Xəbər verdiyimiz kimi Rusiyanın rəsmi informasiya agentliyi “Sputnik”in Azərbaycan bürosunun şef redaktoru, təcrübəli və istedadlı jurnalist Mətin Yaşaroğlu işdən çıxarılıb. Bu haqda müxtəlif fikirlər səsləndirilir. Qeyd olunur ki, M.Yaşaroğlu Sputnik Azərbaycandan məhz erməni təbliğatına qarşı olduğuna, ermənilərin maraqlarının birbaşa və ya dolayısı ilə təmin edilməsinə imkan vermədiyinə görə belə ədalətsizliklə üzləşib. Onunla yanaşı, agentlikdə çalışan, milli və dövlətçilik maraqlarına sadiq digər əməkdaşlara da həmişə xoş olmayan münasibət sərgilənib.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Elçin Mirzəbəyli “Yeni Sabah”a açıqlamasında deyib ki, konkret tərəflər məsələnin mahiyyəti haqqında ictimaiyyətə məlumat versə, yaxşı olardı:
“Bu məsələ ilə bağlı yalnız sosial şəbəkələrdə ayrı-ayrı şəxslərin yazdıqlarını oxumuşam. Eyni zamanda bəzi kütləvi informasiya vasitələri konkret hər hansı mənbəyə istinad etmədən öz yanaşmalarını ortaya qoyurlar. Yaxşı olardı ki, konkret tərəflər məsələnin mahiyyəti haqqında ictimaiyyətə məlumat versinlər. Hazırda Mətin Yaşaroğlu özü nə üçün işdən çıxarıldığını və ya getdiyini mətbuata açıqlamayıb , bu barədə danışmaq istəmədiyini bildirib. Digər tərəfdən “Sputnik” agentliyindən bu haqda hər hansı mövqe yoxdur. Belə olduğu təqdirdə mən şayiələrə əsaslanaraq fikir bildirməyim doğru olmaz. Əgər doğurdan da Mətin Yaşaroğlu məhz ermənilərlə bağlı gedən yazılara və Azərbaycan maraqlarına zidd olan məsələlərə görə etiraz əlaməti olaraq işdən gedibsə, yaxud çıxarılıbsa, təbii ki, bu çox ciddi hadisədir. Amma bu məsələ artıq media kontekstindən çıxır və tamamilə ciddi bir müstəviyə daxil olur. Yox əgər belə bir hadisə baş verməyibsə, bu sadəcə şayiədirsə, bütün hallarda şayiənin özünə də aydınlıq gətirilməlidir. Bütün məsələlərə hüquqi müstəvidən yanaşmaq lazımdır”. Pepperoni pizza
E.Mirzəbəyli bildirib ki, hər hansı məsələ haqqında xəbər yayanda, münasibət bildirəndə tərəflərə müraciət edib, mövqelərini öyrənmək lazımdır:
“Bu prosesdə mən tərəf deyiləm. Amma bir mətbuat nümayəndəsi kimi ümumi prinsiplər haqqında danışa bilərəm. Bu da ondan ibarətdir ki, Azərbaycanda fəaliyyət göstərən bütün mətbuat orqanları hansı status daşımalarından asılı olmayaraq, ilk növbədə dövlətin maraqlarını ifadə etməli və qorumalıdırlar. Yenə deyirəm, yaxşı olar ki, məsələyə konkret tərəflər aydınlıq gətirsin. İndiki halda mən sadəcə şayiələrə münasibət bildirirəm. Tərəflərin mövqeyi ilə bağlı ortada məlumat yoxdur. Belə halda konkret olaraq kimisə ittiham etsəm, kökündən yanlış yanaşma olar. Çünki mənim də əlimdə hər hansı məlumat yoxdur. Hətta Mətin Yaşaroğlu ilə bu barədə danışmamışam. Həmçinin “Sputnik” agentliyinə də müraciət etməmişəm. Söhbət media nümayəndəsindən gedirsə, ona qarşı hər hansı yanlışlıq baş veribsə və ya hər hansı məsələdə Azərbaycan maraqlarının qorunmadığını hiss edibsə, bu haqda fikirlərini bildirməlidir. Və ya bildirmək istəmirsə, bir insan ehtiyac duymadığı halda, həmin şəxsi müdafiə etməyim, şayiələrə istinad edərək fikir səsləndirməyim məntiqə uyğun deyil”.
Günay Rəsulqızı
Telegram kanalımız