“Onlara güllə, top, tank bəs eləmir, xəstəliklərdən müharibə vasitəsi kimi istifadə edirlər”
04 May 2021 17:33
517

“Onlara güllə, top, tank bəs eləmir, xəstəliklərdən müharibə vasitəsi kimi istifadə edirlər”

Koronavirus epidemiyasının dünyanı cənginə aldığı bir vaxtda COVID-19-un vətəni olan Çinin Uhan şəhərində, eləcə də digər bölgələrdə həyat əvvəlki axarına qayıdıb. Ölkədə artıq maska məhdudiyyəti tamamilə aradan götürülüb. Üstəlik yüzlərlə insanın iştirakı ilə festivallar keçirilir. Görüntülərə əsasən, kütləvi əyləncə tədbirlərində heç kəsin sosial məsafəyə məhəl qoymadığını da demək mümkündür.

Maraqlıdır, Çin virusun kökünü kəsməyi necə bacardı? Bu üsul nə üçün digər ölkələrdə tətbiq edilmir?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Tibb Universiteti Farmakologiya kafedrasının dosenti Aydın Əliyev qeyd edib ki,

“İlk vaxtlar virusun yayılmasında ABŞ, Rusiya və Çinin adı çəkilirdi, onların rolunun olduğu deyilirdi. Sonda Uhan şəhərinin üstündə dayanıldı. Çin isə bəzən virusun digər ölkələrdən onlara gətirildiyini deyirdi. İndi elə bir vəziyyət yaranıb ki, xəstəliklər haqqında həkimlərdən çox, siyasətçilərin fikri ortaya atılır. Televiziyaya baxın, həkimlər kənarda qalıb, siyasilər fikir söyləyir. Görünür, bu xəstəlik Azərbaycanda da, dünyada da siyasiləşdi. Bizim ölkəmiz ərazi baxımından kiçikdir, lakin xaricdən də bizə təsirlər edirlər. Peyvəndləri düz bölmürlər. Biz bu müddət ərzində peyvənd baxımından neçə ölkəyə kömək də elədik, amma ümumi bölgüdə ədalətsiz davranışlar oldu”.

Həkim vurğulayıb ki, peyvəndlər ÜST tərəfindən təsdiq olunub sonra ölkələrə paylanmalıdır:

“Amma hər ölkə öz peyvəndini reklam edərək satır. Bir həkim kimi anormal vəziyyət müşahidə edirəm. Vaxtilə Stalin də xəstəliklərdən bioloji silah kimi istifadə etmək üçün laboratoriyalar düzəltdirirdi. Görünür, psixologiyası pozuq, şizofreniyadan əziyyət çəkən adamlara güllə, top, tank bəs etmir, onlar xəstəliklərdən də müharibə vasitəsi kimi istifadə edirlər. Ancaq necə yaranmasından asılı olmayaraq reallıq odur ki, hazırda bu xəstəlik var və yayılmasının qarşısı alınmalıdır. Burada həm həkimlərin, həm də hökumətin dediyi hallara diqqət yetirilməlidir. Özümüzü qorumağı bacarmalı, təmizliyə fikir verməli, qaydalara tabe olmalıyıq, bu gün bizim başqa yolumuz yoxdur. Peyvəndləmə əsas şərtdir, amma təmizlik halları da ondan geri qalmır. Çinlə isə heç bir halda müqayisə oluna bilmərik. Onlarda peyvəndləmə daha çox və güclüdür. Çin əhalisinə yaxşı şərait yaradılıb və onlar bundan istifadə edirlər. Sanki Çin bu xəstəliyin yayılmasının öz ölkəsində ləngitməklə dünyaya bir siyasi güc göstərir. “Mən nəinki digər ölkələrdən, hətta ABŞ-dan da üstün bir vəziyyətdəyəm”,-deyir”.

Sayad HƏSƏNLİ

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər