Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Putin Bakıdan nə istəyir?  - “İlham Əliyev qapalı görüşdə böyük ehtimalla Qarabağda...”
21 İyl 2021 18:35
16044

Putin Bakıdan nə istəyir? - “İlham Əliyev qapalı görüşdə böyük ehtimalla Qarabağda...”

"Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında 10 noyabr və 11 yanvar bəyanatları qəbul edildi. Kreml müharibəni noyabrın 9-da dayandırmaqla Ermənistanı və Qarabağdakı erməni separatçılarını daha ağır məğlubiyyətdən xilas etdi".

Yenisabah.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, Ermənistanda parlament seçkisinin nəticəsi bəlli olduqdan sonra qələbə çalan Nikol Paşinyan Moskvaya dəvət edildi və Putinlə işçi görüş keçirildi:

“Vladimir Putin balansı pozmasın deyə bu dəfə Azərbaycan Prezidenti İlham Əliyevi Moskvaya işgüzar səfərə dəvət etdi. İlham Əliyev iyulun 20-də Putinlə görüşdü.

Qurban bayramı münasibətilə İlham Əliyevi təbrik edən Vladimir Putin gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəklərini xatırlatdı. İqtisadi münasibətlərdən məmnun qaldığını deyən Kreml sahibi bölgədəki fikirlərini belə ümumiləşdirdi: “Aydındır ki, regionda vəziyyətin nizamlanması ən mühüm məsələlərdən biri olaraq qalır. Əlbəttə, bilirəm ki, Siz bu məsələyə çox böyük diqqət və əhəmiyyət verirsiniz. Buna görə Sizə təşəkkür etmək istəyirəm ki, kompromisli qərarlar tapılır. Onlar həmişə ən mürəkkəb məsələlərdir, lakin əgər biz nizamlama istəyiriksə, - biz hamımız isə bunu istəyirik, - onda bu yolla getməliyik. İndiyə qədər biz bunu etməyə nail olmuşuq, buna görə Sizə təşəkkür etmək istəyirəm”.

Vladimir Putin “kompromisli qərarlarla” bağlı Əliyevi təşəkkür etməklə nə demək istədi? Söhbət hansı kompromislərdən gedir?

Azərbaycanın ən böyük kompromisi odur ki, müharibədə məğlub olan Ermənistana sülh sazişini qəbul etdirmək üçün İrəvana təzyiqi artırmır. Qalib kimi tələblərimizin siyahısı bəllidir: Laçın dəhlizi nəzarətimizə keçməli, Qarabağdakı separatçılar tərksilah olulmalı, Qazaxın 7, Naxçıvanın 1 kəndi Azərbaycana qaytarılmalı, Zəngəzur dəhlizinin işə düşməsi üçün addımlar atılmalıdır. Azərbaycanın bir başqa kompromisi odur ki, atəşkəsi pozan – Ağdama, Şuşaya, Kəlbəcərə, Tovuza atəş açan Ermənistanı “dəmir yumruq” əməliyyatını davam etdirməklə cəzalandırmır. Nikol Paşinyan razılaşmaların əksinə olaraq nəqliyyat dəhlizinin açılmasını da yubadır”.

Elxan Şahinoğlunun sözlərinə görə, Kreml sahibi anlamalıdır ki, Azərbaycan üçün “kompromisin” limiti var:

“İlham Əliyev cavab nitqində bölgədəki vəziyyətlə bağlı Putinə bunları dedi: “Əlbəttə, regionda münaqişədən sonrakı vəziyyət mövzusu da var. Bu məsələyə daimi diqqətinizə, çox vacib və həssas məsələlərin həllində şəxsən iştirakınıza görə Sizə təşəkkürümü bildirmək istərdim. Biz Sizinlə daim əlaqə saxlayırıq. Hərbi əməliyyatlar başa çatandan sonra ötən səkkiz ay ərzində, zənnimcə, yanvar ayında Moskvada şəxsən görüşümüz və telefon söhbətlərimiz vəziyyətin sabitləşdirilməsi işində çox mühüm rol oynayıb. Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik. Düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq”.

Bu abzas o deməkdir ki, Vladimir Putin Nikol Paşinyana imzalatdırdığı bəyanatların yerinə yetirilməsini təmin etməlidir. İlham Əliyev bu abzasda bir neçə dəfə “münaqişədən sonrakı dövr” ifadəsini işlədib. Azərbaycan üçün münaqişədən sonrakı dövr sülh sazişinin imzalanması, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünün tanınması, sərhədlərin müəyyənləşməsi və Qarabağdakı fəaliyyətimizin davamı deməkdir.

İlham Əliyev Vladimir Putinlə qapalı görüşdə böyük ehtimalla ona Qarabağda aparılan quruculuq işləri barədə məlumat verib və Rusiya şirkətlərini də bölgədəki çalışmalara dəvət edib. Ancaq bir ölkə ki, səfirinə Şuşaya getməyi qadağan edib, həmin ölkənin rəhbərliyinin şirkətlərinə işğaldan azad edilmiş bölgələrdə fəaliyyətə “yaşıl işıq” yandıracağını gözləmək yersizdir. Əsas odur ki, Rusiya bizə Ermənistanla sərhədi müəyyənləşdirməyə mane olmasın. Növbəti hədəfimiz isə Qarabağın tamamında qayda-qanun yaratmaq olacaq. Bunu bölgədə yerləşən rusiyalı hərbçilər etməyəcəklər, özümüz edəcəyik. Kreml sahibi heç şübhəsiz Azərbaycan Xarici İşlər Nazirliyi ilə Müdafiə Nazirliyinin bəyanatlarında “Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələri” ifadələriylə tanışdır. Bu məsələdə kompromisin limiti bizim üçün 5 ildir, 1ili başa çatmaq üzrədir, 4 ildən sonra rusiyalı hərbçilər Qarabağı tərk etməlidirlər. Buna həm özümüz, həm də Moskva hazır olmalıdır”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər