“Layk üçün ölüsünü də reklam edənlər var” - SƏRT SÖZLƏR

saytların hazırlanması

Evə çatdırılma

“Layk üçün ölüsünü də reklam edənlər var” - SƏRT SÖZLƏR

Sosial

08 Avqust 2026 11:06 213


“İnsanlar dünyasını dəyişmiş yaxınlarını reklam obyektinə çevirməməlidirlər”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında sosioloq Hüseyn İbrahimov bildirib. Onun fikrincə, dini inanclarda və cəmiyyətdə həmişə müzakirə olunan məsələlərdən biri də budur:

“Təbii ki, sizin də dediyiniz kimi, “ölənlə ölmək olmaz”. Bu, Azərbaycanda həmişə işlədilən bir atalar sözü olub. Ancaq şükürlər olsun ki, getdikcə bir çox adət-ənənələrdə, o cümlədən yas adətlərində də bayağılaşmadan və mövcud normalardan kənara çıxmaq meyilləri müşahidə olunur. Təbii ki, toy adətlərində də belə hallar var. Toyuqlu pizza

Yəni həddindən artıq qaydalardan, normalardan və ənənələrdən kənara çıxma hallarına toy mərasimlərində də rast gəlinir. Ancaq yas adətlərində mövcud ənənələrdən və formalardan uzaqlaşmaq meyilləri daha çox nəzərə çarpır. Nəzərə alsaq ki, yas adətlərinin keçirilmə ardıcıllığı, sayı və davametmə müddəti daha çoxdur, bəzən bu mərasimlər həddindən artıq uzun çəkir. Bu baxımdan, onların yeni-yeni formalar kəsb etməsi cəmiyyətdə qarşılıqlı münasibətlər baxımından müəyyən mürəkkəbliklər yaradır.

İlk növbədə, hüzr sahibinin özünün yorulması məsələsi var. Xüsusən də yasın keçirilməsi ilə bağlı xərclərin və tələblərin həddindən artıq artması insanlar arasında çox yorucu bir mühit yaradır və onların qarşılıqlı münasibətlərinə təsir edir”.

Sosioloq vurğulayıb ki, bunların hamısı öz təsirini göstərir:

“Məsələn, əvvəllər müəyyən bayramlarda, ad günlərində qəbirlər ziyarət edilirdisə, indi bəzi insanlar bunu sanki gündəlik bir vərdişə çevirirlər. Hətta bir çox hallarda “Facebook” səhifələrində insanların öz valideynlərini və yaxınlarını, onların yas mərasimlərini paylaşdıqlarına və bu hadisələri həddindən artıq ictimailəşdirdiklərinə rast gəlirik. Məncə, bunlar heç də düzgün tendensiyalar deyil.

Hansısa insanın yaxını dünyasını dəyişəndə, Allah rəhmət eləsin, bunu durub “Facebookda”, “Instagramda” və ya digər sosial şəbəkələrdə davamlı şəkildə paylaşmaq, mənə elə gəlir ki, o qədər də doğru və məqsədəuyğun deyil”.

H.İbrahimov qeyd edib ki, bəzi insanlar valideynləri sağlığında onlara baş çəkməyi, onları yada salmağı unudurlar, amma həmin insan dünyasını dəyişdikdən sonra onu sosial şəbəkələrdə davamlı şəkildə təbliğ etməyə başlayırlar:

“Bu da yaxşı deyil. İnsanları, xüsusən valideynləri, eləcə də yaxınlarını, qohumlarını və ya xəstə olan insanları sağlığında yad etmək, onlara baş çəkmək vacibdir. Təbii ki, insanın yas mərasimində də iştirak etmək lazımdır. Yasda iştirak etməyin ən mühüm və ən gözəl formalarından biri həmin şəxsin dəfnində iştirak etməkdir. Ancaq sonradan insanların öz yaxınlarının vəfatını sosial şəbəkələrin imkanlarından istifadə etməklə davamlı şəkildə paylaşması, bu hüzrü təmtəraqlı şəkildə nümayiş etdirməsi, mən sizə deyim ki, həm ictimai normalara uyğun deyil, həm də ümumiyyətlə düzgün yanaşma hesab olunmur”.

Ekspert bu davranışların təkcə savadsız insanlardan yox, eyni zamanda ziyalılardan gəldiyini də açıqlayıb:

“Bəzən görürsən ki, bunu yalnız dünyagörüşü və savadı aşağı olan insanlar deyil, eyni zamanda kifayət qədər düşüncəli, hətta ziyalı insanlar da edirlər. Təəssüf ki, bəzən dünyasını dəyişmiş yaxınlarını başqalarına tanıtmaq, bununla “like” və ya müəyyən rəğbət toplamaq cəhdləri də müşahidə olunur. Mən deyərdim ki, bu, deviant davranışın bir tərkib hissəsidir və insanlar bu kimi hərəkətlərdən, addımlardan, sosial-psixoloji tendensiyalardan uzaqlaşmalıdırlar.

Ümumilikdə bu istiqamətdə maarifləndirmə aparılmalıdır. İnsanlara izah edilməlidir ki, sosial şəbəkələrdə öz yaxınlarının vəfatını reklam obyektinə çevirmək düzgün deyil. Həqiqətən də son zamanlar belə hallara çox rast gəlinir. Nəzərə alsaq ki, sosial şəbəkələrin çoxlu izləyicisi var, insanlar öz yaxınlarının dünyasını dəyişməsini reklam və ya nümayiş obyektinə çevirməməlidirlər”.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!