4 İyul - 04:55
Qadına qarşı o qədər eşşəkliklər etmişik...

Qadına qarşı o qədər eşşəkliklər etmişik...

Sosial

26 May 2022 11:17 576


Gündəmimiz abstrakt bir boşluq içərisindədir: ərin ayağını yumaq olar, yoxsa yox?

Razılaşanlarla işimiz yox, razılaşmayanlara növbəti sual gəlir: bəs o suyu içmək necə, mümkündürmü?

Bu soxasoxda daha bir abstrakt iddia çıxır ortaya: ifadəni işlədib aləmi qarışdıran Lalə Azərtaş özü niyə keçmiş ərinin ayaqlarını yumur, suyunu içmir, ailəsindən ayrılırdı?!

Üstəlik bizim radikal feministlər mikrofonu ələ alıb topa növbəti güllələri qoyurlar. Haqsız da sayılmazlar, insafən. Qadına qarşı o qədər eşşəkliklər etmişik, ayaqlarımızı nəinki yumaq, kəsib atsalar belə yeri var.

Başqa bir sual da yorur beynimizi: madam xalqımızın dilində belə bir ifadə işlənir, bəs yerində olmayan nədir?

Niyə durduğumuz yerdə bu abstrakt boşluğun içinə düşmüşük?

Deyim.

Dilimizdə bu kəlmələr həm idiomatik ifadə, həm də mübaliğə kimi işlənir. Qafaları qarışdıran da budur. Əslində, bizim bütün xalq yaradıcılığı, klassik şeirlər, hətta modern şeir və nəsrimiz seksist ifadələr və situasiyalarla doludur. Yəni əsasən kişi mərkəzçidir və qadın mənsubluğu zaman-zaman aşağılanır. Bu yanaşma bizim arxetipimizə oturub. Bir məmləkətdə ki, arvad sözü təhqir kimi işlənir və cinsi akt qarşı tərəfi söymək vasitəsinə çevrilir belə şeylərə əsəbiləşmək məntiqsizlikdir.

Lakin insafən “ayağını yuyub suyunu içmək” idiom-mübaliğəsində cinsi diskriminasiya yoxdur, çünki eyni sözü kişiyə də söyləmək olar. Misal üçün, çox dəyərli bir xanımla ailə quran dostuna deyə bilərsən: “Get xanımının ayağını yu, suyunu iç!” Yəni onu çox sev, qədir-qiymətini bil.

Məsələ bu qədər sadədir:

Lalə Azərtaşa heç nədən reytinq lazım idi - yığdı;

Sosial şəbəkə əhli müzakirə etməyə mövzu axtarırdı - tapdı;

Feministlər də fürsəti fövtə verməyib öz haqlı qəzəblərini ifadə etdilər.

Lakin söhbətin səngiyən vaxtı hamımız amansız bir boşluğun içinə düşdük.

Zira söhbət əvvəldən boş başlamışdı.

Yazımın məqsədi hamımızı bu abstrakt boşluqdan qurtarmaqdır. Konkret təklif verirəm: Bakı Dövlət Universitetinin qarşısındakı kitab sərgisinə gedin, Yuval Hararinin bir-iki kitabını alın və oxuyun.

Sizi əmin edirəm, bundan sonra heç bir mücərrəd boşluğa düşməyəcəksiniz. (Bakupost.az)

Şərif Ağayar


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!