Ermənistan müxalifətinin keçirdiyi aksiyalar gözlənilən effekti verməyib. Siyasi rəqibləri açıq-aşkar Baş nazir Nikol Paşinyana məğlub olmaqda davam edirlər. Bununla paralel olaraq son günlər Ermənistanın siyasi kuluarlarında ölkədə terror aktının törədiləcəyi ilə bağlı mülahizələr də dolaşmaqdadır.
Onu da qeyd etmək yerinə düşər ki, bu ehtimalları təkcə yerli deyil, o cümlədən xarici ekspertlər də bölüşməyə başlayıblar. Doğrudanmı, Ermənistanda terror aktı gözlənilir, yoxsa “5-ci kolon” bununla Paşinyana mənəvi-psixoloji təsir yaratmaq istəyir? Ermənistanda hansı qüvvənin terror aktı törətmək potensialı var?
Yenisabah.az-la fikirlərini bölüşən Azərbaycan Xalq Partiyasının (AXP) sədri, sabiq Baş nazir Pənah Hüseyn vurğulayıb ki, Azərbaycan dövləti bu məsələ ilə bağlı hərəkətə keçməlidir:
“Məncə, Paşinyanın rəqiblərini alt-üst etməsi barəsində danışmaq hələ tezdir. Amma, hər halda, Rusiyadan kifayət qədər dəstək alarlarsa, yaxud da Rusiya Paşinyanın zərərinə olan “düyməni” basarsa, bəli, orada vəziyyət gərginləşə bilər.
Özünüz görürsünüz, müxalifət aksiya iştirakçılarının sayını kritik şəkildə çox toplaya bilmir. Bu, bəllidir. Eləcə də müxalifət çox qeyri-konstruktiv mövqe nümayiş etdirir. Məncə, Azərbaycan da bununla bağlı öz mövqeyini bildirməlidir. Çünki bu, yalnız Ermənistanın daxili məsələsi deyil, əksinə, Azərbaycan və region üçün təhlükəli və təhdid törədə bilən bir məsələdir”.
AXP sədrinin sözlərinə görə, Azərbaycan Prezidenti bu məsələ ilə bağlı Ermənistan cəmiyyətinə müraciət etməlidir:
“Bildiyiniz kimi, müxalifət revanşist fikirlərlə çıxış edir və hətta mən bir neçə dəfə də ifadə etmişəm ki, Azərbaycan Prezidenti Ermənistan cəmiyyətinə bir müraciət etməlidir ki, erməni xalqı seçim etməkdə yanılmasın və hazırda sülh müqaviləsi ilə bağlı gedən proses başa çatsın. Çünki Ermənistanın və erməni millətinin gələcəyi bu sülh müqaviləsinin bağlanmasından əhəmiyyətli şəkildə asılıdır”.
Terror aktlarının olub-olmaması ilə bağlı səsləndirilən mülahizələrə toxunan eks Baş nazir bildirib ki, bu hal da istisna deyil: “O ki qaldı terror aktlarının olmasına, Ermənistan tarixinin terror aktları ilə dolu olduğu hər kəsə məlumdur. O cümlədən ən yeni tarixində baş verənlər, dövlət çevrilişləri və s. – bunların heç birini istisna etmək olmaz.
Ona görə də Azərbaycan olaraq biz Ermənistanda inkişaf edəcək bütün situasiyaların həll ssenarisinə hazır olmalıyıq”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız