Azərbaycan regional və qlobal iqtisadi platformalarda mövqeyini gücləndirməkdə davam edir. Ölkəmiz BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) İnnovasiya, Rəqabətlilik və Dövlət-Özəl Tərəfdaşlığı üzrə Komitəsinin (CICPPP) rəhbər heyətinə seçilib.
“Yeni Sabah” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə istinadən bildirir ki, İsveçrənin Cenevrə şəhərində keçirilən komitənin 19-cu sessiyasında Azərbaycan 2026–2028-ci illər üzrə Komitə Bürosunun rəhbər heyətində təmsil olunmaq hüququ qazanıb. İqtisadiyyat Nazirliyinin nümayəndəsi Türkan Vüsət Komitə Bürosunun sədr müavini vəzifəsinə seçilib.
Azərbaycanın belə bir nüfuzlu qurumun rəhbərliyində təmsil olunması ölkə iqtisadiyyatı üçün bir neçə mühüm istiqamətdə yeni qapılar açır. Ölkəmiz dövlət-özəl tərəfdaşlığı (DÖT) sahəsində qlobal standartların və model qanunların hazırlanması prosesində birbaşa iştirak edəcək. Beynəlxalq ekspert şəbəkələri ilə əməkdaşlıq genişlənəcək, qabaqcıl metodologiyalar və uğurlu idarəetmə modelləri ölkəmizdə tətbiq olunacaq. Azərbaycanın bu sahədəki fəaliyyətinin beynəlxalq platformada birbaşa təbliği xarici investorlar və qlobal inkişaf tərəfdaşları ilə yeni birgə layihələrin reallaşdırılmasını stimullaşdıracaq. pizza sifarişi
Qeyd edək ki, BMT-nin Avropa İqtisadi Komissiyası iqtisadi əməkdaşlıq, ticarət, nəqliyyat, enerji və innovasiya sahələrində beynəlxalq standartların formalaşdırılmasında mühüm rol oynayan ən nüfuzlu regional təşkilatlardan biridir. Azərbaycanın rəhbərliyinə seçildiyi Komitə isə dayanıqlı iqtisadi inkişaf modellərinin qurulmasına cavabdeh olan əsas platforma hesab olunur.
Cəlalə Cəlalqızı
Telegram kanalımız