Bu gün o sözü deyəndə utanmadım...
31 Dek 2020 12:42
892

Bu gün o sözü deyəndə utanmadım...

Cəbrayıl işğal olunandan sonra bizimçün bayramların təqvimdəki digər günlərdən bir o qədər də fərqi yox idi. Eni-uzunu beş addım olan darısqal, rütubətli otaqlarda şadyananlıq etmək arsızlıq olardı. Demirəm ki, bütün günü oturub əsir yurdlarımızın dərdini çəkirdik. Amma kef də çəkmirdik. Yağı düşmən sinəmizə elə dağ çəkmişdi ki, kef çəkmək yadımıza düşmürdü...

Hamı kimi biz də bu cəmiyyətin bir parçasıyıq. Hamı kimi biz də illərdən bəri daşlaşmış ənənələrimizə sadiqik. Hamı kimi biz də valideynlərimizdən böyüyə hörmət, kiçiyə mərhəmət göstərməyi öyrənmişik...

Bayram günlərində ilk işim indi haqq dünyasında olan rəhmətlik əmilərimi aramaq, hal-əhval tutmaq, ən xoş arzularımı dilə gətirmək olardı. Taleyin köçkünlük yükünü daşıyan təmənnasız bir yazarın ən böyük arzusu nə ola bilər? Əlbəttə, doğma yurda, isti ocağa qovuşmaq! Mən də hər fürsətdə bunu dilə gətirirdim.

Əmilərim yaşa dolduqca bu mövzuda daha ehtiyatla danışmalı olurdum. Mən bu sözləri deməkdən yorulmasam da, onlar eşitməkdən yorulmuşdular: “İnşallah, növbəti bayramı öz kəndimizdə keçirərik”.

İllər quşqanadlı idi. İllər su kimi axıb keçdi. Tariximizə və taleyimizə qara hərflərlə yazılan bu 27 il qara daş kimi ürəyimizdən asılıb qaldı. Əvvəl sinəsi dastanlarla dolu olan nur üzlü nənəm, sonra isə ziyalılığın simvolu olan atam, əmilərim bir-birinin ardınca bu dünyanı tərk etdilər. Növbəti bayramı Qarabağda keçirmək onlara nəsib olmadı...

Uca Allahın mərhəmətinə şükürlər olsun. Bu dünyada hələ də bayramını təbrik etməyi özümə borc bildiyim qanı qanımdan, canı canımdan olan ağsaqqallar, nur üzlü ağbirçəklər var. Bu gün ilk işim onları aramaq oldu. Ötən 27 ildə hər bayramda dediyim sözlər yenə dilimin ucunda idi: “İnşallah, növbəti bayramı öz kəndimizdə keçirərik”.

Bu dəfə o sözləri deyəndə utanmadım. Bu dəfə daha ürəkli idim. Artıq doğma Qarabağımız azaddır. Doğma Cəbrayılım, doğma Soltanlım bayramı igid Azərbaycan əsgərləriylə birlikdə qarşılayır. Qarabağda bayram bayrama qarışıb...

Bayramınız mübarək!

Seymur VERDİZADƏ

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər