30 Sentyabr - 00:04
Mənzil bazarında sürətli bahalaşma: “Yaxın 1-2 ildə daha da...”

Mənzil bazarında sürətli bahalaşma: “Yaxın 1-2 ildə daha da...”

Sosial

15 Avqust 2022 13:45 1884


“Əmlak bazarında kəskin bahalaşma artıq bir ilə yaxındır ki, davam edir. Bu proses ilin əvvəlindən daha da sürətlənib”.

Bu sözləri Yenisabah.az-a daşınmaz əmlak bazarı üzrə ekspert Ramil Osmanlı deyib.

R. Osmanlı bildirib ki, bunun bir sıra iqtisadi və inzibati səbəbləri var:

“Qiymət artımının bir sıra səbəbləri var: iqtisadi səbəblərlə yanaşı, inzibati amillər də qiymətlərə təsir göstərir. İlk növbədə, iqtisadi təsirlər nəticəsində qiymətlərin artımını qeyd etmək lazımdır. Bura makroiqtisadi təsirlərlə yanaşı, ölkə daxilində baş verən proseslər də təsir göstərir. 

Diqqət yetirsək, bu ilin əvvəlində ipoteka kreditlərinə ayrılan vəsaitlərin artımını müşahidə edərik.  Burada dövlət ipotekası ilə yanaşı, ayrı-ayrı kommersiya bankları tərəfindən vətəndaşlara verilən ipotekaların həcminin artımı da diqqət çəkir. Bu təbii ki, nəticədə bazara pul axınlarının həcmini artırır, bu da qiymət artımına gətirib çıxarır. 

Bundan əlavə, bir ildən artıqdır ki, tikinti materialları bazarında da çox kəskin şəkildə qiymət artımının qeydə alındığını müşahidə edirik. Bu göstəricilər təbii ki, bütövlükdə tikintidə xərclərin maya dəyərinin artımına gətirib çıxarır, nəticə etibarı ilə yekunda qiymətlərin dəyişdiyini görürük”.

Ekspert qeyd edib ki, yeni tikililəri aidiyyəti qurumlar tərəfindən nəzarətin ciddi güclənməsi də qiymət artımına təsir edib:

“Bu təsirlərlə yanaşı, qiymətlərin artmasında inzibati təsirlər də diqqət çəkir. Bu da son illərdə tikintiyə nəzarətin gücləndirilməsi, tikinti ilə bağlı bəzi qaydaların dəyişməsi ilə əlaqədardır. Nəticədə inzibati təsirlər də qiymət artımına təkan verir. 

Bunu bir qədər açıq desək, əvvəllər ölkədə tikinti qaydaları o qədər də diqqət mərkəzində deyildisə, aidiyyəti qurumlar bu prosesə ciddi şəkildə nəzarət etmirdilərsə, indi vəziyyət dəyişib. Artıq ərazi üzrə tikinti əmsalları çox ciddi nəzarətdədir. İndi harada, necə gəldi, İcra Hakimiyyətlərinin verdiyi sərəncamlarla ayrılmış torpaq sahələri üzərində tikinti aparmaq mümkün deyil. İndi tikinti aparmaq üçün mütləq şəkildə mülkiyyətdə olan torpaq sahəsinə malik olmalısan və orada aparılacaq tikinti ərazi üzrə tikinti sıxlığı nəzərə alınaraq əmsallarla müəyyən olunur. 

Bakı şəhərində bu əmsallar 2,5-2,6, istisna hallarda 2,8  əmsalı ilə hesablanır. Bu o deməkdir ki, əgər sahibkarın 1 hektar torpaq sahəsi varsa, o torpaq sahəsinin üzərində apara biləcəyi maksimum tikinti sahəsi 28.000 kV/m-dən çox ola bilməz. Bu da təbii ki, tikintidə torpaq sahəsinin dəyərinin ümumi tikinti portfelindəki çəkisini artırır. Nəticədə bu da yekun dəyərə ciddi təsir göstərir. 

Bu qiymət artımları həm təkrar mənzil bazarına aid olur, eyni zamanda bütövlükdə bazar üzrə qiymətlərin kəskin şəkildə artımına gətirib çıxarır. Qeyd etdiyim səbəblərin eyni vaxtda baş verməsi və qısamüddətli dövrü əhatə etməsi təbii ki, daşınmaz əmlak bazarında, eyni zamanda mənzil bazarında mütəmadi olaraq qiymətin dəyişməsinə gətirib çıxarır”.

Onun sözlərinə görə, daşınmaz əmlak sahəsindəki qiymətlər önümüzdəki illərdə də artmağa davam edəcək:

“O ki qaldı, bu prosesin nə zamana qədər baş verəcəyi ilə bağlı proqnozlara, məsələyə sırf iqtisadi tərəfdən baxsaq,  hesab edirəm ki, ölkədə işğaldan azad olunmuş bölgələrin bərpası, tikinti-infrastruktur işlərinin sürətlənməsi, ora ayrılan vəsaitlərin həcminin ilbəil artması onu deməyə əsas verir ki, hələ yaxın gələcəkdə ölkədə tikinti materiallarına tələb yüksək olacaq. Eyni zamanda, bazara pul axınları yüksək olacaq və bu da yaxın bir-iki il ərzində qiymətlərin artımını əsaslandıran amillərdən olacaq”.

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!