“Gəlin elə Çingizin özünə heykəl qoyaq və…” - Heykəl məsələsinə reaksiya

“Gəlin elə Çingizin özünə heykəl qoyaq və…” -
Sent 16, 2019 17:16
Oxunma sayı: 530

Xəbər verdiyimiz kimi, bu gün Xalq yazıçısı Çingiz Abdullayev oxucularının suallarını cavablandırarkən öz qəhrəmanı Dronqoya heykəl qoyulmasını istəyib. "Yaxşı olardı ki, Bakıda Dronqoya heykəl qoyulsun. Mən istərdim ki, Bakıda onun heykəli qoyulsun. Dünyada bu cür təcrübə var, Artur Konan Doylun qəhrəmanı Şerlok Holmsa da heykəl qoyulub”, - Deyən Ç. Abdullayev bildirib ki, dünyanın iki şəhərində Dronqo adında restoran var.

Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlamasında yazıçı Seyran Səxavət Çingiz Abdullayevin bu sözləri ironiya ilə dediyini düşündüyünü bildirib:

“Bəlkə, Çingiz onu ironiya ilə deyib?  Mən Çingizdən yaşca xeyli böyüyəm. Mən ona arzu edərdim ki, Dronqoya yox, onun özünə heykəl qoyaq. Gəlin elə Çingizin özünə heykəl qoyaq, bu məsələ bitsin.  Mənim fikrim budur.

“Sizcə, Dronqodan başqa Bakıda hansı yazıçımızın qəhrəmanın heykəli qoyulmalıdır? Hansı qəhrəman buna layiqdir?”, - Deyə soruşduqda isə S. Səxavət bu spzləri deyib:

“Hər şey mümkündür, 21-ci əsrdir, bu dünyada nə desən, etmək olar.  Məsələn,  bir-birinin ardınca ərəb ölkələrini unutdular, getdi. Onun yanında bu məsələlər adi bir şeydir. Heykəl də qoymaq olar. Mən hələ 30 il bundan əvvəl Parisdə olanda bizim bələdçimiz Eyfel qülləsinə çıxanda bizə dedi ki, buradan 364 nəfər  xarici turist özünü aşağı atıb ki, tarixə düşsün.  Bu gün fərqlənmək üçün o qədər şeylər edən var ki... Biri şalbanın başında kim çox dayanar yarışı edir, biri özünü atır. Bunlar olan halda heykəl məsələsi çox balaca bir şeydir.  Hər şey olar, mən bu dünyadan nə desən gözləyirəm...”

Əsmətxanım

 

Yenisabah.az