16 Avqust - 05:05
Anarın 35 illik hakimiyyəti: “Hərənin ağzından bir avaz gəlir...”

Anarın 35 illik hakimiyyəti: “Hərənin ağzından bir avaz gəlir...”

Yazar

24 İyun 2022 12:45 10464


35 ildir Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri olan Xalq yazıçısı Anarın növbəti dəfə bu posta namizədliyini irəli sürəcəyini elan etməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmadı.

Bəziləri Anarın növbəti qurultayda vəzifəsindən könüllü getməsini təklif etdilər. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan yazıçı, publisist Xeyrəddin Qoca qeyd edib ki, Anar Rzayevin yenidən sədrlik üçün namizədliyini verməsi düzgün qərardır:

“Bilirsiniz, mən Anar müəllimsiz Yazıçılar Birliyini təsəvvür edə bilmirəm. Anar müəllim ağsaqqal, görkəmli, hörmətli yazıçıdır. Onun yenidən sədrliyə namizədliyini verməsi çox düzgün qərardır və lazımdır. Burada başqa məna axtarmaq lazım deyil. Nə olsun ki, 35 il bu vəzifədə işləyib? Adam var 70-80 il eyni vəzifədə işləyib. Çıxıb maaşsız qalmalı deyil ki, bunlar gülməli şeylərdir. Anar Rzayevin təcrübəsi böyükdür, Yazıçılar Birliyinə başçılıq etmək isə o qədər də asan deyil. Mən özüm dəfələrlə Anar müəllimə sual vermişəm ki, siz burada necə dözürsünüz? O da cavab verirdi ki, elə mən də ömür boyu bunu düşünürəm ki, necə dözmüşəm? Orada sədrlik çox çətin bir şeydir, hərənin ağzından bir avaz gəlir. Bizə Anar müəllim kimi ağsaqqal həmişə lazımdır”.

Qeyd edək ki, Anar bu vəzifəni 1987-ci ildən icra edir. AYB 1934-cü ildə yaradılıb. Bu günə qədər qurumun 15 sədri olub ki, onların da arasında yazıçı Anardan başqa ən çox vəzifədə olanı Mirzə İbrahimovdur. Belə ki, Mirzə İbrahimov 10 il (1965-1975-ci illərdə) quruma rəhbərlik edib. Rəsul Rza, Süleyman Rəhimov, İsmayıl Şıxlı kimi yazıçılar isə cəmi 1 il rəhbər olublar. 

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!