30 Sentyabr - 00:50
Küçədə gördüyümüz narkomanla necə davranaq? – İctimai vəkildən maraqlı açıqlamalar

Küçədə gördüyümüz narkomanla necə davranaq? – İctimai vəkildən maraqlı açıqlamalar

Sosial

15 Avqust 2022 17:11 802


Son günlərdə sosial şəbəkələrdə narkotikin təsiri altında gərgin və ya halsız insanların videoları paylaşılır. Ağıllardakı çoxsaylı suallardan biri də odur ki, sadə vətəndaşları bu cür şəxsləri aşkarladığı vaxt polis bölmələrinə, yoxsa, təcili tibbi yardım briqadasınamı müraciət etməlidir?

Yenisabah.az  bu xüsusda ictimai vəkil Samir Zeynalovla söhbətləşib:

- Sosial şəbəkələrdə videoları paylaşılaraq “Allah kömək olsun” yazılan bu şəxsləri sadə vətəndaşlar aşkar etdikdə dərhal hansı quruma müraciət etməlidir?

- Bu cür şəxsləri gördükdə təcili yardıma müraciət olunması daha məqsədəuyğun olar. Çünki həmin şəxsin yalnız həkim müayinəsi altında anlaqsız vəziyyətinə hansı səbəbdən düşdüyünü müəyyən etmək mümkündür. Yəni, bunu həkim  müəyyən edə bilər. 

Amma bu da var ki, həkimlər o cür insanlara yaxın durmurlar. Onları müayinə, müalicə etməyi özlərinə sığışdırmırlar. Lakin müəyyən bir ictimai qınaq  və ya KİV çəkilişləri olanda təcili yardımın kömək etdiyi faktdır. Belə insanların sayı yetəri qədərdir. Bunu Bakının bir çox yerlərində görə bilərik. Belə insanlar əsasən, dar məhəllələrdə olur. Həmişə də qarşımıza çıxır.

- Onların ictimai yerdə video çəkilişlərə məruz qalmasını şəxsi həyata müdaxilə kimi qiymətləndirə bilərikmi?

- Bəli, əlbəttə. Kiminsə ictimai yerdə belə, video çəkilişə  məruz qalması şəxsi həyatın toxunulmazlığının pozulması deməkdir. Bununla bağlı həm polis orqanlarına, həm də mülki qaydada  məhkəməyə müraciət edərək təzminat almaq olar. İşin hallarına görə məsələ dəyişir. Amma hesab edək ki, həmin şəxslər  sonradan özünə gəldi, videosunu  sosial şəbəkələrdə gördü. Sonradan bu şəxslərin  buna görə kimisə məhkəməyə verməsini mən istisna edirəm. Çünki məhkəmə və hüququn nə olduğunu bilən şəxs bu cür vəziyyətə düşmür.

- Belə şəxslər barəsində hüquq-mühafizə orqanlarına müraciət etdikdə onların narkotikdən istifadəsinə görə cəza tədbiri nəzərdə tutulubmu?

- Şəxsi istehlak miqdarını aşmamaqla şəxs narkotikdən istifadə edə bilər. Bir çox narkotik istifadəçilərinin hazırda azadlıqda olduğunu hamılıqla müşahidə edirik. Yəni, onlar üçün hər hansı bir cinayət  tətbiq olunmur.  

Amma kifayət qədər narkotik tərkibli maddələr var. Onların istifadə miqdarına görə bu dəyişir. Yəni, hansı hallarda cinayət tərkibi hansılarda isə İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyət olduğu müəyyənləşir. 

İstehlak miqdarı dedikdə onun konkret olaraq hansısa bir miqdar var. Başqa sözlə, bu hal narkotikin növüylə birbaşa əlaqəlidir. Bu, hər narkotik vasitəyə görə ayrıdır. Marixuanaya görə isə belə bir  miqdar yoxdur. O konkret olaraq Cinayət Məcəlləsi ilə tənzimlənir. “Metanfetamin” (patı) “metadon”, “tramadol”, “dimedrol” və digərləri  var. Bunların siyahıları da kifayət qədər genişdir. İstifadədə bunların hər birinin miqdarı nəzərdə tutulur. 

Milli Məclisdə bununla bağlı narkotik istifadəsinə görə cinayət məsuliyyəti aradan qaldırılmasıyla əlaqədar müzakirələr getdi. Bununla bağlı qanun qəbul olunarsa narkotik dövriyyəsiylə məşğul olma, alıb satmaqla bu cinayət məsuliyyətinin aradan qaldırılmasın istisna edir. Yəni, bu məsələylə bağlı qanuni məsuliyyət aradan qalxmayacaq.

- Narkoloji dərmanların istifadəsiylə bağlı hər hansı məhdudiyyətlər varmı?

- Tibbdə istifadəsinə icazə verilən  narkotik tipli vasitələr var. Bunlar bədənə ineksiya (iynə) yoluyla  yeridilir. Apteklərdə qeyri-qanuni satılan tərkibində narkotik vasitələr olan dərmanlar da  var. “Lirika”, (preqabalin), “tramadol”  kimi  qeyri-qanuni satılan bu  vasitələrdən alıb zəhərlənənlər  olub.  Bunlardan başqa,  xərçəng xəstələri üçün “morfin” də  narkotik tərkibli vasitə, həm də güclü ağrıkəsicilərdən biridir. Bunları çıxmaq şərtilə, bir neçə həm həb şəklində həm də iynə şəklində  güclü ağrıkəsicilər gizli satılır.

- İnsanlar arasında gəzən söz-söhbətlərə görə narkoloji xəstə olanların Narkoloji Dispanserlərə yerləşdirilməsi üçün pul istənilir. Bu proses dövlətin büdcəsiyləmi həyata keçirilməlidir?

- Ümumiyyətlə, Respublika Narkoloji Dispanseri Azərbaycanda müalicə ximətləriylə, əsasən də, dövlət-səhiyyə məsələləriylə bağlı problemlərin olduğunu görürük. Əslində, bu xidmətlərin  ödənişsiz  olmadığını çox yaxşı bilirik. Bu, hamıya məlumdur. Bunun da sübuta ehtiyacı olmayan faktlardır Bu gün narkomanların müalicəsi və müayinəsiylə bağlı bir çox özəl müəssisələr fəaliyyət göstərir. Onların da aylıq  xidməti 1500-3000 manat arası dəyişir. Bir şəxsin müayinə-müalicəsi, sağlam şəraitdə qalması ötrü belə mərkəzlər fəaliyyət göstərir. Pulu olan həmin mərkəzlərə müraciət edir. Pulu olmayanlar isə bu imkandan məhrum olur.

- Polis narkomanı aşkarlayarsa, etməli olduğu addımlar nədən ibarətdir: xəstəxanayamı aparmalıdır? 

- Burada hər şey işin hallarına görə dəyişir. Narkomanların hamısı konkret olaraq bu gün həbsxanalarda deyillər. Son vaxtlar da dövlət özü də bunda maraqlı görünmür. Nəzərə  alsaq ki, həbsdə  yatanların 7 nəfərdən biri narkomandır, bütün narkotik istifadəçilərini həbsxanalara doldursalar həsbxanalarda yer qalmaz.  

Sualınıza gəldikdə isə, bu barədə mən şəxsən şahidi olmamışam. Yəni, polisin hansısa bir narkomanı dərhal təcili təxirəsalınmaz şəkildə  xəstəxanaya yartırılmasında maraqlı olması halına rast gəlməmişəm. Əgər, olsaydı, həmin  şəxslər qınaqlarla əhatə olunan videoçəkilişlərə məruz qalmazdılar. 

Əslində, mən  bu videoçəkilişlərin olmasında da bir problem görmürəm  Bu şəxsi həyatın toxunulmazlığından daha çox, mən insanların, xüsusilə də gənclərin  bu bəlanın nəticəsindən agah olunması üçün bir siqnal  olduğunu düşünürəm. Nə qədər belə çəkib göstərsələr də, çox təəssüflər olsun ki, dinamika dəyişilməz olaraq qalaraq  artan istiqamətdə də gedir.

- Polis həmin vətəndaşı xəstəxanaya aparmadan birbaşa məsuliyyətə cəlb edə bilər?

- Bəli. Amma bir neçə polis bölmələrinə baş çəkmək üçün real imkanlarımız olsa  müvəqqətin saxlama  yerlərində  hər iki şəxsdən birinin narkoman olduğunu görərik. Polis onu xəstəxanaya aparmaqda yox, bölməyə gətirməkdə maraqlıdır. Narkotik istifadəçisi tutulub, müvəqqəti saxlanma təcrdixanasında tamamilə anlaqsız vəziyyətdə olan narkotik istifadəçiləri tutulub  müvəqqəti saxlanma təxrdxanasında saxlanılıblar.

- Polis şəxsin anlaqsız, şüursuz vəziyyətdə olmasından dolayı onun barəsində necə tədbir görür?

- Belə hallar olur. Bu vəziyyətdə şəxs ölə də bilər. Həkimlər də heç elə insanlara yaxın durmurlar.

- Polis əməkdaşlarının adətən bu şəxslərin dispanserlərə yatırılmasında maraqlı olmadığın dediniz. Şahidi olduğunuz belə halların sonrakı nəticəsi necə olub?

- Sonrası  necə olub  bilmirəm. Bunların içərisində narkolojin dispanserə yatırılanlar olur. Ora həbsxana kimi bir yerdir. Orada  insanlarla olan rəftarı da  nəzərə alsaq, vəziyyət ürəkaçıcı deyil. 

Bir tərəfdən narkotik qeyri-leqal olaraq ölkəyə gətirilir. Bu halla bağlı Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası fəaliyyət göstərir. Narkotiklə mübarizə üçün  hər yerdə afişalar, reklamlar vurulur. Bunu edən QHT qrant almaq məqsədilə edir. Müəyyən bir dövrdə narkotikə qarşı sərt  təbliğat gedir, bütün KİV-lərdə, cəmiyyət içində küçələrdə, ayrı-ayrı yerlərdə narkotikə qarşı sərt  təbliğat gedir. Nəticə isə müsbət deyil. 

İmamət İSMAYILOVA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!