Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Tahir Zəngilan”a 2 il  6 ay həbs cəzası verildi
17 İyn 2021 17:39
2570

“Tahir Zəngilan”a 2 il  6 ay həbs cəzası verildi

2020-ci ilin iyulunda Bakıda keçirilmiş Orduya dəstək yürüşünü başladanlardan biri olduğunu deyən Tahir Heydərov 2 il 6 ay azadlıqdan məhrum edilib. İyunun 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Sosial şəbəkələrdə "Tahir Zəngilan" kimi tanınan Heydərov narkotik ittihamlı ilə təqsirli bilinib.

Amma hökmdən öncə məhkəmədə son sözünü deyən Heydərov bu ittihamın saxta olduğunu, siyasi sifarişlə həbs edildiyini vurğulayıb. O bildirib ki, haqqı olanı tələb etdiyinə görə bu gün dəmir barmaqlıqlar arxasındadır.

"Biz bu dövlətin düşməni deyilik"

"Məni tutan polislərin özləri də etiraf elədilər ki, bu iş sifarişdir. Mən qarabağlıyam. Qarabağı tələb eləmişəm, əcəb eləmişəm. Buna görə adamı şərləyib türməyə salarlar? Biz bu dövlətin düşməni deyilik. Vicdanlı adamlara böhtan atanlar, insanları şərləyib, ailələri ağlar qoyanlardır xalqın düşməni...", – Heydərov son sözündə belə deyib.

O əlavə edib ki, nə narkotikdən istifadə edib, nə də onun satışıyla məşğul olub. (Azadliq.org)

Heydərov CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə suçlanırdı. Bu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. İddia olunurdu ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onu saxlayarkən cibindən külli miqdarda (6 qram) narkotik maddə tapılıb.

Məhkəmə bu ittihamı CM-in 234.1 (satış məqsədi olmadan narkotik əldə etmə, saxlama) maddəsinə tövsif edib və Heydərovun 2 il 6 ay azadlıqdan məhrum edilməsi haqda hökm çıxarıb. O, 2020-ci ilin oktyabrından həbsdədir.

Onun ailə üzvləri AzadlıqRadiosuna bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək: "Bu hökm də bizi qane edə bilməz. Günahsız bir adamı evinin yanından tut apar, işgəncəyə məruz qoy, sonra da 2 il yarım cəza ver... Biz necə razı qalaq?".

Heydərov məhkəmədə ifadə verərkən bildirib ki, oktyabrın 15-də Lökbatan qəsəbəsində yaşadığı yataqxananın yaxınlığındakı kafedə dostu ilə birlikdə oturduğu vaxt polislər onları tutub Qaradağ rayonu, 10-cu polis bölməsinə aparıblar. Yolda gedərkən cibinə narkotik maddəni atıblar. Onun sözlərinə görə, həm 10-cu polis bölməsində, həm də Baş Narkotiklərlə Mübarizə İdarəsində işgəncələrə məruz qalıb, ailə üzvləri ilə təhdid olunub.

Məhkəmədə dindirilən polis əməkdaşları isə onun cibinə narkotik atılması və işgəncəyə məruz qalması haqda dediklərini təkzib edib.

2020-ci ildə Ermənistanla Tovuz istiqamətində döyüşlərdən sonra iyulun 14-də Bakda orduya dəstək yürüşü keçirilib və orada olaylar yaşanıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub. Bu cinayət işi üzrə həbs olunanlara özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. Təqsirləndirilənlərin işi üç qrupa ayrılıb. Bir qrupuna bu həftə şərti cəza kəsilib.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər