Vaxtından əvvəl dünyaya gələn körpələrin sağlam böyüməsi üçün xüsusi tibbi nəzarət, düzgün qidalanma və valideyn qayğısı həyati əhəmiyyət daşıyır.
“Yeni Sabah” xəbər verir ki, Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Pəri Məmmədova vaxtından əvvəl doğulan körpələrin sağlamlığı, üzləşdikləri risklər və onların düzgün böyüdülməsi ilə bağlı sualları cavablandırıb.
Mütəxəssisin sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tərifinə əsasən, hamiləliyin 37-ci həftəsi tamamlanmadan dünyaya gələn körpələr vaxtından əvvəl doğulmuş hesab edilir. Normal hamiləlik müddəti isə təxminən 40 həftədir. İnternetdən sifariş
Həkim bildirib ki, doğuş nə qədər erkən baş verərsə, körpənin xarici mühitə uyğunlaşması bir o qədər çətinləşə bilər. Hestasiya yaşına görə bu uşaqlar üç qrupa bölünür: 28-ci həftədən əvvəl doğulanlar ekstremal erkən, 28–32-ci həftələr arasında doğulanlar çox erkən, 32–37-ci həftələr arasında dünyaya gələnlər isə orta və gec vaxtından əvvəl doğulmuş körpələr hesab edilir.
Pəri Məmmədova qeyd edib ki, erkən doğuşa ananın sağlamlıq vəziyyəti, hamiləliyin gedişi və dölün inkişafı ilə bağlı müxtəlif amillər səbəb ola bilər. Anada yüksək arterial təzyiq, preeklampsiya, şəkərli diabet, böyrək və ürək-damar xəstəlikləri, bəzi infeksiyalar, eləcə də plasenta problemləri riski artıran əsas amillərdəndir.
Bundan başqa, əkiz və üçəm hamiləliklər, əvvəlki hamiləlikdə erkən doğuşun baş verməsi, siqaret və alkoqol istifadəsi, qeyri-kafi qidalanma da bu ehtimalı yüksəldə bilər. Bununla belə, həkim vurğulayıb ki, bəzən heç bir aşkar risk faktoru olmayan qadınlarda da vaxtından əvvəl doğuş baş verə bilər.
Erkən doğulan körpələri hansı təhlükələr gözləyir?
Pediatrın sözlərinə görə, belə körpələrdə əsas problemlər orqan və sistemlərin tam yetişməməsi ilə əlaqədardır. Xüsusilə ağciyərlərin inkişafının tamamlanmaması müstəqil nəfəs almaqda çətinlik yarada bilər. Bəzi hallarda körpələrə əlavə oksigen və xüsusi tənəffüs dəstəyi lazım olur.
Bundan əlavə, sinir sisteminin tam inkişaf etməməsi nevroloji problemlərə, mədə-bağırsaq sisteminin yetişməməsi qidalanma çətinliklərinə səbəb ola bilər. İmmunitetin zəifliyi infeksiyalara yoluxma riskini artırır. Sarılıq, qanazlığı, bədən temperaturunun tənzimlənməsində çətinliklər, görmə və eşitmə problemləri də müşahidə oluna bilər.
Həkim bildirib ki, ağciyərlərin normal işləməsi üçün vacib olan surfaktant maddəsinin kifayət qədər yaranmaması tənəffüs çatışmazlığına səbəb ola bilər. Belə hallarda körpəyə oksigen dəstəyi, xüsusi tənəffüs aparatları və surfaktant preparatları tətbiq edilir.
Ana südü körpənin həyatında mühüm rol oynayır
Pəri Məmmədova ana südünün vaxtından əvvəl doğulan körpələr üçün ən dəyərli qida mənbələrindən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, ana südü həm zəruri qida maddələri ilə təmin edir, həm də immun sisteminin inkişafına və infeksiyalardan qorunmağa kömək göstərir.
Xüsusilə doğuşdan sonrakı ilk günlərdə ifraz olunan ağız südü – kolostrum qoruyucu maddələrlə zəngindir. Çox erkən doğulan və çəkisi aşağı olan körpələrdə isə bəzi hallarda ana südünə xüsusi qida əlavələrinin qatılması tələb oluna bilər.
Körpə ananın döşünü əmə biləcək qədər güclü olmadıqda süd sağılaraq verilə, zərurət yaranarsa, xüsusi zond vasitəsilə qidalandırıla bilər.
Valideynlər evdə nələrə diqqət etməlidir?
Pediatr qeyd edib ki, körpənin xəstəxanadan evə buraxılması tibbi nəzarətin başa çatması demək deyil. Bu mərhələdə onun qidalanması, çəkisinin artması, boyu və baş çevrəsinin inkişafı mütəmadi izlənilməlidir.
İnfeksiyalardan qorunmaq üçün əllərin gigiyenasına əməl edilməli, xəstə insanlarla təmas məhdudlaşdırılmalı və körpənin olduğu mühitdə siqaret tüstüsünə yol verilməməlidir. Vitamin D, dəmir və digər preparatlar yalnız həkim tövsiyəsinə uyğun verilməlidir.
Mütəxəssis valideynlərə körpənin yuxu rejiminə də xüsusi diqqət yetirməyi tövsiyə edib. Onun sözlərinə görə, uşaq mütləq arxası üstə, sərt və düz səthdə yatızdırılmalı, yataqda yastıq, yumşaq oyuncaq və digər artıq əşyalar saxlanılmamalıdır.
Həmçinin kenquru üsulu – körpənin valideynin sinəsi üzərində dəri-dəri təmasda saxlanılması bədən temperaturunun tənzimlənməsinə, ana südü ilə qidalanmanın yaxşılaşmasına və emosional bağlılığın güclənməsinə kömək edir.
Pəri Məmmədova xəbərdarlıq edib ki, körpədə tənəffüs çətinliyi, göyərmə, qidalanmadan imtina, həddindən artıq süstlük, qıcolma, sidik ifrazının azalması və ya hərarət dəyişiklikləri müşahidə olunarsa, dərhal tibbi yardıma müraciət edilməlidir.
Sonda pediatr valideynlərə müraciət edərək bildirib ki, vaxtından əvvəl doğulmaq uşağın gələcəkdə sağlam inkişaf etməyəcəyi anlamına gəlmir. Müasir tibbin imkanları, vaxtında göstərilən yardım, düzgün qulluq və ailənin diqqəti sayəsində bu körpələrin bir çoxu sağlam böyüyə bilər.
Aytac Əliyeva
Telegram kanalımız