Dövlət satınalmalarında icra təminatlarının elektron təqdim edilməsi mümkün olacaq.
Bu barədə "Yeni Sabah"a Azərbaycan Respublikası Maliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS) “e-müqavilə” altsistemində dövlət satınalma müqavilələri üzrə icra təminatının elektron təqdim edilməsi funksiyası yaradılıb. Dördpendirli pizza
Maliyyə Nazirliyinin Mərkəzi Bankla birgə həyata keçirdiyi tədbirlər nəticəsində yaradılan yeni funksionallıq Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən məlumat mübadiləsinə və banklar tərəfindən təqdim olunan icra təminatlarının elektron formada əldə edilməsinə imkan verir.
Hazırda yeni funksionallığın bir sıra kommersiya bankları ilə tətbiqi təmin edilib. Beləliklə, həmin banklar tərəfindən verilən icra təminatları artıq elektron qaydada təqdim olunur.
Qeyd olunub ki, digər bankların da inteqrasiya prosesinə qoşulması ilə icra təminatlarının daha geniş miqyasda elektronlaşdırılması, təchizatçılar üçün bank seçimi imkanlarının artırılması və dövlət satınalmalarında tam rəqəmsal xidmət zəncirinin formalaşdırılması nəzərdə tutulur. Bu istiqamətdə Mərkəzi Bankla birgə işlər davam etdirilir.
Yeni funksionallıq icra təminatlarının kağız formada təqdim edilməsinə ehtiyacı azaldacaq, məlumatların elektron qaydada yoxlanılmasına, proseslərin sürətləndirilməsinə və satınalma iştirakçıları üçün inzibati yükün azaldılmasına imkan verəcək.
Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” qanunun 38.2-ci maddəsinə əsasən, qalib təchizatçı satınalma müqaviləsini informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalamaqla yanaşı, qanunvericiliklə tələb olunan hallarda icra təminatını da satınalan təşkilata təqdim etməlidir.
Aytac Əliyeva
Telegram kanalımız