, eləcə də ailədə immun çatışmazlığı tarixçəsinin olması diqqət tələb edir. Belə hallarda uşağın immunoloji müayinədən keçirilməsi zəruridir.

Mütəxəssis son olaraq valideynləri immunomodulyator preparatların istifadəsində ehtiyatlı olmağa çağırıb. Bildirib ki, bu preparatların əksəriyyətinin uşaqlarda effektivliyini təsdiqləyən elmi sübutlar məhduddur və onların əsassız tətbiqi tövsiyə edilmir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!