“Hazırda Bakıda xətdə olan avtobus və taksilərin hamısı irəli sürülən tələblərə cavab vermir. Tələblər ondan ötrüdür ki, avtobus və taksilər, sürücülər, daşıyıcılar, infrastruktur, avtobus dayanacaqları həmin tələblərə uyğunlaşdırılsın”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov Nazirlər Kabinetinin sərnişindaşıma ilə bağlı irəli sürdüyü tələbləri şərh edərkən deyib. Onun sözlərinə görə, bəzi tələblər 2022-ci ilə qədər qüvvəyə minəcək: "Elə tələblər var ki, onların tam qüvvəyə minməsi gələcəyə yönəlib. Qeyd olunur ki, avtobusların ancaq sıxılmış qazla təzhiz olunmuş və ya elektrik mühərrikləri olmalıdır. Bunlar 2022-ci ildən qüvvəyə minəcək. Əsas yanaşma odur ki, hazırda mövzud olan taksi və avtobus parkı həmin tələblərə uyğunlaşdırılsın. Bu gün konkret olaraq texniki, infrastruktur tərəfindən, həmçinin sürücülərin yanaşmasında ciddi çatışmazlıqlar var. Tələblər hüquqi tələblərdir. Normativ hüquqi aktdır və belə olmalıdır. Qalır onun icrası. Çalışmaq lazımdır ki, tədricən avtobus və taksilər, sürücülər yavaş -yavaş həmin tələblərə uyğunlaşsınlar”.
Ekspert bildirib ki, tələblər həm hazırkı avtobuslarda tətbiq oluna bilər, həm də yeni avtobuslar alınmalıdır: pizza mizza
“Burada hər iki variant keçərlidir. Məsələn, 2022-ci ildə qüvvəyə minəcək sıxılmış qaz və elektrik mühərriki tələbini Bakı şəhərində köhnə “B” markalı avtobuslara uyğunlaşdırmaq olmayacaq. Gərək mühərrikini dəyişəsən, onu dəyişmək də yeni avtobus almaq kimi bir şeydir. Amma bəzi tələbləri indiki avtobuslarda da 3 il müddətində tədricən tətbiq etmək olar. Orada tələblərdən biri nağdsız ödənişlərlə bağlıdır. Bakı Nəqliyyat Agentliyi çalışır ki, bunu etsin. Hardasa 500 avtobusda nağdsız ödəmədir. Texniki təchizatla bağlı iki yanğınsöndürən balonun, dərman qutusunun olması, belə şeylər asandır. Bunları tətbiq etmək olar. Yerdə qalan məsələlər də mümkün olanların üzərində tətbiq ediləcək, olmayanlar üçün yeni avtobuslar alınmalıdır. Gələcəkdə gətirilən avtobuslar bu tələblərə uyğun olmalıdır”.
Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Mais Ağayev bildirib ki, bu, şəhər nəqliyyatı baxımından çox vacib tələblərdir. Qısa zamanda bu barədə BNA açıqlama verəcək.
Qeyd edək ki, Baş nazir Novruz Məmmədov Bakı şəhərində sərnişindaşıma ilə bağlı qərar imzalayıb. Qərara əsasən, “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər” təsdiq edilib.
Əsmər Qabil
Telegram kanalımız