Əbülfəs Qarayevə 5 il əvvəl yazılan qalmaqallı mədhiyyə - Video
21 May 2020 14:44
994

Əbülfəs Qarayevə 5 il əvvəl yazılan qalmaqallı mədhiyyə - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu gün imzaladığı sərəncamla Əbülfəs Qarayevi Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edib. Qarayev nazir olduğu uzun illər ərzində bir sıra hadisələrlə yadda qalıb.

“Yeni Sabah” xatırladır ki, onlardan biri də bundan 5 il öncə nazirin ona həsr olunan şeirlə gündəmə gəlməsi idi.

Nazir Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri, tanınmış şair Vaqif Bəhmənlinin ona həsr etdiyi “Hamıya yaxşılıq” adlı mədhiyyəyə görə 2015-ci ildə çətin günlər yaşayıb. Belə ki, mədhiyyə qəzetdə dərc edildikdən sonra müxtəlif saytlarda və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 

Məhz bu səbəblə Ə.Qarayevin 28 oktyabr 2015-ci il tarixindəki əmri ilə Vaqif Quliyevə töhmət elan edilib və daha sonra o, işdən çıxarılıb. 

Qalmaqala səbəb olan həmin şeiri təqdim edirik:

Əbülfəs müəllim, dilinə qurban,

Tamam düz deyirsən,

dediyin haqdı –

Yaxşılıq yolunda can qoymusan, can,

Nə ki yamanlıq var, səndən uzaqdı.

Qəlbini bir dəfə boşaldıb ildə,

hətta dil tapırsan iblis adamla.

Bülbültək ötürsən beş-altı dildə,

Pisliyin dilini bilmirsən amma.

Alova yaxşılıq…

hisə yaxşılıq…

Lap yansın çırağı qara evlərin.

Yaxşıya yaxşılıq,

pisə yaxşılıq –

Həyat tərzi budur Qarayevlərin.

Əclaf da, paxıl da unudur kini –

Nadan fikrə gedir qanmayanda da.

Üzü işıqlanır, adam sevinir

Qardaş, sən adamı danlayanda da.

Müsbət rəy…

hər kəsin ərizəsinə –

Nizamülmülk kimi yaxşı vəzirsən.

Qalxırsan dirinin lap zirvəsinə

Ölünün içində həyat gəzirsən.

Son hesab xaliqin həddinə yetsə;

dua var dəryanın

yaş balığında.

Lap bir gün

Allah da ziddinə getsə

Yenə usanmazsan yaxşılığından.

Çürük kötükdə də pöhrə gücü var,

Yaxşılıq suyuna çək iyrəncləri.

Atan əvəzidi bütün qocalar,

balantək sevirsən bütün gəncləri.

Bəlkə

sənə görə açılır səhər?

Harda varsan, orda

xeyir dolaşır.

Düşəndə axşamlar,

qarışanda şər

Qanadın altına xeyir doluşur.

Qalaça tikirsən daş qalağından –

Adam çox…

hamıya bu vərdiş gəlmir.

Qardaş, bir an qalma yaxşılığından,

Onsuz da əlindən yaman iş gəlmir!…

 

Oxşar xəbərlər