Biz də medianın afətləriyik

saytların hazırlanması

Evə çatdırılma

Biz də medianın afətləriyik

Sosial

20 Avqust 2022 17:21 1897


Müğənni Afət Fərmanqızı “Yeni Sabah”a açıqlama verib. Bayağı mahnılar, öz dili ilə desəm, səviyyəsiz mahnılar oxumasının səbəblərini açıqlayıb. Deyib ki, mən məcburam ki, belə oxuyum, nə edim, çörəyim bunadan çıxır. 

Məncə, onun dediklərini sitatla təqdim etsəm, daha yaxşı olar: “Yeni gələn müğənnilərə bunun yolunu deyirəm: Keçirsən səviyyəsiz mahnılara, onları oxuyursan. Vəssalam, qaz-vurub, qazan doldurursan. Kim deyirsə ki, peşəkar mahnı ifa etdim və “tutuzdurdum” böyük ehtimalla, yalandır”. 

2-3 gün əvvəl MEDİA Agentliyi media subyektlərinə müraciət edib. Müraciətdə bir neçə haqlı nüanslar var. Onlardan biri də odur ki, bəzi media subyektləri aldadıcı başlıqlar təqdim edib, oxucuları aldadır. Qadan alım, bu ölkədə kim, kimi aldatmır ki?! Vallah da, billah da ən zərərsizi elə media subyektlərinin başlıqla oxucuları aldatmasıdır. Bundan əmin olun ki, bu aldadıcı başlıqlardan maddi olaraq heç kim zərər görmür. Olsa-olsa oxucu yağlı bir söyüş söyüb həmin səhifəni bağlayır. Vəssalam. Təki bütün problemlər mediada olan problemlərin həlli qədər asan olsun.  Pepperoni pizza

Afət Fərmanqızına qayıdaq: Onun bu açıqlamasındakı şou-biznes sözünü media sözü ilə, müğənnilər sözünü jurnalistlər sözü ilə əvəz edək. Başqa heç bir nöqtə, vergülə dəyməyək və mətni oxuyaq. 147 yaşlı milli mətbuatımızın durumu gözünüzün qarşısında videosüjet kimi canlanacaq. Hə, biz beləyik. Həqiqətən də çox oxşarıq.  

Necə ki, hər kəs şou-biznesdəki “rakada-çika” izləyicisidir, elə mediamızda da durum fərqli deyil. Bizi özümüz deyil, oxucularımız idarə edir. Daha doğrusu, buna məcburuq...

İndi təsəvvür edin, tam ciddi, sosial əhəmiyyət daşıyan, siyasi ağırlıqlara önəm verən, tər-təmiz ağıllı adamların şərhlərindən ibarət yazılar təqdim edirik. Burada yalnız düşünən adamları maraqlandıran materiallar manşet olur. Dərin söhbətlər, informasiyalar, ciddi başlıqlar, siyasi təhlillər yer alır. Sizcə, bu siyasəti yeridən medianın oxucusu nə qədər olacaq? Mən deyim: Bütün istiqamətlər üzrə reytinqlərdə sonuncu yeri tutacaq, sürünəcək, heç kimin diqqətini cəlb edə bilməyəcək.

Sonuc da o olacaq ki, gəliri olmadığından maddi imkansızlıq yaranacaq və sayt bağlanacaq. Bu birmənalı belədir. Yaxşı bəs indi nə edək? Körpü dağılıb: qarşıda alov, arxada uçurum var. Biz müqəddəs Məryəm ola bilmərik axı. Heç zaman da o zaman deyil. Zaman o zamandır ki, səni oxuyan var, kütlə üçün maraqlısan.

Son zamana qədər Azərbaycanın sosial şəbəkə fenomeninin Tosu olduğunu unutmamışıq axı. Oxucu hamımızdan Tosu olmağı tələb edir. Afət olmağımızı istəyir. İndi ağıllı olmaq zamanı deyil, əfəndilər. Biz istəməsək də, bu tələbə cavab verməliyik. Elə siz də...

Bu cümlələri yazarkən “Yeni Sabahın” top 10 xəbərinə baxdım: ilk beşlik FHN-dəki intim videolarla bağlı xəbərlərdən ibarət idi. Orada məni sevindirən bircə xəbər vardı ki, o da yazıçı Əkrəm Əylislidən açıqlama idi, yeddinci yerdə dayanırdı. Hətta buna sevindim ki, yazıçımızın fikirlərini oxuyan var. Elə bilirsiniz, Afət Fərmanqızı demişkən, səviyyəsiz ifa bizim xoşumuza gəlir?! Biz hamımız Afət olmağa məhkum edilmişik, biləsiniz!

Bu fikirləri yazarkən bəlkə də elə görünür ki, özümüzü təmizə çıxarmağa çalışıram. Qətiyyən belə deyil. Mediada bu şərtlərlə çalışan kimsə özünü təmiz elan edirsə, ona heykəl qoyun. Ona görə yox ki, o təmizdir. Ona görə ki, hər kəsin bir-birini tanıdığı bu kiçik meydançada özünü təmiz adlandıracaq qədər qırmızı yalan danışa bilir...

Elnur Məmmədli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!