Fevralın 24-də ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının birinci mərhələsi keçiriləcək.
“Yeni Sabah” xəbər verir ki, magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi respublikanın 5 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 39 imtahan binasında aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda saat 13:00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcək.
Bildiyiniz kimi, bu ildən imtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış saat 12:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. pizza mizza
İmtahanda iştirak üçün 12685 bakalavr ərizə təqdim edib. Onlardan 11503 nəfəri Azərbaycan bölməsi, 1182 nəfəri rus bölməsi üzrə imtahan verəcəkdir. Ərizə verənlərin 5508 nəfəri oğlan, 7177 nəfəri isə qızlardır. Bakalavrlardan 7311-i cari ilin, 5374-ü isə əvvəlki illərin məzunlarıdır, 23 nəfər xarici ölkə vətəndaşıdır.
Qəbul imtahanı Bakı şəhərində 33, Gəncə şəhərində 3, Naxçıvan, Mingəçevir və Lənkəran şəhərlərinin hər birində bir binada təşkil olunacaq. Bakıda 10945, Naxçıvanda 293, Gəncədə 946, Mingəçevirdə 282, Lənkəranda 219 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 129 imtahan rəhbəri, 1251 nəzarətçi-müəllim cəlb olunacaq.
Telegram kanalımız