Həftəsonu Azərbaycanda qeyri-sabit hava şəraiti davam edəcək. Bəzi çaylarda sululuğun artacağı, dağ çaylarında isə qısamüddətli daşqın və sel hadisələrinin baş verəcəyi gözlənilir.
“Yeni Sabah” xəbər verir ki, bu barədə məlumatı Milli Hidrometeorologiya Xidməti yayıb.
Bildirilib ki, iyunun 27-si axşamdan 28-i səhərədək Bakıda və Abşeron yarımadasında leysan xarakterli intensiv yağış yağacaq, şimşək çaxacaq. Gecə saatlarında yağıntının qısa müddətə daha da güclənəcəyi ehtimal edilir. İyunun 28-də isə havanın nisbətən sərin keçəcəyi proqnozlaşdırılır. pizza mizza
Ölkənin rayonlarında müşahidə olunan qeyri-sabit və fasilələrlə yağıntılı hava şəraitinin iyunun 28-i axşamadək davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağışların intensiv və güclü olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var.
Məlumata görə, Kür, Araz və Qanıx çaylarında sululuq artacaq. Bəzi dağ çaylarında qısamüddətli daşqın və sel hadisələrinin baş verməsi, eləcə də həssas ərazilərdə subasma hallarının yaranması istisna edilmir.
Bakıda və Abşeron yarımadasında iyunun 27-də havanın temperaturu gecə 19-22, gündüz isə 26-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
Rayonlarda havanın temperaturunun gecə 18-22, gündüz 25-29 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 8-13, gündüz 15-20, bəzi yerlərdə 23-26 dərəcə isti olacağı gözlənilir.
Telegram kanalımız