Azərbaycanda dilənçilərə münasibət dəyişəcək? -  “Polis onları tutmur, qovur“
23 Yan 2021 12:43
337

Azərbaycanda dilənçilərə münasibət dəyişəcək? - “Polis onları tutmur, qovur“

“Avropa Məhkəməsinin dilənçiliklə bağlı verdiyi qərar presedentdir. Yəni bütün belə hallara tətbiq olunması nəzərdə tutulur. Bundan sonra Azərbaycanda da kimsə 523-cü maddənin 1-ci hissəsinə əsasən (dilənçiliyin yeganə dolanışıq mənbəyi olması-işsizlik və səhhəti imkan vermədiyi üçün dilənçilik etmək), məsuliyyətə cəlb olunarsa, bu, insan hüquqlarının pozulması kimi qəbul ediləcək”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Vəkillər  Kollegiyasının üzvü Əsabəli Mustafayev deyib. Hüquqşünas qeyd edib ki, Azərbaycan qanunvericiliyində avaralığa görə məsuliyyətə cəlb edilmə nəzərdə tutulub:

“İnzibati Xətalar Məcəlləsinin 523-cü maddəsi var. O, avaralıqla məşğul olmaq adlandırılır. Yəni birbaşa dilənçilik göstərilmir. Ancaq maddənin tərkibində qeyd hissəsi mövcuddur. Bu məsələdə istisna odur ki, əgər şəxs Məşğulluq İdarəsində qeydiyyata alınıbsa, onun fəaliyyəti avaralıq sayılmır. Lakin qeydiyyatda yoxdursa, hərəkətləri qəsdlə edilmiş hesab olunur. Yəni bilərək işləməyib ancaq dilənçiliklə dolanırlar. Əgər sübut olunsa ki, şəxs iş tapa bilmədiyi üçün, yaxud sağlamlığı imkan vermədiyi üçün dilənçilik edir, ona cəza tətbiq olunmamalıdır. Yəni 523-cü maddə onlara şamil edilə bilməz. Əslində, həmin maddə qanunvericilikdə öz əksini tapsa da, tətbiqi barədə məndə nümunə yoxdur. Adətən, biz dilənçiləri bir çox yerdə görürük. Amma onları polisin tutub aparmasının şahidi olmuruq. Sadəcə olduqları yerdən qovurlar. 523-cü maddədə nəzərdə tutulub ki, şəxslərə birinci dəfə xəbərdarlıq olunur. Əgər səhv ikinci dəfə də təkrarlanırsa, artıq o, 10 günədək inzibati qaydada həbs oluna bilər. Əgər xarici vətəndaşdırsa, o cərimə olunaraq ölkədən deportasiya edilir. Həmin maddənin ikinci hissəsində isə yetkinlik yaşına çatmayan uşaqların dilənçiliyə cəlb olunması ilə bağlı tətbiq olunan cəza öz əksini tapıb. Burada onu dilənçiliyə cəlb edən şəxs barədə 5-10 gün arası həbs qərarı verilir”.

Sayad HƏSƏNLİ

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər