30 Sentyabr - 00:28
Təkcə arı bizimdir, qalan hər şey xaricdən gəlir: Azərbaycanda balın qiyməti qalxır... 

Təkcə arı bizimdir, qalan hər şey xaricdən gəlir: Azərbaycanda balın qiyməti qalxır... 

Sosial

15 Avqust 2022 16:02 885


Azərbaycan Arıçılar Assosiasiyasının prezidenti Bədrəddin Həsrətov bir müddət öncə balın qiymətinin qalxmasını arı üçün lazım olan məhsulların -bidon və dərmanların belə, ölkəyə xaricdən gətirilməsiylə əsaslandırmışdı. 

Durumu Yeni Sabah-a şərh edən iqtisadçı Rəşad Həsənov bildirib ki, Azərbaycanın varlı dövlət olmasının yeganə səbəbi neftdir. Bunun əvəzində də ölkəyə valyuta gəlir:

“Azərbaycan iqtisadiyyatını inkişaf etdirən səbəb iqtisadi aktivlik, iqtisadi sektorların inkişafı, istehsal gücünün artması və yaxud insan kapitalının güclü olması deyil. Yəni, Azərbaycanda təkcə, dediyiniz sahədə deyil, bütün sahələrdə xüsusilə də istehsal sahələriylə əlaqədar yan sahələri, yəni, klasterlərin (qrupların) formalaşmasıyla bağlı  problemlər  var. 

“Nə üçün bizdə  yerli istehsal məhsullarının qiyməti əksər hallarda xaricdən idxal olunan məhsullarla paralel olaraq artır?” sualını bu cür cavablandıra bilərik:

Yerli istehsal olunan məhsulların da maya dəyərinin 60-70 faiz, bəzən 80 faiz xammalı idxalı prosesindən asılıdır. Bu da istənilən halda  qiymətlərin  artmasını şərtləndirir.

Mən Bədrəddin Həsrətovun  bu cür açıqlamasınının səbəbini dolğun hesab etmirəm. Xaricdən ləvazimatların alınması təbiidir. Bunların baha alınması maya dəyərində də öz əksini tapır. Balın maya dəyərinin formalaşmasında əmək tutumuna da nəzər salmaq lazımdır. Yəni, əmək tutumunun qiyməti əvvəli kimi deyil. İstehsalçı əldə etdiyi gəlirləri, alıcılıq gücünü qorumaq istəyirsə onda bütün məhsulların xidmətlərin yüksəldiyi dövrdə öz məhsulunun da qiymətini yüksəltməyə, mənfəət normasını artırmağa məcburdur. 

Əgər, mənfəət norması artırmasa, yoxsullaşmasına səbəb olacaq, bununla da alıcılıq gücünü itirəcək. Burda sadalanan faktorlarla yanaşı, eyni zamanda  istehsalçıların formalaşan yeni bazar şərtlərində  öz mənfəət normalarını artırması məsələsi də dayanır”.

“Azərbaycan dövlətinin bu mənada sahibkarlara dəstəyi hansı formada ola bilər?” sualına isə iqtisadçının izahı belə oldu:

“Dövlətin iqtisadiyyatdan çəkilməyi kifayətdir. Özəl sektorların inkişafı diqnostikaları da birinci növbədə, dövlətin iqtisadiyyatdan çəkilməli olduğunu göstərir. Bütün sahələrdə dövlət müəssisələri fəaliyyət göstərir. Dövlət istehsalla, iqtisadi fəaliyyətlə məşğul olmamalıdır. 

Bundan başqa, Azərbaycanda liberal biznes mühitinin formalaşması üçün  fundamental dəyişikliklərə gedilməlidir.  Mülkiyyət hüquqlarından, məhkəmə-hüquq sisteminin inkişafından tutmuş Azərbaycanın xarici iqtisadi bloklarda təmsilçiliyinə, bu bloklara qoşulmasına qədər Ümumdünya Ticarət Təşkilatıyla sazişin imzalanması məsələləri vacib  faktorlardan biridir. 

Bunlar bir-biriylə əlaqəlidir. Yəni, burada o dəyər zəncirinin hər hansı bir halqası pozulsa, bu pozulma bütün sahələrdə “domino effekti”ylə özünü göstərir. 

Çox ciddi islahatlara ehtiyac var. Bunlar yavaş-yavaş aparılan islahatlarla həllini tapan məsələ deyil. Azərbaycan  yerli və xarici investorları burada vəsait qoymağa, işləməyə və onlara müdaxilə olunmayacağına inandırmalıdır. 

Baxın, biz 2015-ci iqtisadi böhranından sonra  bu nüansları diqqətə çatdırırıq. Amma 2021-2022-ci illərdə həbs olunan icra hakimlərinin nə qədər biznesə müdaxilə, rüşvət alma, korrupsiya ilə məşğul olma faktları ortaya çıxdı. Bütün bunlar, o cümlədən, monopoliya aradan qalxmalıdır. Gömrük siyasəti dəyişməlidir. Bunlar bəsit məsələlər deyil”.

İmamət İSMAYILOVA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!