Surət Hüseynov və Priqojin “qardaşlığı”

saytların hazırlanması

Evə çatdırılma

Surət Hüseynov və Priqojin “qardaşlığı”

Siyasət

01 Avqust 2023 11:31 1468


Yevgeni Priqojin iyun ayının sonlarında Rusiyada hərbi qiyama qalxanda sosial şəbəkələrin Azərbaycan seqmentində onu “qiyamçı polkovnik” Surət Hüseynova oxşadanların sayı çoxluq təşkil edirdi. Əslində, tarixi hadisələrə baxsaq, görərik ki, Priqojin və Hüseynovun tutduğu yol, etdiyi hərəkətlər tamamilə eynilik təşkil edir.  

Tarixə ekskurs etsək, görərik ki, biri 1993-cü ilin 4 iyununda Gəncədə qiyam başladaraq, hakimiyyəti devirmişdisə, digəri 30 il sonra eyni ayda Putin rejimini devirməyi qarşısına məqsəd qoymuşdu. Yaxud biri Nəvahi postuna qədər gəlib çıxmışdısa, digəri də Moskva vilayətinin yaxınlığına qədər gəlib sonradan geri qayıtmışdı. Amma Hüseynovla Priqojin arasında tək fərq birinin vətən xaini adı altında həbsi oldusa, digərinin isə bir günün içində ona qarşı açılan cinayət işlərinə xitam verilməsi faktı idi.

Tarix bir çox ölkələrdə hərbi qiyamlar görüb. Hərbçilərin hakimiyyəti ələ keçirməsindən sonra yaranan hərbi xuntalar, həmin hərbi xuntanın daxilindəki üsyançı komandirlərin yenidən çevriliş etməsi və s. Hərbçilərin siyasətə qarışması isə hər zaman tarixi faciələrə rəvac verib. Yalnız topun-tüfəngin dilini anlayan kəslərin birdən-birə işıqlı kabinetlərdə dövləti idarə etməyi sonradan ya iflasa, ya da vaxtında keçmiş hakimiyyəti devirən hərbçinin özünün devrilməsinə gətirib çıxarıb. Hüseynov da bu qəbildən olan insanlardan biri idi.

1994-cü ildə Azərbaycan Milli Qəhrəmanı adınan məhrum olan Hüseynovun 1997-ci ildə Rusiya həbs edilib Azərbaycana təhvil verilməsindən sonra 2004-cü ilə qədər həbsə yatması onun siyasi fəaliyyətində uğursuzluğa düçar olmasından irəli gəlirdi. Uzun illərdə Rusiyada yaşayan Hüseynov daim qəlbində 93-cü ilin hadisələrini saxlamış, hətta bu günə qədər cəbhəçilərin onu aldatdığını daim dilə gətirmişdi. İndi isə hər şey gecdir. Ya zəlzələdən, ya vəlvələdən Surət Hüseynov 64 yaşında vəfat edib. Bu gün onun adı Azərbaycan cəmiyyətində “vətən xaini” adlandırılır, necə ki Priqojinə də bu damğanı vurublar. Amma reallıq budur ki, Hüseynov seçimlərində sadəcə siyasi səhvlərə yol verdi. Bir daha təkrar etmək yerinə düşər: “Yalnız topun-tüfəngin dilini anlayan kəslərin birdən-birə işıqlı kabinetlərdə dövləti idarə etməyi sonradan ya iflasa, ya da vaxtında keçmiş hakimiyyəti devirən hərbçinin özünün devrilməsinə gətirib çıxarıb”. Hansı ki, bu tendensiya bu gün də davam edir. Əsrlər keçsə də, “kral öldü, yaşasın yeni kral” şüarı bir çox cəmiyyətlərin beynindən silinəsi deyil.

Növbə isə Priqojindədir. Vaxt tapan kimi onun da “fatehə”si mütləq bir gün oxunacaq. Tarixi qaliblər yazırsa, mütləq məğlubiyyətlərin günahını bir insanın boynuna atmaq şərtdir. Priqojin və Hüseynov “süddən çıxan ağ qaşıq” olmasalar belə, biri Ukraynadakı məğlubiyyətlərin “günah keçisi” seçilibsə, digəri də Qarabağın itirilməsində əsas baiskarlardan biri olaraq qələmə verilmişdi. İndi Hüseynov haqq dünyasındadır. “Allah Surətin evini yıxsın” deyənlərin qarğışları onu 64 yaşında tutdu. İlahi ədaləti isə qoy Allah versin.

Rafi Müslümov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!