İlham Əliyev Ucarın icra başçısını belə danladı – Video
19 Dek 2019 19:10
32140

İlham Əliyev Ucarın icra başçısını belə danladı – Video

“Bu il məhsuldarlıq çox yüksək olubdur - rekord həddə. Ancaq bunu bütün rayonlara aid etmək mümkün deyil”.

“Yeni Sabah” xəbər verir ki, bunu prezident İlham Əliyev bu gün pambıqçılıqla bağlı keçirdiyi müşavirədə deyib.

İlham Əliyev bildirib ki, səsləndirdiyi rəqəmlər hər bir rayon rəhbərliyi üçün siqnal olmalıdır. 

-Çünki bu gün bu müşavirədə Prezident Administrasiyasının, mərkəzi icra orqanlarının nümayəndələri, iyirmi rayonun icra başçıları və şirkətlərin nümayəndələri iştirak edirlər. Beləliklə, bu il yeddi rayonda məhsuldarlıq 30 sentnerdən yuxarı olubdur. Bunlar ardıcıllıqla aşağıdakı rayonlardır: Tərtər - 34,8 sentner, Bərdə - 33,7 sentner, Salyan - 33,2 sentner, Neftçala - 31,6 sentner, Ağcabədi - 30,7 sentner, Saatlı - 30,4 sentner və Beyləqan - 30,3 sentner. Bu, onu göstərir ki, həm fermerlər, həm şirkətlər, həm də rayon rəhbərliyi bu işlərə çox məsuliyyətlə yanaşıblar və belə gözəl nəticələr əldə edilibdir. Üç rayonda məhsuldarlıq 30 sentnerə yaxındır - Biləsuvar rayonu – 29,5 sentner, Sabirabad rayonu – 29,2 sentner və Ağdam rayonu- 28,2 sentner. Yeddi rayonda məhsuldarlıq 20 sentnerdən çoxdur və bu rayonlar nəticə çıxarmalıdır. Üç rayonda isə məhsuldarlıq 20 sentnerdən azdır. Bax, bu rayonlarda çox ciddi təhlil aparılmalıdır, nə üçün, bunun səbəbi nədir? Bunun səbəbi olmalıdır. Ucar – 19,3 sentner, Hacıqabul – 14,4 sentner, Ağsu – 9,9 sentner. Hacıqabul və Ağsu rayonlarının icra başçıları dəyişdirildi, yeni icra başçıları təyin edildi. Onlar bu işləri geniş təhlil etməlidirlər və sonra məlumat verməlidirlər ki, məhsuldarlıq nə üçün çox aşağı səviyyədədir.

Ucar Rayon İcra Hakimiyyətinin başçısı məlumat versin, hazırda məhsuldarlıq nə üçün aşağı səviyyədədir?

Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov: Cənab Prezident, ... Siz qeyd etdiyiniz kimi, pilot layihələr rayonda tətbiq olundu və növbəti illərdə daha yüksək məhsuldarlıq olacaq.

Prezident İlham Əliyev: Yox, növbəti illərdə, əlbəttə, daha yüksək məhsuldarlıq olacaq. Mən bunu soruşmuram, mən soruşuram, bu il nəyə görə məhsuldarlıq aşağı səviyyədə olub. Bu barədə məlumat verin.

Mənsur Məmmədov: Cənab Prezident, bütün aqrotexniki tədbirlər görüldü. Ucar torpağının xüsusiyyəti bir qədər çətinlik yaratdı...məhsuldarlıq tam... pilot sahələrdə yeni texnologiya ilə daha yüksək məhsul götürüldü və göstərir ki, gələcəkdə ....

Prezident İlham Əliyev: Buna fikir verin, bu, dözülməz bir rəqəmdir. Əyləşin. Özü də qonşu rayonlarda məhsuldarlıq yüksəkdir. Misal üçün, Yevlax rayonunda 26,4 sentner və digər qonşu rayonlarda məhsuldarlıq daha yüksəkdir.

Mən artıq qeyd etdim ki, pambıqçılıq çox əməktutumlu sahədir. Bizim əsas vəzifələrimizdən biri vətəndaşları işlə təmin etməkdir və buna nail oluruq. Eyni zamanda, bildirməliyəm ki, bu il sosial sahədə görülmüş tədbirlər, aparılan islahatlar doğrudan da vətəndaşların maddi vəziyyətini böyük dərəcədə yaxşılaşdırdı. Bu, bir daha onu göstərir ki, bizim siyasətimizin təməlində Azərbaycan vətəndaşı dayanır. Bu il təşkil edilən və həyata keçirilən çox geniş sosial paket 4,2 milyon əhalini əhatə edib. Problemli kreditlər öz həllini tapıbdır, özü də problemli kreditlərlə bağlı olan məsələlər təkcə bizdə mövcud deyil. Demək olar ki, postsovet məkanında bir çox ölkələrdə eyni problemlər mövcuddur. Ancaq biz bunu vətəndaşlar üçün ən səmərəli şəkildə və ən məqbul formada ədalətli həll etdik. Devalvasiyadan sonra ağır vəziyyətə düşən vətəndaşların problemlərini biz həll etdik.

Pambıqçılıq, həmçinin yüngül sənayeyə də təkan verir. Mənim sərəncamlarımla Azərbaycanın bir neçə şəhərində sənaye zonaları, sənaye parkları yaradılır, o cümlədən Mingəçevir şəhərində yüngül sənaye parkı. Ona böyük ehtiyac var. Çünki Mingəçevir şəhərində işsizlik başqa şəhərlərdən daha ciddidir, bu da təbiidir, çünki şəhərdir və şəhərdə işsizlik adətən daha çox olur. Ona görə Mingəçevirdə işsizliyin aradan qaldırılması üçün biz onu bir sənaye şəhəri kimi inkişaf etdirməliyik. Artıq orada iki böyük iplik fabriki fəaliyyət göstərir, mən onların açılışında olmuşam. Bu, birinci mərhələdir. Fabriklərin sayı çox olmalıdır və biz çalışmalıyıq ki, pambığı maksimum dərəcədə emal edək. Çünki bugünkü emal səviyyəsi bizi qane edə bilməz.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər