Valideynlərin disleksiya (oxum-yazma və hərfləri tanımada çətinlik) ilə bağlı sualların sayı artıb. Bir çox hallarda bu vəziyyət adi oxu-yazma çətinliyi ilə qarışdırılır. Bəs disleksiya əslində nədir, hansı əlamətlərlə özünü göstərir və valideynlər nə vaxt mütəxəssisə müraciət etməlidirlər?
Pediatr Aytən Ziyadova “Yeni Sabah”a bildirib ki, disleksiya xəstəlik deyil, uşağın intellekti ilə əlaqəsi olmayan spesifik öyrənmə pozuntusudur.
Onun sözlərinə görə, disleksiyası olan uşaqlar ağıllı, yaradıcı və normal inkişaf edən uşaqlar ola bilərlər. Sadəcə onların beyni oxu və yazı ilə bağlı məlumatları fərqli şəkildə emal edir. pizza hut
Həkim qeyd edib ki, valideynlər disleksiyanı çox vaxt adi oxuma-yazma çətinliyi ilə qarışdırırlar. Lakin əsas fərq ondadır ki, adi çətinliklər məşq və zaman keçdikcə aradan qalxa bilir:
“Disleksiyada isə uşaq kifayət qədər dəstək alsa belə, oxu və yazıda davamlı çətinlik yaşayır. Bu zaman hərflərin qarışdırılması, sözlərin düzgün oxunmaması, hecalama çətinliyi, oxuduğunu anlamaqda problem və yazıda çoxsaylı səhvlər müşahidə oluna bilər”.
A.Ziyadova vurğulayıb ki, disleksiya əsasən neyroinkişaf xüsusiyyəti ilə bağlıdır. Bu, beynin dil və oxu ilə əlaqəli sahələrinin işləmə formasındakı fərqlərdən qaynaqlanır. Onun sözlərinə görə, genetik faktorlar da mühüm rol oynayır və ailədə disleksiya və ya oxuma-yazma çətinliyi olan şəxslər varsa, uşaqda risk arta bilər.
Pediatrın sözlərinə görə, disleksiya uşağın tənbəlliyi, diqqətsizliyi və ya valideynlərin səhvi nəticəsində yaranmır. Bu uşaqlar sadəcə fərqli öyrənmə xüsusiyyətinə malikdirlər və onlara uyğun tədris yanaşması lazımdır.
Həkim valideynlərə xəbərdarlıq edərək bildirib ki, uşaq hərfləri uzun müddət yadda saxlaya bilmirsə, oxşar hərfləri qarışdırırsa, sözləri oxuyarkən hərflərin yerini dəyişirsə, yaşıdlarından xeyli yavaş oxuyursa, yazıda davamlı səhvlər edirsə və oxu tapşırıqlarından yayınmağa başlayırsa, mütləq mütəxəssisə müraciət etmək lazımdır.
A.Ziyadova əlavə edib ki, erkən qiymətləndirmə və düzgün dəstək proqramları sayəsində disleksiyası olan uşaqların oxu və yazı bacarıqlarını inkişaf etdirmək, onların normal təhsil almasına kömək etmək mümkündür. Əsas məqsəd uşağı etiketləmək deyil, onun öyrənmə tərzini düzgün qiymətləndirərək ehtiyacına uyğun dəstək göstərməkdir.
Aytəkin Əzizqızı
Telegram kanalımız