“Son günlər qəzetlərlə bağlı səslənən ittihamlarda “Kaspi”nin adının çəkilməsi çox böyük ədalətsizlikdir”.
“Yeni Sabah” xəbər verir ki, bunu “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev sosial şəbəkə hesabında yazıb. O, fikirlərini belə davam etdirib:
“Bilən də yazır, bilməyən də. Təftişçi çıxıblar. Bu gün saytlarda KİVDF-nin fəaliyyəti ilə bağlı bir yazı dərc olunub. Buyurub yazsınlar, yazmaq, araşdırmaq hamının haqqıdır. Amma yazanda da ədalətli yazmaq lazımdır. Məsələn, götürüb yazırlar ki, KİVDF-dən maliyyə yardımı alan “Kaspi” qəzetinin “kaspi@azdata.net” e-mail ünvanı işləmir. Adam axı yazanda bir araşdırma aparmalıdır, nə yazdığını dəqiqləşdirməlidir. Biz artıq 4 ildir ki, başqa bir elektron ünvandan – “kaspiqazeti@gmail.com”dan istifadə edirik. Bu barədə həm saytın əlaqə bölümündə, həm də hər gün nəşr olunan qəzetin 16-cı səhifəsində qeyd gedir. Ümumiyyətlə, bu, axı çox primitiv arqumentdir. Yəni o günə qaldıq ki, bir e-mail ünvanımız da yoxdur? pizza hut
Baxıram, yazını dərc edən saytın özünün bir əlaqə bölməsi boşdur. Telefon nömrəsi yoxdur, redaksiyasının harada yerləşdiyini müəyyənləşdirə bilmədik, rəhbərinin kim olduğunu da dost-tanış vasitəsilə güc-bəla ilə dəqiqləşdirdik”.
Baş redaktor qeyd edib ki, “Kaspi”nin hazırda bizim kartla əmək haqqı alan 25 əməkdaşı var:
“Bundan əlavə, əməkdaşlıq etdiyimiz, qonorar verdiyimiz xeyli sayda tanınmış qələm sahibləri də var. Bizi ittiham edən hansı saytın, ümumiyyətlə, hansı müstəqil qəzetin bu sayda əməkdaşı var, çıxsın açıqlasın. Bizim KİVDF-dən aldığımız vəsait heç çap xərclərimizin 70-80 faizinə çatmır. Qəzet hər gün 5200 tirajla 4 rəngdə çap olunur. Saytımız onlayn rejimdə 3 dildə fəaliyyətdədir. İddia edirəm ki, bu gün Azərbaycanın ən çox məhsul istehsal edən 3 qəzeti varsa, onun biri bizimkidir. Bütün əməkdaşlarımız işini bilən, sevən, xəbərlə nəfəs alan fədailərdir. Qəzet almağa həvəsiniz yoxdursa, girin saytımıza baxın. İndi kiminləsə qərəziniz varsa, kimdənsə xoşunuz gəlmirsə, bunun üçün 40-a yaxın jurnalistin çalışdığı, 140 ilə yaxın yaşı olan qəzetin zəhmətkeş əməkdaşlarının əməyini yerə vurmayın, ədalətli olun!”
Telegram kanalımız