Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Bütün didərginlər Ağcabədiyə dönəcək 
09 İyl 2021 08:44
4693

Bütün didərginlər Ağcabədiyə dönəcək 

“Haqqımızda padşah vermiş fərmanı,

Fərman padşahındır, dağlar bizimdir"

(Dadaloğlu)

İyunun 2-də xəbər lentində çox qəribə bir informasiya oxumuşdum, üstündən 1 həftəyə yaxın zaman keçir, lakin mən hələ də o xəbərin təsiri altındayam. Xəbərdə deyilirdi: Ağcabədi şəhərinin baş planını Nazirlər Kabineti təsdiqləmişdir.

Sən demə, Ağcabədinin sonuncu baş planı 1987-ci ildə hazırlanıbmış, 20 ili əhatə eləyirmiş. Yəni, 2007-ci ildə bu fısqırıq plan artıq bitibmiş. Bundan sonra Ağcabədi bir müddət plansız yaşamalı olmuşdur. Dəhşətdir. Həmin illərdə camaat şəhərdən baş götürüb qaçırdı. İndi isə bütün didərginlər Ağcabədiyə dönəcəkdir, çünki yeni baş plan 2015-2035-ci illəri əhatə edir. Düzdür, bunun hardasa 6 ili artıq keçib getmişdir, ancaq ziyanı yoxdur, əsas odur Ağcabədi xalqı qalan 14 ili planlı yaşayacaqdır. Afərin. Halal olsun. Urra. Burdan bütün Ağcabədi sakinlərinə planlı salamlarımızı yollayırıq. Həmçinin Avşar kəndinə. Respublikada ən planlı yerlərdən biri oradır.

Axtarsan bəlkə Venesiya şəhərinin planı yoxdur, ancaq bizdə bütün şəhərlərin - xırdasından yekəsinəcən - planı vardır. Çünki biz hələ proletariatın dahi rəhbəri Volodya Leninin planlı iqtisadiyyata verdiyi önəmi unutmamışıq. “Kommunizm bərabərdir Ağcabədinin baş planı, üstəgəl Bakıda adam yeriməsi mümkün səkilərin qayırılması” - onun sözləridir.

Hər bir halda Ağcabədi şəhərinin baş plana malik olması, eyni vəziyyətdə başkəndimiz Bakının baş planının çoxdan yaş olduğunu düşünsək, regionların inkişafı təqdirəlayiqdir, imkan tapanlar bu məqamda sevincdən ağlasınlar. Elə bayaq adını çəkdiyim Venesiya niyə suyun içində batır, gedir? İtalyanlar plansız tikdikləri üçün. Orta əsrlərdə Marko Polo adlı səyyah varmış, onu Azərbaycana göndəriblər ki, get, Ağcabədinin baş planı nə cür cızılır, öyrən, gəl bizə də de. Lakin Polo bir az mənfəətcil çıxıb, burda bizim alverçilərə qoşulub Çindən “Sədərəy”ə mal vurmağa gedibdir. Yəni, bu gün Venesiyanın dizə qədər suyun içində olmağının tarixi səbəbi belənçikdir. And olsun bizim Tarix İnstitutunda yazılan kitablara. Hələ fürsət ikən hörmətli oxuculara bir informasiya da verim, hərçənd, bilmirəm onlar bunu öyrənəndən sonra necə yaşayacaqlar: Leonardo da Vinçinin əsli Şəkidəndir.

Qayıdaq planlarımıza. Qeyd elədiyim kimi, bizdə hər iş planlı görülür, məsələn, hazırda Ağdam şəhərini qurmağa başlamışıq. İşğal zamanı Ermənistan buranı darmadağın etmişdi. Yeni Ağdamımızda tramvay xəttindən velosiped cığırına, kanallardan ağıllı binalara qədər hər bir şey olacaqdır. Bax, elə o kanalları da Venesiyanın acığına düzəldirik. Hansısa yeni “Qədir Rüstəmov” yeni “Rəmiş”in qondolada çaldığı gitaranın təranələri altında mahnı oxuyaraq kanalları dolaşacaqdır. Yalnız bir məsələ məni narahat edir, yeni şəhərdə bazar harda olacaq, bu haqda məlumat verilmir. Müsəlman aləmi, bir şərqli olaraq bizim üçün bazar, onun yeri çox vacibdir. Xüsusən ağdamlılar üçün vacibdir, çünki mən hələ işğal dövründə hər 5 ağdamlının azı 4-ündən “Bizdə bir bazar var idi, içində atom bombası da satılırdı” tezisini eşitmişəm, oxumuşam. Bazar, ticarət mərkəzləri önəmlidir. Qərbli üçün kilsə və yarmarka nə qədər həyati əhəmiyyət daşıyırsa, şərqli üçün məscid və bazar o qədər vacibdir. Bu, iqtisadi quruculuğumuzun kulturoloji aspektləridir.

Ancaq hökumət kanal olmayan yerdə kanal qazmaq işinə bir az ehtiyatlı yanaşmalıdır. Biz camaat olaraq kanaldan adətən boğulmaq və zibil atmaq üçün yararlanırıq. Ondansa Ağdamda metro tikmək yaxşı olardı. Bir xəttini Füzuli metrosuna birləşdirmək şərtiylə.

Sonda Ağcabədi sakinlərini bir daha şəhərin baş planı münasibətiylə təbrik edirəm. Allah həmişə işinizi planlı eləsin, amin.

Zamin Hacı

Musavat.com

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər