İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) apardığı sorğuya əsasən, vətəndaşların prioritet hesab etdiyi sosial məsələlərdən biri də bank kreditləri üzrə ödənişlərə güzəştin tətbiq olunmasıdır.
“Yeni Sabah” xəbər verir ki, bu haqda iqtisadçı Vüqar Bayramov bildirib. O, deyib ki, bu problemin həlli ilə bağlı 2015-ci ildə hazırlanmış təklifləri hökumətə təqdim etməyinə baxmayaraq hələ də güzəşt mexanizmı tətbiq edilməyib. Hazırda isə banklarda rəsmi qeydiyyata alınan problemli kreditlərin məbləği 1 milyard 585 milyon manatdır: “Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 12 faizdən çoxdur. Monitorinqlər göstərir ki, ödənilməyən kreditlərin bir qismi hələ də banklar tərəfindən vaxtı keçmiş kreditlər kimi rəsmilləşdirilmir. Təhlillərə görə isə, xarici valyuta da olan kreditlərin ödənilməsi ilə bağlı çətinliklər daha çoxdur. Bu isə 2015-ci ildə manatın xarici valyutalara qarşı dəyərsizləşməsi ilə bağlıdır. Nəticədə, bu dollarda olan kreditlərin manat ifadəsində bahalaşmasına və aylıq ödəniş məbləğlərinin, yumşaq desək, şışməsinə səbəb oldu. Əksər kredit götürənlərin gəlirləri milli valyuta ilə olduğundan kredit ödənişlərində əksər hallarda obyektiv səbəblərdən yubanmalar müşahidə olunmağa başladı”.
V. Bayramov deyir ki, problemli kreditlərin həlli ilə bağlı vahid proqramın qəbul olunmasına ehtiyac var. ABŞ-da qlobal maliyyə böhranı baş verdikdən sonra banklarda toksid aktivlərin, eləcə də problemli kreditlərin sağlamlaşdırılması ilə bağlı xüsusi proqram qəbul edildi. Həmin proqram çərçivəsində dövlət banklardakı toksid aktivləri, eləcə də problemli kreditləri satın aldı, onları səhmləşdirərək bazara çıxartdı: “Dövlət praktiki olaraq həmin proqram çərçivəsində 450 milyard dollara yaxın vəsait xərclədi. Oxşar güzəştlərin tətbiq edilməsi mexanizmi Rusiyada da istifadə olunub. Kredit götürən vətəndaşa ödəniş üçün uzunmüddətli zaman təklif olunub. ABŞ da daxil olmaqla bir sıra ölkələrdə birbaşa güzəştlər, bəzi ölkələrdə isə dolayı güzəşt mexanizmi tətbiq olunub”. pizza
İqtisadçı Azərbaycanda da problemli kreditlərin dövlət tərəfindən satın alınıb sağlamlaşdırılmasına ehtiyac olduğunu düşünür. “Başqa ölkələrin təcrübəsi göstərir ki, bu digər krediti olanlarda arxayınçılıq yaratmır. Əksinə, problemli kreditlərinin həcminin minimumlaşdırılmasına, bankların sağlamlaşdırılmasına və ən vacibi əhalinin banklar qarşısındakı öhdəliyinin azalmasına və deməli sosial təminatının güclənməsinə səbəb olur. Bu proqramın daha detal olaraq hazırlanması və tətbiqi üçün isə uyğun hökumət qurumlarının nümayəndələri, xarici və yerli ekspertlərdən ibarət işçı qrupunun formalaşdırılması daha məqsədə uyğun olardı”.
Telegram kanalımız