“Kəramət kimdir ki, hansı nüfuzun yiyəsidir...” – Aşıqlardan sərt reaksiya 

 “Kəramət kimdir ki, hansı nüfuzun yiyəsidir...” – Aşıqlardan sərt reaksiya 
İyul 18, 2019
Oxunma sayı: 149

“Kəramət kimdir ki, hansı nüfuzun yiyəsidir, hansı söz sahibidir ki, onun sözü ilə oturub-durulsun?  Bu min illəri atlayıb gəlmiş böyük bir sənətdir və bundan sonra qarşıdan gələn yüz illəri də çox “Kəramətlərin” üstündən atlayıb keçib, özünü daşıyacaq”.

Bunu Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı “Yeni Sabah”a  gənc yazar Kəramət Böyükçölün sazı cahillik aləti hesab etməsinə münasibət bildirərkən deyib. 

 O, sazla bağlı belə söhbətlərin gündəmə gəlməsində aşıqların da günahı olduğunu bildirib:

“Kəramət çox cahilcəsinə bu fikirləri irəli sürüb. Bu söhbət tamam mənasız, cəfəng bir söhbətdir. Elə cəmiyyətin də buna reaksiya verməsinin də bir anlamı yoxdur. Bir məsələ var ki, Kəramətlərə meydanı açan aşıqların özləridir. Bugünkü aşıqların bəziləri özlərini səviyyəsiz aparırlar,  sənətlərini səviyyəsiz tuturlar, yerli-yersiz yerlərə  gedib özlərini və sənətlərini gözdən salırlar. Bu da Kəramətlərə meydan  verir ki, onlar müəyyən sözlər desinlər.  Bu mənada günah Kəramətlərdə olduğu kimi, bir xeyli də gənc və istedadsız aşıqlardadır”. 

 “Yeni Sabah”a danışan Aşıq Namiq də K.Böyükçölə sərt cavab verib:

“Onun mən cavabını vermişəm. Kəramətin atası ondan imtina edib, mən keçən dəfə verilişdə də dedim. Kəramət kimdi axı mən heç onu tanımıram da”.

Xatırladaq ki, gənc yazar Kəramət Böyükçöl milli musiqi alətlərimizdən olan sazı tənqid edən yazı qələmə alıb. O, qalmaqala səbəb olan yazısında sazı cahillik aləti adlandırıb:

“Dünyada saz qədər savadsız musiqi aləti yoxdur. Hələ bir dəfə görməmişəm ki, elmi, məntiqi, geniş fəlsəfi dünyagörüşü olan bir adam oturduğu məclisdə saz arzulasın. Saz cahillik alətidir, təxminən, meyxana kimi bir şeydir. Şəxsən saz mənə anektot təsiri bağışlayır, o simlərin səsinə daxilən gülürəm”.

Əsmətxanım