Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Hər məsciddə kitabxana” layihəsi çərçivəsində məscidlərə bədii ədəbiyyat və fəlsəfi kitabların alması müzakirələr doğurub. Müəlliflər arasında Lev Tolstoy, Frensis Fukuyama, Bill Bayson, Nigel Kamberland və s. olması bəzilərində hətta gülüş yaradıb. Sosial şəbəkələrdə lağ edənlər çoxluqdadır: “Məscidə namaz qılmağa, yoxsa , Dostoyevskinin “Cinayət və cəzası”nı oxumağa gedirik?!”
İslamşünas Fərid Abdullanın fikrincə, məscidə gələn insanlar həmin kitabları oxuyub müxtəlif fikirlərlə tanış ola, nəticə çıxara və tənqidi düşünə bilərlər.
“Azərbaycan tarixində həm inanclı olub xurafat və mövhumata qarşı çıxan, həm də din məsələsinə daha radikal yanaşan maarifçi şəxslər mövcud olub”, – deyə o, “Yeni Sabah”a bildirib. – Hüseyn Cavid inanclı insan olub, yaradıcılığında mənəviyyat mövzusuna xüsusi yer verib və repressiyaya məruz qalıb və. Eyni zamanda, Mirzə Ələkbər Sabir də mövhumatı tənqid etsə də, inanclı şəxs kimi tanınıb”. pizza sifarişi
F.Abdulla qeyd edib ki, bəzi müəlliflər, o cümlədən Cəlil Məmmədquluzadə və Mirzə Fətəli Axundzadə din məsələsinə daha sərt və radikal yanaşmaları ilə fərqləniblər:
“Bütün bunlara baxmayaraq, onların Azərbaycan ədəbiyyatı və mədəniyyətindəki rolunu danmaq olmaz. Bu şəxslər tariximizin bir hissəsidir və maarifçilik sahəsində müəyyən xidmətləri olub”.
İslamşünas məscidlərin əsas təyinatının ibadət olduğunu vurğulayıb: “Məsciddən teatr, biznes və ya başqa məqsədlər üçün istifadə olunmasına insanların etiraz etməsi normaldır. Bununla yanaşı, məscidin ayrıca bir guşəsində kitabxana guşəsinin yaradılması, orada Azərbaycan və dünya ədiblərinin kitablarının yerləşdirilməsi qadağan olunmalı məsələ deyil. İbadətə gələn insanlar oxuyub müxtəlif fikirlərlə tanış ola, nəticə çıxara və tənqidi düşünə bilərlər”.
F.Abdullah əlavə edib ki, bəzi insanların dini hissələrə həssas yanaşması da başadüşüləndir:
“Onlar məscidi müqəddəs məkan kimi görürlər. Buna görə də Quran, hədis və dini kitabların yanında dinə qarşı sərt fikirlər səsləndirmiş şəxslərin əsərlərinin xüsusi şəkildə təqdim olunması birmənalı qarşılanmaya bilər. Əgər məqsəd insanları xurafatdan uzaqlaşdırmaqdırsa, Azərbaycan tarixində həm inanclı, həm də maarifçi mövqedə olmuş kifayət qədər nüfuzlu şəxsiyyətlər var. Bu cür məsələlərdə həm milli-mənəvi dəyərlərə, həm də cəmiyyətin dini hisslərinə həssas yanaşmaq vacibdir. Hər şeyin öz yeri və təqdim olunma forması var. Maarifçilik adı altında aparılan işlər cəmiyyətdə qarşıdurma yox, anlayış yaratmalıdır”.
Aytəkin Əzizqızı
Telegram kanalımız